Son illər Azərbaycanda narkomaniya geniş yayılıb.Statistikaya əsasən, 2000-2005-ci illər arasında bu bəladan əziyyət çəkənlərin sayı 14 min civarında idisə, son beş ildə 20 mindən yuxarı olub.
Hətta 2017-ci ildə 30 131, 2018-ci ildə isə 31 432 nəfər müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub Son vaxtlar Azərbaycanda "patı", "şüşə", "metamfetamin", "kakos" kimi süni narkotiklərin dövriyəsi durmadan artır. Ən pisi odur ki, yeniyetmələr, gənclər bu şəbəkəyə cəlb olunur. Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda üstünlük təşkil edən “şüşə -patı” bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.
Məsələ ilə bağlı Bakı Şəhər Narkoloji Mərkəzinin həkimi, psixiatr-narkoloq, tibb elmləri namizədi Fəzail Sadıqov
Bakupost.az -a müsahibə verib.
- Fəzail müəllim, "patı" deyilən narkotik növü hazırda yeniyetmələr, hətta qızlar arasında geniş yayılıb. Gənclərin ölüm kabusuna çevrilən patı orqanizmə necə təsir edir?
- “Patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir. Belə maddələrdən ən çox tanınanı kokaindir. Lakin “patı”, yəni metamfetamin laborator şəraitdə hazırlanan tam sintetik maddədir. Əhali arasında daha çox "patı" və "şüşə" kimi tanınmasının səbəbi həmin maddənin görünüsünün şüşə qırıntılarını xatırlatmasıdır. “Patı” digər narkotiklərdən çox təhlükəlidir. Çünki psixosimulyatorlar böyük dozada orqanizmə daxil olanda, beyində gedən prosesə təsir edir. Daha aydın olsun deyə belə izah edim. Təsəvvür edin, evdə səhər birdəfəyə 50 stəkan tünd çay içirsiz. Əgər içə bilsəz, ona bənzər effekt alacaqsız. Fizioloji olaraq, insan 50 stəkan çayı içə bilmir, ürəyi bulanır və qusur. Amma o maddəni böyük doza ilə iki-üç nəfəsalma ilə qəbul edənlərdə nə baş verir? Kütləvi şəkildə aktivləşmə başlayır, insan gecələr yatmır. Çox danışır, çox hərəkət edir. O maddənim miqdarı çox olduğu üçün əksər insanlarda hətta psixi pozuntular yaradır. Hətta şizofreneyaya bənzər hal yaranır. Yəni, xəstə sayıqlayır, "məni güdürlər, izliyirlər" kimi fikirlər deyir. Eyni zamanda xəstə 110, 120, 130 ürək döyüntüləri hiss edir. Belə adamlar yemək yemələrinə baxmayaraq, çox kəskin arıqlayırlar.
- "Patı" hansı yaşdan sonra daha çox təhlükəli olur?
- "Patı"nın 40-45 yaşdan sonra bir neçə təhlükəsi var. İnsanda insult, infarkt riski dəfələrlə artır. Təhlükə baxımından “Patı” dediyimiz maddə orqanizm üçün çox təhlükəlidir, nəinki digər narkotiklər...Dünyada ən ağır narkotik kakos, heroin adlanır. Bunlar niyə daha çox təhlükəlidir? Çünki asılılığı güclüdür. İnsanlar onsuz yaşaya bilmir. Lakin onun orqanizmə vurduğu zərərlər “Patı” qədər güclü deyil. Narkotiklərdən birdəfəllik qurtulma şansı bir qədər zəifdir. "Patı"nın asılılığı isə heroin, kakos kimi güclü deyil. Sadəcə olaraq, bu, qara bazarda təklif olunur, insanlar da alıb istifadə edirlər. Beləliklə, kütləvi psixi pozuntu yaranır.
- "Patı" istifadə edən insanların ilkin əlamətlərini necə bilmək olar?
- Heç bir insan ilk dəfədən oturub "patı" çəkmir. Patı çəkənə qədər insan hazırlanıb. Bu adam ən azından uzun müddət siqaret çəkib. Siqaret çəkməyən adam isə ilk dəfədən "patı" istifadə etmir. Psixotropik maddələrin yüngül yayılmış forması siqaretdir. Hansı ki, leqaldır və hər yerdə satılır, alınır, çəkilir. Eyni zamanda öyrəşmə, asılılıq da verir. Lakin bütün siqaret çəkənlərin “patı”dan istifadə etdiyini deyə bilmərik. Onu qəbul edən şəxsi 2-3 gün yatmağa qoymur.
- Siqaret niyə leqal psixoterapik maddədir?
- Siqarət ona görə leqaldır ki, o sosial adaptasiyanı çox pozmur. Əslində bu da narkotik asılılıqdır və insanlar onu tərgidə bilmir. Tərgitsə də əksəriyyət bir müddət sonra yenə başlayır. Sadəcə olaraq siqaretin narkogenik təsiri zəif olduğu üçün siqaretsiz dayanmaq olur. Yəni, heç bir ciddi patologiya olmur. "Patı" qəbul edən insan ondan əvvəl nəsə qəbul edib. Burada psixotropik maddələrin hamısı bir ağacın qol budaqlarıdır. İnsanlar heç nə etməsə də, “patı”ya qədər spirtli, enerji içkilərinin aludəçisi olur. Ən azından "patı"dan qabaq nəsə edir. Bir sözlə, beyində asılılıq var. Zaman-zaman insan nəynənsə nəyi əvəz edir. Sadəcə “patı" termini artıq populyarlaşıb. Cəmiyyətdə bunu satan, alan, bununla mübarizə aparanlar da var.
- "Patı"dan ölüm halı nə vaxt və hansı halda baş verir?
- Bir var, qəfləti ölüm, birdə var tədrici ölüm. Qəfləti ölüm tiryək, kakos, heroindən daha çox olur. İnsanın tənəffüs mərkəzi iflic olur. Tənəffüs mərkəzi hər adamda uzunsov beyində yerləşir. Yəni orada reseptorlar var. Ona görə tiryək, kakos, heroin qəbul edən adamlarda həmin reseptorlar yüksək dozadan iflic oldusa, tənəffüs mərkəzi dayanır, insan nəfəs almır və ölür. Buna qəfləti ölüm deyirlər. Lakin "patı" faktorunda insanda digər problemlər artmağa başlayır: bədəndə, beyində çoxlu geridönməz pozuntular gedir. İnsanın orqanizmi nə qədər cavandırsa, onun resursları, özünü qoruma gücü çox olur. İnsan 40-45 yaşdan sonra istər-istəməz xəstəliklər üzə çıxmağa başlayır. Kimdəsə şəkərli diabet, hipertoniya, ürək, böyrəkdə ciddi problemlər yaranır. Eyni zamanda "patı" qəbul edənlərin damarında zamanla spazma artır. Bu da infarkt riski deməkdir. Həmçinin beyin infarktı gerçəkləşə bilər. Yəni periferik damarların spazmı infarkt riskini çoxaldır. Bütün infarkt, yaxud insult olanlar “patı” çəkmir. Söhbət ehtimaldan gedir. Yəni "patı" çəkmək bu ehtimalı dəfələrlə artırır.
- "Patı" kişilərdə cinsi zəiflik, qadınlarda isə sonsuzluq yarada bilərmi?
- İnsan doğulanda orqanizm mükəmməl olur. Bütün sistemlər çox yüksək şəkildə qurulmuş vəziyyətdədir. Sadəcə olaraq, biz bəzi maddələr, dərmanlarla o sistemi pozuruq. Beyində narkotiki qəbul edən reseptorlar var. Bu gün istənilən narkotik qəbul edən adamın beynində olan reseptorlar bunu qəbul edir. Əgər beyində o reseptorlar yoxdursa, o maddəni heç vaxt heç bir insan qəbul etmir. Çünki onu qəbul edəcək reseptor yoxdur. Beyin onu tanımır. Qəbul olunan maddələrin bənzəri hamımızda var. Amma az miqdardadır. Yəni, kənardan nəsə qəbul edəndə, reseptorlar o qədər qıcıqlanır ki, onların miqdarı artır. Fərqli hərəkət yaranır. Ona "həzz" deyirlər. Bunların hamısı beyindəki resursların hesabınadır. Elə bil ki, siz gələcəyinzi bu gün bankdan borc alıb xərcləyirsiz. Beyin də bu cürdür. Xəstə deyir ki, mən bunu qəbul edəndə iş qabiliyyətim bərpa olunur. Kişi əgər bunu qəbul edirsə, deməli onun psixi durumu yerində deyil. Demirəm, onların düşüncəsi pozulub, sadəcə olaraq, onların düşüncəsi dəyişilir. Onlar dünyaya bizdən fərqli baxır və fərqli düşünürlər. Qaydaları bilir, insanları tanıyır, formal olaraq bütün münasibətlər yerindədir. İnsan narkotik qəbul edir, cinsi fəaliyyəti də yerində, eyni zamanda özündə də ehtirasın olması onun sağlam olduğu anlamına gəlmir. Yaxud kimdəsə cinsi fəaliyyət zəifdirsə, bu o demək deyil ki, onlar birdəfəlik xəstədir. İstər kişidə, istərsə də qadında cinsi fəaliyyət beyinlə tənzimlənir. Məsələn, dispetçer yerdə bütün təyyarələrin enişini, qalxışını izləyir. Əgər o olmasa, təyyarələrin hamısı məhv olar. O cümlədən beyin də elədir. Beyin elə bir orqandır ki, hər şey ona təzyiq edir. Cinsi fəaliyyət cinsi orqanların fəaliyyəti demək deyil. Bu çox mürəkkəb sistemdir. Niyə insan cinsi fəaliyyətdən həzz alır? Narkotikin ləzzəti də ona bənzərdir. Narkotikdən həzz alan adam üçün kişi, yaxud qadın maraqlı olmur. Yaxud qadına olan həvəsi, ləzzəti artırmaq üçün narkotikdən istifadə edirlər. Lakin insanlar bu gün gələcəyin ehtiyatını xərcləyir. Təbii ki, narkomanların əksəriyyətinin ailəsi dağılır. Nə kişi kişiliyini edə bilir, nə də qadın qadınlığını edə bilir.
- 18 yaşından yuxarı gənclərimiz üçün narkotiklə bağlı SOS vəziyyətinin olduğunu deyə bilərikmi?
- Gənclərə bu barədə tövsiyəni birinci ailə, daha sonra məktəb verməlidir. Lakin elə ailələr var ki, ata-ana özü problemlidir. Təbii ki, valideynlər problemlidirsə, uşaqların da problemli olma ehtimalı çox böyükdür. Uşağı izləmək lazım deyil. Onun ağıllı, tərbiyəli olması üçün birinci valideyn özü tərbiyəli olmalıdır. Çünki uşaqlar valideynin sözünə qulaq asmır, onun davranışına diqqət edir. Digər tərəfdən, valideyn bilməlidir ki, uşağı hara gedir, kiminlə oturur, onun gündəlik fəaliyyəti necədir? Əlində siqaret olan valideynin ixtiyarı yoxdur övladına desin ki, sən siqret çəkmə, bu, pis şeydir. Valideyn siqareti tərgitməyə birinci özündən başlamalıdır. Dünyanı düzəltmək istəyirsənsə, birinci özün düzəlməlisən. Bir hər birimiz düzəlməsək, dünya heç vaxt düzəlməyəcək. Məktəblərin zahirən nizam-intizamı yaxşıdır. Lakin şagird məktəbdən çıxandan sonra müəllim onun hara getdiyini izləyə bilməz. Ona görə də valideynlər zəhmət çəkib uşaqlarına nəzarət etməlidir. Gəncləri narkotikdən qorumağın yolu təhsildir. Bunu islam dini və müasir elm də deyir. Təhsil həm gəncin təməlidir, həm ona xoşbəxtlik verir. Təhsilli uşaq dünyanı gözəl dərk edir. Fikir versəniz, narkotik istifadə edənlərin 99%-i orta təhsillidir. İlk vaxtlarda uşağın davranışı, münasibəti, dostları, gündəlik rejimi dəyişirsə, valideyn mütləq onlara diqqət etməlidir. Pis vərdişlər öz-özünə yaranmır.
Tarix: 15-08-2022, 13:16