İndi də “Meymun çiçəyi” virusu yayılır - Ancaq kişilər yoluxur


Böyük Britaniya və Portuqaliyanın ardınca meymun çiçəyi xəstəliyinə yoluxma İspaniyada da aşkarlanıb.
 
Pravda.az xəbər verir ki, bu barədə İspaniya tibb rəsmiləri bildirib.
 
İspaniyanın səhiyyə orqanları 8 nəfərdə Böyük Britaniya və Portuqaliyada aşkar edilmiş virus ilə uyğun gələn simptomlar aşkarladıqdan sonra meymun çiçəyi xəstəliyinin baş verməsi ilə bağlı xəbərdarlıq edib.
 
Xəstəlik Madrid bölgəsində qeydə alınıb, ancaq onlar hələ rəsmi olaraq təsdiqlənməyib. Madrid regional səhiyyə departamentinin sözçüsü, şübhəli halların qəti diaqnozunu müəyyənləşdirmək üçün Milli Mikrobiologiya Mərkəzi tərəfindən təhlil aparıldığını bildirib.
 
"Ümumiyyətlə, meymun çiçəyi tənəffüs yolu ilə yayılır, lakin səkkiz şübhəli hadisənin xüsusiyyətləri maye ilə təmasın olduğunu göstərir. Madriddə səkkiz şübhəli hadisə kişilərlə cinsi əlaqədə olan kişilər arasındadır. Onların vəziyyəti yaxşıdır, lakin bu xəstəlik xəstəxanada müalicə tələb edə bilər",- səhiyyə departamentinin sözçüsü deyib.
 
İspaniyanın təcili tibbi yardım mərkəzinə rəhbərlik edən epidemioloq Fernando Simon, meymun çiçəyinin əhəmiyyətli dərəcədə yayılmasının çətin olduğunu deyir. Ancaq bunun baş verə biləcəyini də istisna etmir.
 
Portuqaliyada beş xəstəlik halı təsdiqlənib, daha 15 şübhəli hadisə isə araşdırılır. Portuqaliyada da virusa yoluxlanların hamısı kişidir.
 
Virus ilk olaraq Böyük Britaniyada qeydə alınıb. İlk yoluxanlardan biri Nigeriyadan səfərdən qayıdan bir nəfərdir. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ən son halların dördü də homoseksual və ya biseksual kişilərdə qeydə alınıb.
 
Meymun çiçəyi xəstəliyinin ilkin əlamətlərinə qızdırma, baş ağrısı, əzələ ağrıları, şişkin limfa düyünləri və titrəmə daxildir. Suçiçəyi və ya sifilisə bənzəyə bilən səpgi də inkişaf edə və üzdən bədənin digər hissələrinə, o cümlədən cinsiyyət orqanlarına yayıla bilər. Virusa yoluxanların əksəriyyəti bir neçə həftə ərzində sağalırlar.
 
Qaynarinfo
Tarix: 19-05-2022, 21:44
Xəbəri paylaş





Xəbər lenti