Azərbaycanda bu dərmanlar yoxa çıxdı - VİDEO
Dərdimizə dərman almaq üçün üz tutduğumuz apteklərdə hazırda bəzi dərmanlar qəhətə çəkilib. Həkimin təyin etdiyi dərmanı tapıb almaq üçün bəzən günlərlə gəzib, axtarmalı oluruq. Və nəticə olaraq, bütün əczaçılardan eyni cavabı eşidirik. Dərman uzun müddətdir ki, bitib. Artıq depoda da yoxdur. Bu isə təbii olaraq xəstəliyi qarşısında aciz qalan vətəndaşı narazı salır. Yaşanan bu situasiya artıq həkimləri də dilə gətirib. Uzun müddətdir paytaxtdakı apteklərdə bəzi dərman preparatları tapılmır.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yoxa çıxan bəzi dərmanlar həm həkimləri, həm də pasientləri və onların yaxınlarını çıxılmaz vəziyyətdə qoyub. Tapılmayan dərmanlar əsasən psixi, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunan preparatrlardır. Söhbət Haloperidol, 5-NOK, Menovazin, Valerian ekstrakt, Denol, Anaprilin kimi dərmanlardan gedir. Bu preparatlar ölkəmizə əsasən Rusiya, Belarus və Ukraynadan gətirilir.
Əczaçılar da adıçəkilən dərmanların apteklərə gətirilmədiyini deyirlər.
Dərmanların tapılmaması həkimlərə də çətinlik yaradır. Psixiatr Vəfa Şirinova deyir ki, şizofreniya xəstələrinin müalicəsində istifadə edilən "Haloperidol" preparatı son vaxtlar tapılmadığı üçün pasientlərin müalicəsində ləngimələr olur. Vurğulanıb ki, bəzən alternativ dərmanlar tövsiyə edilsə də, onlar da effek vermir.
Məsələyə Səhiyyə Nazirlindən də münasibət bildirilib. Qeyd edilib ki, nazirlik dərmanların ölkəyə idxalı ilə məşğul olmur. Preparatlar ölkəyə ayrı-ayrı özəl şirkətlər tərəfindən gətirilir və apteklərə təhvil verilir.
Tarix: 10-07-2022, 08:58