Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova: Qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz


Vətəndaşı soymaq üçün yeni üsul: Səhiyyə Nazirliyi “AZAL”-a qazanc yeri açır 



“Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləridir. Artıq dünyada sürətlə yayılan meymunçiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb. Belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır”. 
Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova "Xəzər Xəbər"ə bildirib ki, ümumiyyətlə, koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa, xaricdən gələn hər bir şəxsin karantinə alınması məsələsi də gündəmə gələ bilər.
Onun sözlərinə görə, ümumiyyətlə, yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.
Ekspert əlavə edib ki, belə olan halda qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz.
Qeyd edək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “Dünyada COVID-19-a yoluxma sayı kəskin azalıb. Pandemiya geridə qalmaq üzrədir”, - deyib. 
Azərbaycanda COVID-a yoluxma sayında kəskin azalma müşahidə olunur. Azərbaycanda gündəlik yoluxma sayı minimuma enib. Milyonlara insan peyvənd olunub, yüz minlərləsi isə koronavirusdan sağalıb. Bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 748 min 483-dür. Ötən gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. 
Onu da vurğulayaq ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb. Ölkədə pandemiya ilə bağlı qadağalar ləğv edilsə də, bəzi məhdudiyətlər qalır. Məsələn, hələ də iri ticarət mərkəzlərində COVID-19-a qarşı 3-cü doza peyvəndi təsdiqləyən sənəd tələb edilir. Bəzi məkanlarda da bu pasportun tələbi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Eləcə də penitensiar müəssisələrə hələ də PCR testlə giriş qaydası qüvvədədir. Bu isə onunla əlaqələndirilir ki, sözügedən tələb infeksiyanın yayılma riskinin azaldılması məqsədilə ləğv edilməyib.
Qeyd edək ki, Penitensiar müəssisələrdə PCR test tələbi Nazirlər Kabinetinin yox, Ədliyyə Nazirliyinin daxili qaydada tətbiq etdiyi məhdudiyyətdir. Aprelin 15-dən etibarən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təqdim etmək tələbi ləğv olunub. COVID-19-la bağlı hazırda qüvvədə olan qadağaya uyğun olaraq sahə həkimləri ərazi üzrə evlərdə ailələrə xidmət göstərə bilmirlər. Beləliklə, bu gün pandemiya ilə bağlı ökəmizdə hələ də məhdudiyyətlər var. 
Amma təbii ki, ən böyük qadağa hələ də quru sərhədlərin bağlı olmasıdır ki, aylardır ciddi müzakirə v etirazlar yaradıb. 
COVID-19 əsas gətirilərək quru sərhədləri açılmır. Son günlər isə meymunçiçəyi ilə bağlı məlumatlar yayılsa da, ölkəmizdə hələ ki, müşahidə edilməyib. Qonşu ölkələrdən isə Gürcüstanda bir neçə gün öncə ilk dəfə meymunçiçəyinə yoluxma təsdiqlənib. Türkiyə və Rusiyada bununla bağlı təsdiqlənmiş fakt yoxdur. Belə olan təqdirdə nazirliyin ekspertinin meymunçiçəyi ilə bağlı qadağaya köklənmuş xəbərdarlığı təəccüb doğurur. 
Hələ də COVID-19-un təsirindən xilas olmayan vətəndaşlara növbəti gərginliyi yaşatmağa nə ehtiyac var?
Zatən xəstəlik Azərbaycanda qeydə alınarsa, qərar veriləcək və hökumət yəqin ki, bu məsələdə yubanmayacaq. Belə olan halda indidən əhalini növbəti qadağalara “hazırlamaq” siyasətinin arxasında nə dayanır? Bəlkə nazirliyin ekspertinin bütöv bir açıqlaması “Quru sərhədin açılmasından söhbət belə gedə bilməz” vurğusudur? Quru sərhədlərin qapalı qalmasının “AZAL”-ın cibini doldurduğu bir zamanda Səhiyyə Nazirliyinin buna öz dəstəyini belə açıqlamalarla verməsi də gözlənilən idi... 
Cebhe.info
Tarix: 18-06-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti