“Bölgədəki rus özbaşınalığına son verməliyik” - Effektiv yol...

“Bölgədəki rus özbaşınalığına son verməliyik”
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb.
SİAM.AZ xəbər verir ki, silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşımasına yardım edirlər.

Qeyd edək ki, söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə “postlararası” sursat və şəxsi heyət daşımasından gedir. “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil.

Bu addımların təxribata hesablandığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, Rusiyanın birbaşa Azərbaycana hücum əmri verəcəyini bəlkə də iddia edə bilmərik:

"Lakin fakt ondan ibarətdir ki, Kremlin bölgədəki qeyri-qanuni birləşmələri silahladırmaqla, rəsmi Bakıya qarşı özünə təsir vasitəsi yaradır. Yəni bu vasitə ilə Azərbaycanın müstəqil xarici siyasətinə müdaxilə etməyə və özünə uyğun qərarların verilməsinə çalışır. Təbii bölgədə olan etnik erməni separatçılar bunun üçün ən effektiv vasitədir".

Ekspertin sözlərinə görə, Ermənistandan bölgəyə silah daşınması mümkün deyil:

" Çünki Laçın yolunda nəzarət buraxılış məntəqəsi quraşdırılıb və hər şey bizim nəzarətimizdədir. Ancaq rus sülhməramlıları əllərində olan imtiyazlardan və rəsmi Bakının xoşməramlı niyyətindən istifadə edərək, bölgədəki problemlərin davamına çalışır.

O ki qaldı, silah daşınmasına yardım edən sülhməramlıların imtiyazlarının alınmasına, bu çoxdan labüd hall alıb. Hətta biz gecikirik də deyə bilərik.

Çünki rəsmi Bakının əllərində bu neqativ hallarla bağlı faktlar var. Ona görə də bundan istifadə edərək bölgədəki rus özbaşınalığına son verməliyik.

Bunu ən effektiv yolu isə rus sülhməramlı missiyasının BMT mandatının olmamasını əsas gətirərək bölgədən çıxarmaqdan ibarətdir".
Tarix: 18-05-2023, 20:38
Xəbəri paylaş





Xəbər lenti