Zəhərlənmək istəmirsinizsə, bu qaydalara əməl edin


Zəhərlənmək istəmirsinizsə, bu qaydalara əməl edin

Artıq bir çox evlərdə qışa hazırlıq prosesi – tərəvəzlərin konservləşdirilməsi, kompotların bağlanması, turşuların qoyulması, mürəbbələri bişirilməsi prosesi başlayıb. Mütəxəssislərin fikrincə, qadınlar qışa hazırlıq üçün tərəvəz konservləşdirən zaman diqqətli olmalıdırlar. Əks halda bu konservlərdən ölümcül “Botulizm” toksini səbəbindən zəhərlənmə baş verə bilər.

Qida mühəndisi Elsevər Mehdiyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, konservlərin hazırlanması zamanı gigiyena şərtlərinə əməl edilməsə bu sağlamlıq üçün təhlükəli ola bilər.
“Botulizm zəhərlənməsinə “clostridium botulinum” adlı bakteriyanın toksini səbəb olur. Bu bakteriya təzyiq və temperatura qarşı yüksək müqavimət göstərən güclü mikroorqanizmdir. Konservlərin çoxu az vaxtda, tələb olunandan aşağı temperaturda və lazımi səviyyədə bişirilmədən hazırlanır. Belə qidalardan zəhərlənmə isə, qusma, görmə qabiliyyətinin itirilməsi kimi şikayətlərlə özünü göstərir. Belə vəziyyətlə qarşılaşdığınız zaman vaxt itirmədən həkimə müraciət edin” - deyə qida mühəndisi qeyd edib.
Mütəxəssis bildirib ki, tərəvəzlərin qurudulması və ya dondurulması kimi alternativ üsulları da sınamalıdırlar.
“Evdə hazırlanmasına üstünlük verilən konservlər üçün şüşə qablar istifadə edilməlidir. Əgər plastik qablaşdırma istifadə olunursa, onun təsdiq olunmuş material olmasına diqqət yetirilməlidir. Eyni zamanda deformasiyaya uğramış və paslanmış qapaqlar heç vaxt istifadə edilməməlidir. Qapaqlar ən az 15-20 dəqiqə qaynadılmalı və hər istifadə edildikdə yenilənməlidir. Qidalar turşuluğa uyğun temperatur və vaxtda bişirilməlidir. Bankanın qapağında şişlik və sızma olmamalıdır. Dadı, rəngi və qoxusu pis olan konservlər istehlak edilməməlidir”,- deyən ekspert əlavə edib ki, əgər konservlər bazardan alınırsa, son istifadə tarixi, etiketi və rəsmi qurumun icazəsi ilə bağlı etiket məlumatları diqqətlə yoxlanılmalıdır. Zədələnmiş, əyri, paslanmış, sızan qablaşdırmaya və qapağı açıldığında fışqıran konservlər qəbul edilməməlidir.
Mütəxəssis həmçinin əlavə edib ki, çox zaman evdə hazırlanan konservlərdən ağr zəhərlənmələr baş verir ki, bu da əksər hallarda ölümlə nəticələnir. Belə halla qarşılaşmamaq üçün konservləşdirmə prosesi zamanı təzə məhsullara üstünlük verilməlidir.
“Məsələn, çox zaman əzik pomidordan konservlər hazırlanır. Qadınlar belə hesab edir ki, əzik pomidorları konsevrləşdirən zaman zərərsiz olur. Əslində isə belə deyil. Düşünün ki, həmin o əzik pomidoru siz alıb yeyə bilməzsiniz, amma bişirib, hələ 2-3 ay saxlamağı da planlayırsınız. Belə qidalardan zəhərlənmə ağır nəticələnə bilər. Odur ki, konservləşdirmə zamanı saf məhsullardan istifadə edin. Və yaxud həmin məhsulları buzluqda donduraraq saxlayın”,- deyə ekspert bildirib.
Tarix: 10-09-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti