"Xəstəxanalar sadəcə pul silmək üçündür" - “Semaşko”da DƏHŞƏT


 


“Bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər”.Mediatv.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri xəstə bacısının yerləşdirildiyi Respublika Klinik Xəstəxanasında üzləşdiyi xoşagəlməz mənzərələrə və ümumilikdə səhiyyə sisteminin fəaliyyətinə etiraz edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, indiki şəraitdə xəstə yaxınlarının müalicə və müayinə üçün kifayət qədər xərci çıxsa da, səhiyyə sisteminin düzgün idarə edilməməsi xəstələrin sağalmasına və düzgün diaqnoz qoyulmasına əngəllər törədir:

“Bacımın vəziyyəti ağırdır. Dünən gördüm. Neçə vaxtdır, halını yanına gedənlərdən soruşurdum. Dünən ürək etdim, həm də içimdə bir bağın dartıldığını hiss etdim. Hələ Respublika Klinik Xəstəxanasına yerləşdiriləndə yanına getdim, amma reanimasiyada olduğu üçün görə bilmədim. Xəstəxanaya yox, elə bil tövləyə gəlmişdim. Dedilər, bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər. Bir müddət xəstəxananın dəhlizində gözlədim, yanımda iki nəfərin cansız bədənini apardılar. Qohumların hönkürtüsü adamın ürəyini parça-parça edirdi”.

Ş.Xuduoğlu bacısının elə o gecə özəl xəstəxanaya köçürüldüyünü, təmizlik və xidmətin yüksək olmasına baxmayaraq ödənişlərin büdcələrini aşdığını qeyd edib:

“Analizlər, diaqnozlar, dərmanlar, həkimlər: pul sel kimi gedir. Bacımı oradan çıxardır. İndi evdə gündəlik heç də az xərci olmayan həkim nəzarətindədir. Həm də məlum oldu ki, xəstəxanalarda bacımın xəstəliyinin nədən ibarət olduğu dəqiq müəyyənləşməyibmiş. Orada bir müalicə, burda tamam başqa müalicə…”

“Milyonlar ayrılsa da, təhsili kimi səhiyyəsi də mənzillərə köçüb. Xəstəxanalar isə sadəcə pul silmək üçündür”, – deyə Şahbaz Xuduoğlu vurğulayıb.

Tarix: 7-10-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti