Dərmanlar apteklərdən niyə bir-bir yoxa ÇIXIR? – “Sahibkarların insafından asılı qalmışıq”

Dərmanlar apteklərdən niyə bir-bir yoxa ÇIXIR?
Son vaxtlar ölkəyə idxal olunan bəzi dərmanların təminatında ciddi problemlər yaşanır. Bir vaxtlar əlçatan olan və təminatı ilə bağlı çətinliyi olmayan dərmanları indi apteklərdən tapmaq müşkülə çevrilib. Xüsusilə ağrıkəsicilər, antibiotiklər, yüngül narahatlıqların müalicəsində istifadə olunan pereparatların qıtlığı ilə bağlı şikayətlər çoxalıb. Problemin dərinləşməsi isə rəsmi qurumları hərəkətə gətirmir.

İndi də apteklərdə qızdırma əlyehinə "Nurofen" dərmanlarının çatışmazlığı ilə bağlı problem yaranıb. Bu preparatın həm kapsul, həm də suspensiyası apteklərdən yoxa çıxıb.

Siam.az-ın məlumatına görə, Bizim.Media-ya danışan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli bildirib ki, "Nurofen"in həm kapsul, həm suspensiya, həm də həblərinin idxalı üçün 17- 24 oktyabrda müraciətlər olunub və icazə verilib:

“Oktyabrın 17-si 7320 qutu, oktyebarın 24-ü isə 7380 qutu “Nurafen” suspenziya, noyabrın 25-də isə 25488 qutu 200 mq-lıq “Nurafen” tablet idxal edilib. Həmçinin həmin tarixdə 19512 qutu “Nurafen Forte” gətirilib. Əlavə olaraq 25 noyabrda 2016 qutu eyni təkibli 200 mq-lıq “İbubrofen” kapsul idxal edilib. Dekabr ayı üçün də idxal üçün müraciətlər var. Bir sözlə sözügedən dərmanların ölkəyə idxalında problem yoxdur”.

Farmokoloq Aydın Əliyevin sözlərinə görə dərman qıtlığının aradan qaldırılmasının yeganə yolu Azərbaycanda bu sahənin istehsalından keçir:

“Təssüf ki, son vaxtlar Azərbaycanda dərman problemi dərinləşib. Dərman strateji məhsul kimi tapılmır. Bundan əvvəl dərmanların qiymətlərindəki bahalaşmadan, keyfiyyətindəki problemdən danışırdıq. Bu gün isə dərmanın özü yoxa çıxıb. Yeganə şərt dərmanın ölkədə istehsalıdır. Nə qədər ki ölkədə dərmanların istehsalı 70-80 faizə qalxmayıb, biz dünyanın siyasi, iqtisadi, müharibə gedişatlarından asılı vəziyyətdə qalacağıq. Dərmanlar yalnız Səhiyyə Nazirliyinin xətti ilə deyil, həm də ayrı-ayrı sahibkarlar tərəfindən gətirilir. Onlar isə əlaqə yaratdıqları ölkələrdən dərman idxal edirlər. Təbii ki, burada dərmanın tərkibi, keyfiyyəti və qiyməti də ciddi problemdir. Unutmayaq ki, biz dərman gətirən sahibkardan və ya hansısa qurumun insafından asılı vəziyyətə düşmüşük”.

Aydın Əliyev qeyd edib ki, Azərbaycanda dərman zavodlarının açılması həm də yeni iş yerləri və həmin sahənin inkişafı deməkdir:

“Hətta bəzi dərmanlarla özümüz dünyaya çxış edə bilərik. Amma bir məsələ də əhəmiyyətlidir. Müalicədə əsas məsələdən biri profilaktik tədbirlərdir. Hər fəsilə uyğun qidalansaq, sağlamlığımızı qoruya bilərik. Bu, xəstələnməmək üçün kütləvi tədbirdir. Çalışmalıyıq ki, ağ un məhsullarından istifadə etməyək, doyana qədər yeməyək və zərərli qidalardan uzaq duraq. Bu təlimatlara da əməl etsək, xəstələnməyə və dərmana ehtiyac qalmayacaq”.

Qeyd edək ki, Azərbaycan dərman vasitələri əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s ölkələrdən idxal olunur.
Tarix: 30-11-2022, 21:45
Xəbəri paylaş





Xəbər lenti