Səhiyyə Nazirliyinə məxsus olan dərmanlar ölkədə tapılmır... – RƏSMİ QURUMLAR SUSUR…
Bir neçə gündür sosial şəbəkələrdə müxtəlif dərmanların qıtlığı haqda yazılar dərc olunur.
Hurriyyet.az xəbər verir ki, bir sıra dərmanların apteklərdə satışının az olması və ya heç satışa gəlməməsinin səbəbi açıqlanmır.
Lakin müəyyən versiyalara görə, həmin dərmanlar indiyədək Rusiya Federasiyasından gəldiyi üçün hazırda bu sahədə ciddi problem yaşanır. Bu səbəbdən də hələlik apteklərdə satışı az olan “Tetraciklin”, “Valerian”, “Avisin -100”, “Pranasin-100”, “Raunatin”, “Atenolol”, “Nurofen” və s. dərmanları əldə etmək çətinləşib.
Yazılanlarla bağlı Səhiyyə Nazirliyinin “qaynar xətti”ndən “operator 22” deyilən əməkdaşı bu dərmanların Rusiyadan Azərbaycana gəlməsini təsdiqliyib. Lakin o, hal-hazırda apteklərdə həmin dərmanların satışının az olmasının səbəbi haqda heç bir açıqlama verməyib.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini Rəşad Mahmudovla əlaqə saxlamaq üçün köməkçisi ilə telefon bağlantısı yaratsaq da, Elçin Hüseynov deputatla əlaqə saxlamağın mümkünsüz olduğunu bildirdi.
Qeyd edək ki, apteklərdə satışı az olan dərmanlar haqqında Gəncə şəhərində manitorinq aparılaraq, “Valerian”, “Atenolol” dərmanları ilə bağlı yaşanan qıtlıq təsdiqini tapıb. Digər dərmanları – “Tetraciklin”, “Avisin -100”, “Pranasin-100”, “Raunatin”, “Nurofen” və s. isə ümumiyyətlə əldə etmək olmur.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini dinləməyə hazırıq.
Tarix: 9-08-2022, 15:08