Səhiyyə - Prokurorluq "həmrəyliyi"nin fəsadları... - VİDEO


DEYIR, "DƏYIRMAN ÖZ IŞINDƏ, ÇAK-ÇAK BAŞ AĞRIDIR"...

Nə qədər deyilsə, nə qədər yazılsa da Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi öz "köhnə qaydası" ilə fəaliyyətini davam etdirir.

Az müddət əvvəl Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində xəstələrdən və xəstə yaxınlarından pul tələb edildiyi barəsində məlumat vermişdik. Ardından isə eyni "qayda"da fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası barəsində məlumat dərc etdik. Onu da qeyd etmişdik ki, əlimizdə hər iki klinika barəsindəki məlumatları təsdiq edən səs yazıları və görüntülər də var və bu materiallar tərəfimizdən aidiyyatı üzrə səhiyyə Nazirliyi və Baş Prokurorluğa göndərilib.



Lakin, Baş Prokurorluq həmişəki kimi məsələyə laqeyd qaldı.



Hələ, Naxçıvan Muxtar vilayətinin Ordubad rayonundan redaksiyamıza müraciət edən Nihal Hüseynovun da yeganə övladının müalicəsi üçün Səhiyyə Nazirliyi və Naxçıvan rəhbərliyi gülməli təklifləri ilə kənarda qalmağı bacardılar. Halbuki, birinci vitse-prezident Mehriban Əliyeva da Nihal Hüseynovun dediyinə görə, onun müraciətinə baxılması üçün Səhiyyə Nazirliyinə xüsusi tapşırıq vermişdi.

Belə çıxır ki, Səhiyyə Nazirliyi ümumiyyətlə kimsəni saymadan öz "daxili qaydaları" ilə fəaliyyət göstərir.

Bundan əlavə,  müraciət edən Astara rayon Şuvi kənd sakini Cümşüdova Solmaz Canhəsən qızının sözlərinə görə, həkimin cərrahi əməliyyat zamanı övladının ölümünə səbəb olan səhvinə də prokurorluq biri-birindən fərqlənən cavabları ilə biganə qaldı.

"Həkim mənim balamı öldürdü"... - Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT ! // VİDEO + FOTO

Yəni, prokurorluğun Müəmmalı "ağ xalat sevgisi" bu dəfə də özünü aşkar büruzə verdi. Səhiyyə Nazirliyi desək, o da heç bir addımı ilə Baş Prokurorluqdan fərqlənmədi. Ümumiyyətlə bu kimi faktlara "göz yuman" yeni nazir Teymur Musayev rəhbərlik fəaliyyəti ilə sələfi - sabiq nazir Oktay Şirəliyevi təkrarladığı hər addımda özünü göstərir.

O zamanlar da səhiyyə sahəsində rüşvət, imkansız xəstələri qəbul etməmək, etdikdə belə bərbad palatada ümumiyyətlə baxımsız qoymaq var idi, indi də var. Bu cür fəaliyyət göstərən tibb işçiləri isə heç nədən, heç kimdən çəkinmədən, özbaşınalıqlarını davam etdirirdilər.

Amma, son zamanlar sayı artan narazı vətəndaşların müraciətlərindən və bizə göndərilən, həmçinin digər sosial media və sosial şəbəkələrdə yayımlanan görüntülərdən o da görünür ki, səhiyyə sahəsində dəyişən təkcə nazirdir. Qalan bütün fəaliyyət olduğu kimi davam etdirilir.

Xüsusilə də Səhiyyə Nazirliyinin tabeçiliyində olan Zərifə Əliyeva adına göz klinikası və ATU-nin Onkoloji klinikasında qeydə alınan - USM və digər müayinələr, həmçinin qeydiyyat üçün tələb edilən ödənişlər onun göstəricisidir ki, sözügedən müəssisələrinin çəkinəcəyi bir qurum yoxdur.

Görünür, ölkəmizdə, "Dəvədən böyük, fil də var" misalı getdikcə mənasını itirir. Xüsusilə də tibb sahəsində baş verənlər hər iki varlığın bir yolunu tapıb əməkdaşlıq etdiyi fikrini yaradır.

Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanı olan Baş Prokurorluq öz "soyuqqanlı" münasibətləri ilə bu kimi müəssisələrin fəaliyyətində bu cür qanun pozuntularına yol vermələri üçün sərbəst olmalarına şərait yaradır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Tarix: 23-08-2022, 12:50
Xəbəri paylaş





Xəbər lenti