Uşaq otağında kondisioner: sətəlcəm, allergiya…
Yay fəslini kondisionersiz təsəvvür etmək mümkün deyil. İsti havalarda təbii olaraq kondisionerə olan tələbatımız da artır. Amma ondan düzgün istifadə olunmadıqda o insan orqanizmində bir sıra zərərlər törədir. Belə ki, kondisioner havası yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə gətirib çıxara bilər. Ümumiyyətlə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütlələri birbaşa insanlara təmas etməsin, otağa yayılsın.
Bəs, uşaqlı ailələrdə kondisionerdən necə istifadə etmək lazımdır?
Pravda.az-ın məlumatına görə, kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır.
Mütəxəssislərin sözlərinə görə, kondisionerin filtrləri müxtəlif xəstəliktörədiciləri özündə saxlayır. Bu isə uşaqlarda soyuqdəymədən başlayaraq sətəlcəmə qədər müxtəlif problemlər yaradır. Ona görə də filtrlər tez-tez təmizlənməlidir.
Uşaqlı evlərdə havanı qurutduğuna görə nəmləndiricilərdən istifadə etmək məsləhətdir və ya pəncərələri vaxtaşırı açıb ventilyasiya yaratmaq gərəklidir. Məsələn, çöldə havanın temperaturu 40 dərəcə və ya ondan çoxdursa, evdə birdən-birə temperaturu 18 dərəcəyə endirmək olmaz. Çünki uşaq orqanizmi kəskin temperatur, hava dəyişikliyinə dözə bilmir. Tədricən otaqdakı hava 22-25 dərəcə tənzimlənsə yaxşı olar.
Tarix: 10-06-2022, 07:51