Bərdədə dəhşətli xəstəlik yayıldı - Kənd nəzarətə götürülür? - Açıqlama



Bərdənin Piyadalar kəndində "Sibir xorası" (Qarayara) xəstəliyinin yayıldığı deyilir.

Qeyd olunur ki, bu kənddən Mingəçevirdəki xüsusi xəstəxanaya aparılan 5 nəfərdən 3-ündə "Sibir xorası" aşkar edilib.


Bəs, bu xəstəliyin aşkarlandığı kənddə karantin elan olunmalıdırmı? Ümumiyyətlə, xəstəliyin yayılma risqi nə qədər yüksəkdir və fəsadları nədir?


İnfeksionist Mərdan Əliyev məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.


O qeyd edib ki, Azərbaycanda son vaxtlar belə bir xəstəliyə rast gəlinməyib:




“Qarayara bütün dünyada yayılmış bir xəstəlikdir. Bakteriyalar tərəfindən törədilir və onun bir neçə növü var. Xəstəliyin ağırlığı orqanizmə daxilolma yerindən asılıdır. Ən çox rast gəlinən isə dəri formasıdır. Dəri üzərində böyük yaralar olur və yaralar sağaldıqdan sonra çapıq qalır. Yaralar qara kömür rəngində olduğu üçün xəstəliyin elmi adı "qarayara"dır. Ən qorxulu forması isə tənəffüs yolları vasitəsilə yoluxan Ağ ciyər xorasıdır. Çünki bu zaman ölüm riski yüksəkdir. Lakin dəri forması rahat şəkildə müalicə olunur və ölüm göstəricisi azdır”.


M.Əliyev bildirib ki, qarayara insanlara daha çox heyvanlardan keçir:


“Bu xəstəlik daha çox kontakt yolu ilə və ən çox xəstə heyvandan keçir. Məsələn, heyvanda qara yara varsa, onu kəsəndə və soyanda insanın dərisinə sıçrayan qan damlası yoluxmaya səbəb ola bilər. Təhlükəli xəstəlik olduğu üçün əgər bir-iki hal varsa, həmin şəxslər nəzarətə götürülməlidir. Onlar Gigiyenik Epidemioloji mərkəzlər tərəfindən xüsusi karantin rejimində saxlanılmalıdır ki, digər insanları yoluxdurmasınlar".

Mütəxəssis qeyd edib ki, Bərdə bu xəstəliyə ən çox rast gəlinən bölgələrdəndir:


"Hər il bu vaxtlar xəstəliyə yoluxma halları olur. Lakin son günlər baş verən yoluxmalardan xəbərim yoxdur. Bizdə rast gəlinibsə, bu, qeyri-adi bir şey deyil. Hər il çox az sayda belə hadisələr olur. Lakin kəndin karantinə alınmasına ehtiyac yoxdur. Çünki sürətlə yoluxan xəstəlik deyil. Əgər 2-3 nəfərdə qarayara aşkarlanıbsa, həmin şəxslərin karantinə alınması və müalicəsi vacibdir”.
Tarix: 8-09-2022, 21:36
Xəbəri paylaş





Xəbər lenti