“Azərbaycana gətirilən dərmanların 50-60 faizi saxtadır” - İLGİNC İDDİA

“Azərbaycana gətirilən dərmanların 50-60 faizi saxtadır”
Azərbaycanda uzun illərdir ki, dərmanların bahalığı səhiyyənin əsas problemlərindən biri olaraq qalır.

Müxtəlif ad, lakin eyni tərkibli dərmanların qiymətləri arasında da böyük fərqlər müşahidə olunur. Çox zaman xəstələr bahalı və el arasında "firma" dərmanı adlandırılan preparatların həkimlər tərəfindən qəsdən yazılmasından şikayətlənirlər.

Belə ki, bəzi həkimlərin sözügedən "firma"larla əməkdaşlıq etdiyi və xəstələrə yalnız həmin firmalara məxsus olan dərmanları yazdığı deyilir. SİAM.AZ bildirir ki, cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə, çox zaman həkimlər qəsdən bahalı dərmanlar yazır:

"Azərbaycan özü dərman istehsal etmir, dərman xaricdən gətirilir. Amma ölkədə firmalarla həkimlərin əməkdaşlığı söhbəti var. Bahalı və keyfiyyətsiz dərmanın yazılması da həkimin vicdanına qalır. Elə həkim var ki, həqiqətən də o prinsipləri əsas tutaraq xəstələrə bahalı dərman yazır. Bəzən reseptlərə baxırsan ki, xəstəyə əlavə, yeri gəldi-gəlmədi, heç ona aid olmayan dərmanlar yazılıb. Bir də görürsən ki, çox sayda ağrıkəsici dərmanlar yazılıb, lakin bunlar eyni tərkibdə və müxtəlif adlardadır. Deyilən prinsiplərə əsaslanan həkimlərin müalicə üsulunda heç vaxt effekt olmur. Görürsən ki, xəstə o qədər həkim yanına gedir, amma müalicə ona təsir eləmir. Çünki həkimin prinsipi dərmanı sərf etməkdir, məqsədi heç də xəstəni sağaltmaq deyil. Başqa bir sirri də açmaq istərdim. Azərbaycana daxil olan dərmanların 50-60 faizi saxtadır. Dərmanın ştrif kodunu telefonla yoxlamaqla bunu müəyyən etmək olar. Axtarış zamanı orada yazılır ki, bu adda dərmanla bağlı heç bir məlumat yoxdur. Dərman əgər zavodda istehsal olunubsa, onunla bağlı məlumatlar çıxır. Həkimlərimizin 90 faizi maraqlanmır ki, yazdığı dərmanın ştrix kodu normal şəkildə çıxırmı, yoxsa, bu, hansısa zirzəmidə hazırlanan məhsuldur”.

O bildirib ki, qaydalara nə həkimlər, nə də xəstələr əməl edir:

“İnsanlar buna o qədər laqeyd yanaşırlar ki. Çox həkim də bu laqeydlikdən istifadə edir. Həkim xəstəyə dərman yazır, baxırsan ki, vərəqin bir üzü doludur, 9-10 dənə dərman adı qeyd olunub. Bunu çatdırmaq olar? Xəstənin heç maddi imkanı bunu almağa çatmaz. Çünki bizdə dərmanlar çox bahadır. Həkimlərin hazırlıq səviyyəsi aşağı olduğu üçün də çox dərman yazır ki, hansı tutar, tutar. Savadlı həkim heç vaxt "firma" işlərinə girməz. Xəstənin reseptinə baxanda bilirsən ki, bu həkimin işdən başı çıxır, ya çıxmır. Bilməyən həkimin reseptindən görürsən ki, lazım olmayan dərmanları yükləyib, həm dərmandan xeyir götürür, həm də xəstəyə ziyan vurur".


Tarix: 20-10-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti