“Bayden haqlıdır. Pandemiya bitib” – “Vaşinqton Post”


ABŞ-ın “Vaşinqton Post” qəzetində “Bayden haqlıdır. Pandemiya bitib” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi “Vaşinqton Post”un əhalinin sağlamlığı və səhiyyə siyasəti üzrə aparıcı şərhçisi Leana Vendir.

Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.

ABŞ prezidenti Cozef Baydenin bugünlərdə “60 dəqiqə” proqramına müsahibəsində gözlənilmədən “Pandemiya bitib” deməsi ölkənin çox yerində narazılıq doğurub.

Respublikaçılar Partiyasının təmsilçiləri COVİD-19 infeksiyası ilə mübarizəni gücləndirmək üçün Konqresdən əlavə maliyyə istəyən Baydeni riyakarlıqda günahlandırmağa başlayıblar.

Bəzi solçular isə pandemiyanın hələ bitmədiyinə sübut kimi koronavirus xəstəliyindən ölənlərin sayını misal göstərirlər.

Əslində deyilənlər heç də Baydenin təkzibi anlamına gəlmir. Prezident haqlıdır. Bir çox faktor pandemiyanın doğrudan da bitdiyinə dəlalət edir.

Ancaq bu o demək deyil ki, koronavirus daha ziyan vuracaq gücdə deyil. Sadəcə, koronavirus endemik xəstəliyə çevrilib, yəni COVİD-lə bağlı fövqəladə vəziyyət sona çatıb.

Pandemiya gündəlik həyatımızı alt-üst edən, vərdişkar olduğumuz iş, təhsil sistemini, ibadət, ünsiyyət tərzini kökündən dəyişən qlobal bir hadisədir.

2020-ci ilin mart ayında insanlara “Evdə qal” çağırışını edən ictimai səhiyyə mütəxəssislərindən biri də mən idim. Biz amerikalıları oyun zallarından, barlardan, restoranlardan, əyləncə mərkəzlərindən, ibadət evlərindən uzaq durmağa çağırırdıq.

Nəticədə işəgötürənlər işçiləri kütləvi şəkildə evə göndərdilər. Məktəblər distant təhsilə keçdi.

Vaksinlər meydana çıxanda isə vəziyyət dəyişdi. Peyvənd olunandan sonra bir çox insan pandemiyadan əvvəlki fəaliyyətini bərpa etdi. Bəziləri isə mənim ailəm kimi, azyaşlı uşaqlarının peyvənd olunmasını gözlədilər.

İndiyədək amerikalıların böyük əksəriyyəti ya peyvənd olunub, ya da COVİD-19 infeksiyasından sağalıb. Bəzləri həm peyvəndlər sayəsində, həm də xəstəliyi keçirməklə immunitet qazanıb.

Virus əleyhinə profilaktik tədbir kimi istifadə olunan “Evuşeld” (Evusheld) və “Pakslovid” (Paxlovid) dərmanları, habelə infeksiyaya qarşı antitelin yaranması COVİD-in şiddətini azalda bilib, əlavə müdafiəni təmin edib.

Nəticədə amerikalıların əksəri pandemiya səhifəsini bağlayıb, ehtiyat tədbirlərdən imtina edərək yeni bir səhifə açıb.

“Morning Consult” şirkətinin avqust ayında keçirdiyi sorğuya görə, ABŞ-da böyüklərin yalnız 14%-i koronavirusu sağlamlığa ciddi risk sayır. Amerikalıların yalnız 28 faizi hələ də maska taxır. 75 faiz isə qapalı məkanda rahatca yemək yeyir.

Ölkənin əksər hissəsi üçün pandemiya demək olar bitib, çünki infeksiya artıq insanların gündəlik həyatına təsir göstərmir. Belələri üçün COVİD qorxunc, ölümcül xəstəlikdən adi qrip virusuna çevrilib.

İndi bu, insanların qaçmaq istədikləri infeksiyalardan biridir. Yoluxmamaq üçün isə adamlar ildə bir dəfə peyvəndlənmək kimi elementar tədbiri həyata keçirməli olacaqlar. Bəziləri əlavə ehtiyat tədbirlərdən də yararlana, məsələn, qapalı məkanlarda maska ​​taxa bilər. Ancaq ictimai səviyyədə artıq pandemiyanın sonu gəlib. Baydenin açıqlamasında da məhz bu mövqe əksini tapıb.

Ola bilsin, pandemiya elmi baxımdan da sona yetib. Hərçənd bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur.

Bir tərəfdən koronavirus xəstəliyə və ölümə səbəb olmaqda davam edir. Hazırda ABŞ-da 30 minə yaxın insan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ölkədə sutkada 400-dən artıq insan hələ də bu xəstəlikdən həyatını itirir. Koronavirus infeksiyası ona yoluxan hər 5 nəfərdən birində uzunmüddətli fəsadlara səbəb ola bilər.

Digər tərəfdən dünyada COVİD-19 infeksiyası səbəbindən ölənlərin sayı 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə enib. Real itkilər daha az ola bilər. Bəzi tədqiqatçılar iddia edir ki, COVİD infeksiyasından ölənlərin sayı xeyli şişirdilir. Onlar qeyd edir ki, bütün pasiyentlər xəstəxanada COVİD testindən keçirilir və nə vaxtsa pasiyentdə infeksiya aşkarlanması ölümün məhz bu səbəbdən baş verməsi kimi yozulmamalıdır.

Bostondan olan bir həkim-infeksionist ABŞ-ın Milli İctimai Radiosuna açıqlamasında deyib ki, onun xəstəxanasında COVİD-19 diaqnozu ilə qeydiyyata alınan pasiyentlərin 70 faizi təsadüfən klinikada testdən keçirilən zaman koronavirusa yoluxduğu üzə çıxmış insanlardır.
Tarix: 23-09-2022, 21:58
Xəbəri paylaş





Xəbər lenti