Azərbaycanda olduğum müddətdə həm öz səhhətimlə, həm də qohumlarla bağlı bir çox klinikalarda, dövlət və özəl xəstəxanalarda oldum.Əksər dövlət xəstəxanalarında durum tək kəlmə ilə ifadə etsək – RƏZALƏTDİR!İnsanlara rəsmən “Çin işgəncəsi” verilir.
Gərəksiz və düzənsiz növbələr, sanki həbsxanaymış kimi günün müəyyən saatında və çox məhdud zamana sığdırılan xəstə ziyarətləri, təmirsiz və baxımsız otaqlar, keyfiyyətsiz cihazlar, natəmiz şərait, səliqəsiz və qaşqabaqlı personal, “hörmət” adı altında dilənçilik və soyğunçuluq, vətəndaşlarla kobud davranış… Qısacası, mənfi olan hər bir hal ilə oralarda rastlaşacaqsınız.
Çox məşhur bir dövlət xəstəxanasının uçuq balkonunda otların və alaq otlarının bitdiyinin və hətta saraldığının şahidi oldum.
Əgər bu gün dövlət xəstəxanalarımızda az da olsa müsbət nəsə varsa, bu çox az sayda olan vicdanlı və peşəkar həkim və tibb işçilərimizin sayəsindədir, səhiyyə sisteminin yox.
Bütün bunların əksinə, özəl xəstəxanalarda səviyyəli xidmət, gözəl şərait, müasir cihazlar, gülərüz, zahirən gözəl personal və s. şahidi oluruq.
Özümdən örnək verim : təxminən 10 gün öncə qastroendoskopiya üçün getdiyim dövlət xəstəxanasında həkimin qəbuluna düşmək üçün 3 saat vaxt itirmişdim. Orada endoskopiyanı da etdirəcəyim halda əlavə 3-4 saat daha itirəcəyimi və oradakı şəraitsizlikdən əsəblərimin gəriləcəyini gördüyüm üçün özəl klinikaya gedərək 155 manat qarşılığında rahat və lüks şəraitdə endoskopiya etdirdim. Heç nəyə də əsəbləşmədim, əksinə, proses zamanı tibbi personalla deyib-gülərək gözəl vaxt keçirdim.
Əslində eyni yüksək şəraiti dövlət xəstəxanalarında da yaratmaq mümkündür və çox asandır. Axı Azərbaycan dövləti həmin özəl klinikaları açan şirkətlərdən daha güclü, daha varlıdır.
Amma düşünürəm ki, bu şəraiti, daha doğrusu şəraitsizliyi bilərəkdən yaradırlar ki, insanlar dövlət xəstəxanalarındakı əziyyətlərdən bezərək, usanaraq özəl xəstəxanalara getmək məcburiyyətində qalsınlar.
Bu isə birilərinin cibinə rahat yolla külli-miqdarda pulların axması deməkdir.Yəni milləti çörəklə imtahana çəkən birilərinin ürəkləri soyumur, sağlıqla da imtahana çəkirlər.
Yəqin ki, düşünürlər dövlət xəstəxanalarında yüksək şərait yaradılarsa, insanlar Azərbaycanda dövlət səhiyyə xidmətlərinin pulsuz olduğunu əsas gətirərək, öz Konstitusion hüquqlarını tələb edə bilərlər. Bu da oraya qoyulan “mayanın” batmasına gətirib çıxarar.
Bir də mənim və yəqin ki, milyonlarla vətəndaşın anlamadığımız bir şey var: Səhiyyə Nazirliyi var ikən TƏBİB niyə yarandı, TƏBİB yarandısa, Səhiyyə Nazirliyi niyə ləğv olunmur?“Qızın iki adaxlısı var???”Zaur Bayramlıwww.yenicag.az
Tarix: 16-07-2022, 23:27