Virusa ilk yoluxma halı Böyük Britaniyada müəyyən edildikdən sonra bütün Avropada aşkar olunmağa başlayıb - İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İsveçdəki ictimai səhiyyə xidmətləri meymun çiçəyinə yoluxma hallarını təsdiqləyib. İsrail və İsveçrə meymun çiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqlədikdən sonra yoluxma halının qeydə alındığı ölkələrin ümumi sayı 14-ə çatıb. Son məlumatlara görə, meymun çiçəyinə Avropa, ABŞ, Kanada və Avstraliyada 80-dən çox yoluxma hadisəsi təsdiqlənib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əlaqəli ölkələrin adlarını çəkmədən daha 50 şübhəli hadisənin araşdırıldığını bildirib. Eyni zamanda ÜST yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu da qeyd edib.
Bu gözlənilməz epidemiyanın niyə məhz indi baş verdiyi hələlik aydın deyil. Bu naməlumluq da özü ilə bərabər müəyyən şübhələr gətirib. 2022-ci ilin əvvəlində “Microsoft”un qurucusu Bill Qeyts koronavirusdan daha pis ola biləcək pandemiya barədə xəbərdarlıq edib və hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlar ayırmağa çağırmışdı. Bu barədə “Financial Times”ın yaydığı məlumatda bildirilirdi ki, koronavirusun "Omicron" və "Delta" ştamları indiyədək ən çox ötürülən viruslar arasında olsa da, dünya ölüm və ya ağır xəstəliyə daha çox səbəb olan patogenlə üzləşə bilər.
Məlumatda gələcək pandemiyaya hazırlaşmaq üçün yeniliyin böyük hissəsi HİV peyvəndi, vərəm və malyariyaya qarşı daha effektiv peyvəndlər faydalı ola biləcəyi də qeyd edilirdi. İndi bir çox insanı düşündürən suallardan biri budur: meymun çiçəyi virusunun yayılması təsadüfdür, yoxsa...?
Britaniyanın səhiyyə naziri Sajid Javid virusa yoluxanların əksəriyyətinin xəstəliyi yüngül formada keçdiyini deyib. O, meymun çiçəyi virusundan qorunmaq üçün təbii çiçək xəstəliyinə qarşı peyvənd ehtiyatı hazırlandığını bildirib: “Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər”.Virusun ilkin simptomları qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıqdır. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər.
Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir. Virus yaxın təmasla keçir. Bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər. O, həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayıla bilər.
Əksər yoluxanlar xəstəliyi yüngül keçirir. Bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur. Meymun çiçəyinin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar.
Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib. Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil. İspaniyanın minlərlə vaksin dozası sifariş etməyə hazırlaşdığı bildirilir. Bu da özlüyündə daha bir şübhəyə yol açır: anidən yeni virusun yayılması, bu barədə təlaşlı xəbərlər peyvənd biznesinəmi xidmət edir?
Meymun çiçəyi virusunun COVID-19 kimi geniş və kütləvi yayılması mümkündürmü? Bu ehtimal insanları narahat etməlidirmi? Bu suala Britaniyadakı Nottingham Universitetinin molekulyar virusologiya professoru Jonathan Ball belə cavab verib:
"Meymun çiçəyinə yoluxmuş ilk pasiyentin 50-dək təmaslarından yalnız birinin yoluxması infeksiyanın yoluxduruculuq qabiliyyətinin nə qədər zəif olduğunu göstərir. Ümummilli epidemiyanın astanasında olduğumuzu düşünmək yanlışdır".AYNA-nın həmsöhbəti həkim-farmakoloq Müşfiq Hüseynov meymun çiçəyi ilə bağlı bir sıra məqama toxunduqdan sonra qeyd edib ki, prinsipcə, su çiçəyinə qarşı peyvənd olunmuş şəxslərin meymun çiçəyi virusuna yoluxma ehtimalı yoxdur: “Meymun çiçəyi və su çiçəyi təxminən eyni virusdur. Bu virus da 70 ildən çoxdur ki, bəllidir və vaksin vasitəsilə 80-ci illərdə sona çatıb. Bizim hamımıza sovet dövründən bu virusa qarşı peyvənd vurulur. Ciddi xəstəlik sayılmır, ciddi də problem yaradacağını düşünmürəm”.
“Maraqlıdır ki, mənşəyi Şimal və Qərbi Afrika ölkələrinə aid olsa da, indi dünyanın ən inkişaf etmiş ölkələrində bu haqda daha çox danışırlar. Maraqlı faktlardan biri də budur ki, Britaniyada yoluxanların hər 9 nəfərdən 6-sı LGBT üzvüdür. Cinsi yolla keçmə faktı var. Nəfəs yolu ilə də yoluxma mümkündür, amma bu hallar çox azdır. Buna görə xüsusi tədbirlər keçirilməsi, informasiyaların şişirdilməsi, əhali arasında panika yaradılmasını düzgün hesab etmirəm. Peyvəndin varsa, bu, ömürlükdür”, - deyə mütəxəssis söyləyib.
Onun sözlərinə görə, hansısa ölkə hansısa sayda peyvənd sifariş verirsə, bu, yeni doğulmuş uşaqlara aiddir: “Əgər kimsə uşaq və ya gənc vaxtı bu vaksini vurdurmayıbsa, onlarda yoluxma ola bilər. Ancaq vaksin vurdurmuş şəxsin yoluxma ehtimalını qəbul etmirəm. Modifikasiya olunmuş və hal dəyişmiş şəklinə yoluxma halı ola bilər, amma bu barədə hələlik elmi araşdırma və sübut yoxdur”.
Həkimin fikrincə, dünyanın diqqətini başqa problemə - gözlənilən ərzaq böhranına çəkmək üçün belə xəstəlik təlaşı yaradılması mümkündür: “Məncə, meymun çiçəyi virusu ilə bağlı xəbərlərin şişirdilməsi düzgün deyil. Hesab edirəm, bu, yaxınlaşmaqda olan ümumdünya qida böhranından diqqət yayındırmaq üçündür. Təxminən sentyabr ayından sonra bu böhran gözləniləndir”.“Ukrayna-Rusiya müharibəsinin ən qaynar fazasında Çində yeni koronavirus dalğasının başlanması, Şanxayda qapanmalar, insanların küçəyə çıxma qadağası ilə bağlı məlumatlar tirajlanmağa başladı. Bunun birmənalı şəkildə siyasi məqsədlə edildiyini bildirmişdim. Çünki dünya üzrə COVID-19 pandemiyasının bitməsini keçən ilin noyabr-dekabr aylarından təxmin etmişdim və mart ayında bitəcəyini söyləmişdim. Bu virus bitib. Bundan sonra nə olacaqsa, məqsəd spekulyasiya olacaq”, - deyə Hüseynov vurğulayıb.
Əlavə edib ki, hələlik meymun çiçəyi virusuna xüsusi diqqət ayırmağa, əlavə tədbirə, vaksin alınmasına ehtiyac yoxdur: “Dünya daha ciddi problemlə – qida böhranı ilə üz-üzədir. Dövlətlər buna qarşı xüsusi bir tədbir görəsə, daha məqsəduyğun olar, nəinki ÜST kimi reputasiyası çox pis, boğaza qədər korrupsiyaya bulaşmış təşkilatın peyvənd biznesinə qoşulmaq”.