Dərmanlar niyə yoxa çıxıb? - Dərdə dəva tapılmır…


Dərmanlar niyə yoxa çıxıb?
Son zamanlar virus infeksiyalarına yoluxma halları kəskin şəkildə artıb. Xəstəlik burun axma, öskürək və daha bir sıra əlamətlərlə müşahidə edilir. Uşaqlar arasında isə ağırlaşmalar böyüklərlə nisbətdə daha çoxluq təşkil edir. Apteklərdə isə dərman qıtlığı yaşanır. Belə ki, xüsusilə də valideynlər qızdırma salan, soyuqdəymə üçün -yəni parasetamol tərkibli siropların ümumiyyətlə yoxa çıxdığından şikayətlənirlər.

Mövzu ilə bağlı apteklər üzrə sorğu apardıq. Əczaçılar sorğumuza cavab olaraq dərman çatışmazlığının olduğunu təsdiqlədilər. Gəlməmə səbəbini isə bilmədiklərini deyirlər. Çox təəssüf ki, bir çox apteklərdə həmin siropların əvəzedicisi belə tapılmır.

Bəs apteklərdə parasetamol tərkibli dərmanlar niyə yoxdur?

Mövzu ilə bağlı Jamaz.info-ya açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bunun əsas səbəbi məhz Rusiya-Ukrayna arasında gedən müharibədir:

“Dərman bazarında müəyyən qıtlıq, çatışmazlıq hökm sürür. Azərbaycan dərmanları əsasən idxal edir. Düzdür bəzi məlhəmlər bizdə istehsal olunmağa başlayıb, amma bütövlükdə ampul formalı dərmanlar hələ ki, idxal olunur. Bəzi dərmanların yoxa çıxmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya,Ukrayna, Belarusiyadan Azərbaycan xeyli sayda dərman alırdı. Ukraynada infostrukturun dağılması, bu dərmanların qıtlığına səbəb olur”.

Adil bəy dərman idxal edən qurumların bunu mütləq şəkildə nəzərə almalı olduğunu diqqətə çatdırdı:

“Alternativ variantlar fikirləşməlidirlər. Yaxşı olar ki, qardaş Türkiyədən dərmanların idxalına başlanılsın. Bundan başqa digər variantlar da var. Yəni İranın, eləcə də Hindistanın da keyfiyyətli dərmanları var, amma Türkiyədən idxal etmək yeni situasiyada daha məqsədəuyğun olardı”.

Bəs xəstəliklərin yayıldığı, dərmanların isə yoxa çıxdığı bu zamanda vətəndaşlar nə etməli?

Bununla bağlı pediatr-allerqoloq Xəyalə Quliyevanın fikirlərini öyrəndik. Pediatr, dərmanlarla bağlı problemlərin yaşandığını bildirərək bundan çıxış yolunun alternativ üsulları tapmaqda gördüyünü dilə gətirdi:

“Biz dərman yazanda adətən ilk olaraq tərkibini qeyd edirik. Məsələn, parasetamol tərkibli və s. Eyni tərkibli, ancaq adı müxtəlif olan dərmanlar mövcuddur. Tövsiyə etdiyimiz dərmanlar tapılmadığı zaman təbii ki, biz də eyni tərkibli alternativ dərmanlardan istifadə edirik. Bu tip dərmanların adlarının müxtəlif olması vacib deyil, əsas tərkibidir”.

Quliyeva, parasetamol tərkibli siropların tapılmadığı zaman anaların kiçik yaşlı uşaqlar üçün 200 mq formalı parasetamol tərkibli tabletlərdən istifadə edə biləcəklərini vurğuladı.

“Artıq heç bir sirop olmadığı zaman bunlardan istifadəni tövsiyə edirik. Pediatr uşağın yaşı və çəkisini nəzərə alaraq miqdarı müəyyənləşdirib təyin edir. Həmçinin bu silsilədən olan şamlardan da istifadə edilə bilər”,-deyə Xəyalə xanım bildirdi.

Görünür dərman çatışmazlığı hələ bir müddət də davam edəcək. Odur ki, sağlamlıq üçün həmin dərmanları axtarmaqdansa alternativ üsulları həkimlə məsləhətləşərək tapmaq daha məqsədəuyğun hesab edilir.
// Jamaz.info//
Tarix: 14-11-2022, 21:33
Xəbəri paylaş





Xəbər lenti