Günlərdir apteklərdə bəzi növ dərmanların tapılmaması və buna görə problemlərin yaşanması ilə bağlı şikayətlər səslənir.“Artıq özüm birtəhər sağalmışam”
Bakıda yaşayan
Sona Əhmədova (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, bir həftədir hərarətsalıcı və qripə qarşı konkret adda bir dərmanı axtarıb tapa bilmir:
“Həmin dərmanı tapmadım. Artıq özüm birtəhər sağalmışam”.Oktyabrın 17-də Səhiyyə naziri
Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun əmr imzalayıb. Həmin əmrdə 2022-2023-cü ilin payız-qış mövsümü ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı mübarizənin gücləndirilməsindən bəhs edilir. Sənəddə digər tapşırıqlarla yanaşı, dərman preparatları ehtiyatının yaradılması kimi məsələ də yer alır.
İstehsal tələbatın cəmi 1.2 faizi…
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5.3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Amma bu da Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1.2 faizini təşkil edib.
Vurğulanır ki, bu ilin beş ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə ticarət dövriyyəsi 445.3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.4 faiz çoxdur.
“Dərman preparatları ilə apteklərin təminatı…”
Səhiyyə Nazirliyinin
Analitik Ekspertiza Mərkəzindən “Turan”a bildirilib ki, hərarətsalıcı dərman vasitələri ilə bağlı son müraciət sentyabrın axırı-oktyabrın əvvəlinə təsadüf edir:
“47 min 84 qutu dərman vasitəsi idxala icazə almışdır”.Qurumdan qeyd olunub ki, dərman preparatları ilə apteklərin təminatı Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil və özəl şirkətlər tərəfindən həyata keçirilir.
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri həkim-radioloq
Aydın Əliyev isə AzadlıqRadiosuna deyib ki, apteklərdə bəzi dərmanların qıtlığının bir neçə səbəbi var:
“Onların ən önəmlilərdən biri daxili istehsalın təqribən 0 səviyyəsində olmasıdır. Demək olar ki, əksər dərmanlar bizdə idxaldır. Yəni, baxmayaraq ki, bizim buna maddi və kadr baxımından bütün resurslarımız var, təəssüflər olsun ki, daxili istehsal çox aşağıdır”.“Monopoliyanın təsiri ola bilər”
Onun fikrincə, dərmanların istehsalının bu səviyyədə olmasına həm də monopoliyanın təsiri ola bilər: “Çünki müxtəlif şəxslər dərmanları idxal edirlər və bundan yaxşı pul qazanırlar. Onlara daxili istehsal sərf etmir”.
Ekspertin sözlərinə görə, statistika aparılmalıdır ki, il ərzində ölkənin əhalisi hansı dərmandan nə qədər istifadə edir:
“Bunun əsasında keyfiyyət nəzərə alınmaqla idxala dövlət nəzarəti olmalıdır və dərmanlar xüsusi anbarda saxlanmalıdır. Hər hansı aptekdə dərman çatışmazlığı olarsa, həmin anbardan dərman dövriyyəyə buraxılmalıdır. Bu, həm qiyməti tənzimləyər, həm də dərman çatışmazlığının qarşısını alar”.Həkim qeyd edib ki, bəzi möhtəkirlər qiyməti artırmaq üçün bəzən dərman qıtlığını yaradırlar.
Mövzu ilə bağlı ölkəyə dərman idxal edən aparıcı şirkətlərlə danışmaq mümkün olmayıb.
Tarix: 2-11-2022, 22:08