Zərdabda xəstəxana var, avadanlıq var, amma həkim yoxdur - VİDEO
Zərdab sakinləri bir neçə il öncə əsaslı təmir olunaraq istifadəyə verilən Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən narazıdırlar.
Dərdlərini APA TV-nin mikrofonuna danışan sakinlər deyiblər ki, rayon xəstəxanasında bir çox sahələr üzrə ümumiyyətlə həkim yoxdur, olanlar isə düzgün diaqnoz qoya bilmirlər. Bu səbəbdən də xəstələri qonşu rayonlardakı xəstəxanalara aparmağa məcbur olurlar.
Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov şifahi olaraq bildirib ki, xəstəxana və ya həkim seçimində hər bir vətəndaş müstəqildir:
“Heç bir xəstəyə deyə bilmərik ki, Zərdab xəstəxanasında müayinə və müalicə alsın”.
Ruslan Nemətov onu da qeyd edib ki, rayon mərkəzi xəstəxanasında, hətta kəndlərdə yerləşən tibb məntəqələrində də həkim çatışmazlığı var:
“Bir çox sahələr üzrə həkimlərimiz yoxdur. Ona görə də bir çox hallarda xəstələri qonşu rayonlara özümüz göndərməli oluruq”.
Yaxşı, siz vurmadınız, biz yıxılmadıq. Əgər həkim yoxdursa, onda bu qədər pul töküb xəstəxananı başdan yaratmağa, müasir inventarlarla təchiz etməyə nə ehtiyac var idi? Elə bu sual TƏBİB-ə ünvanlanıb.
TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəmirə Ədilova bildirib ki, kadr çatışmazlığını təşviqedici vasitələrlə aradan qaldırmağa çalışırlar. Mətbuat katibi onu da qeyd edib ki, xəstəxanaların maddi-texniki baza ilə təmin edilməsi vacibdir və bu, TƏBİB-in islahatları nəticəsində təmin edilir.
Sakinlər isə deyirlər ki, maddi-texniki bazası yüksək səviyyədə təmin olunmuş Zərdab xəstəxanasına tək-tük xəstə müraciət edir. Onlar da əsasən vəziyyəti yüngül olan xəstələr olur.