“Az qalırlar, qaynanalarını da gətirib orada hansısa vəzifə ilə təmin etsinlər”“Biz türklərlə dostuq deyə Azərbaycan dilini unudub, Türk dilinə keçməliyik?”Həkim-psixiatr, ictimai-tibbi analitik Abdulla Şıxlinski “Hürriyyət”in əməkdaşı ilə söhbətində Azərbaycan səhiyyəsində mövcud olan problemlər haqda danışıb. Onun sözlərinə görə, Azərbaycan səhiyyəsində problemlər həddindən artıq çoxdur və bunun da bir çox obyektiv səbəbləri var:(Əvvəli bu linkdə:
AZƏRBAYCANA PULLU SƏHİYYƏ SİSTEMİ LAZIM İDİ? - Həkim-psixiatr, ictimai-tibbi analitik Abdulla Şıxlinski: “Xarici mütəxəssislər huşsuz xəstəyə diaqnoz qoya bilmirdilər”)
Abdulla Şıxlinski deyir ki, Türkiyədə “uzman” adını almış həkimlər Azərbaycanın bütün müalicə müəsisələrində “kök atıblar”: “Bu zaman belə bir sual ortaya çıxır? Necə olur ki, Türkiyədə oxuyub, “uzman” adını almış həkimlər Azərbaycana gələn kimi bizim yetkili orqanlar onları çox həvəslə qarşılayır, yerləşdirirlər. İnanın ki, bəlkə heç sənədlərinə də baxmırlar. Bizimkilər ordan gələnləri “Allah” kimi qəbul edib, əllərindən gələndən artığını edirlər. Əslində, sübutla görünən odur ki, Azərbaycanda xəstələri şikəst edən, yarıcan qoyan, həyatlarını təhkükədə qoyub, müəyyən cərrahi əməliyyatları uğursuz edib, onları ölməkdən betər edirlər. Əlbəttə, yaxşıları da var, amma inanın, 80 faizi savadsız kadrlar olur. Əgər Azərbaycanda 5 vətəndaş qeyri-düzgün müalicədən əziyyət çəkirsə, onun 3 nəfəri həmin “uzmanlar” tərəfindən müalicə olunmuş xəstələrdir.
Hansı tibb idarəsinə gedirsən, belə bir təsəvvür yaranır ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinə yox, Türkiyyə Səhiyyə Nazirliyinə tabedir. Orada işləyən adamların çoxu türkdür. Bəs, nəyə görə Türkiyədən gəlmiş uzman Türkiyə vətəndaşı və yaxud burdan gedib orda türk dilində təhsil alıb gəlmiş mütəxəssislər yüksək vəzifədə işləyirlər? Yəqin ki, xəstəxanalarda türk baş həkimlərinə az rast gəlmirsiz. Hətta xəstəxanaları idarə edənlər belə, türklərdir. Ən əsası da, fikir verirsinizsə, xəstəyə verilən müayinə kağızları da türk dilində olur. Başa düşürəm, biz dost, qardaş ölkəyik, amma bu o demək deyil ki, biz öz dilimizi unudub, türk dilinə keçməliyik. Azərbaycan səhiyyəsində belə bir qaydanın yaranması heç yaxşı işarə ola bilməz. Təsəvvür edin ki, rayonlarımızın birindən xəstə gəlib arayış alır, amma onu oxuya bilmir. Bu nə deməkdir? Niyə biz öz dilimizi unutmağa hazırıq?! Biz türklərlə dostuq deyə Azərbaycan dilini unudub, Türk dilinə keçməliyik?
Bəli, “iki dövlət, bir millətik”. Bu, öz yerində. Biz gedib tutaq ki, Özbəkistanda işləyib, Azərbaycan dilində arayış yaza bilmərik. Özbəklər də türk millətidir. Amma bunu əsla qəbul etməzlər. Həmçinin, Qırğızıstanda da işləyib, xəstəyə Azərbaycan dilində arayış verə bilmərik. Dövlət olaraq qəbul etməzlər.
Biz türkdilli xalqlar qrupuna aidik, amma Osmanlı türkü deyilik. Biz azərbaycanlıyıq, Azərbaycan türküyük. Ona görə də bizim yazdığımız da Azərbaycan dilində olmalıdır”.
Həkim-psixiatr, özünün təbirincə desək, “Azərbaycan səhiyyəsinin türklərin əlində qalmasından” narazıdır: “Onlar necə istəyirlər, elə də idarə edirlər. Hətta türklər laborator müayinənin göstəricilərini öz dillərində yazırlar, özü də qısaldılmış şəkildə. Onu mənim kimi azərbaycanlı həkim oxuyub başa düşməkdə çətinlik çəkirisə, yazıq xəstə bunu necə oxusun?!
Türklərin radiologiyada kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiyası sahəsində işləyən mütəxəsislərin çoxu Türkiyədə təhsil almış uzmanlardır. Onların yazdığı rezumelərin 90 faizi yararsızdır, səhvdir. İnanın, komissiya təşkil olunsa, yoxlanış keçirilsə, həmin həkimlərin verdiyi diaqnozlar səhv çıxacaq. Yeri gəlmişkən, bir faktı nəzərinizə çatdırım. Maqnit rezonans tomoqrafiyası zamanı xəstənin baş-beyin nahiyəsində 4 kista aşkar edilib. Uzman isə yazır ki, 1 kista var. Sonra xəstə təkrar gedir, bizim öz həkimlərimiz tərəfindən müayinə olunur və məlum olur ki, orada 4 kista var. Mən şəxsən səhv diaqnoz qoyan türk həkimə zəng vurmuşam, deyirəm ki, xəstənin başında 4 kista ola-ola niyə 1 kista yazmısınız? Cavab verir ki, 1 kista görmüşəm, 1 kista da yazmışam. Görün xəstənin həyatına nə qədər məsuliyyətsiz yanaşırlar. Bu da onu göstərir ki, həmin həkimlər özlərini “çox yuxarı”dan aparır”.
Abdulla Şıxlinski deyir ki, türk həkimlər azərbaycanlı həmkarlarına çox hörmətsiz yanaşırlar: “Bu yaxınlarda bizim mətbuatda bir yazı gördüm, deməli, bir türk həkim Azərbaycan həkimləri haqqında belə bir fikir səsləndirir ki, Azərbaycan həkimlərinin çoxu savadsızdır. Bu, bilirsiz nədən irəli gəlir, onlar türkdür deyə biz susuruq! Onlar bizim savadlı kadrlarımızı pisləyir, biz isə onları daha da qabağa dəvət edirik.
Amma mən əminliklə deyirəm ki, Türkiyədən gələn həkimlərin, yaxud da təhsil üçün gedənlərin əksəriyyəti savadsızdır. Xüsusən də nevrologiya, psixatriya, reabilitalogiya və başqa bəzi sahələr var ki, məsələn, vərəm xəstələri sahəsində olan həkimlər Türkiyədə təhsil alıb gəliblər, əsində isə xəstəliklərdən bixəbərdirlər. Onlar Azərbaycanda sırf tibbi biznes yaratmaq üçün vardırlar. Ən maraqlısı da budur ki, necə olur, həmin adamlar, yəni Türkiyədə təhsil alıb gəlmiş həkimlər burda çox həvəslə qarşılanır, amma Azərbaycandan işləmək, yaşamaq üçün hansısa həkim Türkiyəyə gedirsə, bizim həkimi orda o qədər sıxma-boğmaya salırlar ki… Sənədlərini yoxlamalardan keçirdir, nəsə bir yanlışlıq tapıb, həkimin qabağına bir əngəl qoyurlar. Nəticədə isə həmin şəxs geri qayıtmağa məcbur qalır.
Çox yüksək bilikli həkimlərimiz var ki, onlar Türkiyə Cümhuriyyətinə gediblər, orda onlara bildiriblər ki, sən bizim üçün yetərli deyilsən. Oraya gedən şəxslər gərək bütün sənədlərini sıfırdan təsdiq edə. Bir sözlə, az qala “gəl yenidən oxu” deyirlər. Müqayisə olaraq, bizim onların həkimlərinə münasibətimizə, bir də onların bizim həkimlərə qarşı münasibətlərinə baxın. Biz onların həkimlərinə “Allah” kimi yanaşırıq, onlar isə bizim həkimlərimizə “yararsız” hesab edirlər”.
“Bəs, bu nədən irəli gəlir” sualına həkim-psixiatr belə cavab verdi: “Çünki hal-hazırda Azərbaycan Tibb Universiteti bazara çevrilib. Tam məsuliyyətimlə deyirəm ki, Sovet dövründəki təhsillə indiki təhsilin arasında dağlar qədər fərq var. İndi təhsil ancaq biznes, pul deməkdir. Sovetin verdiyi təhsili heç bir xarici ölkə verə bilməz. O vaxt savadlı kadrlar çox idi. Doğrudur, həmin vaxt da pulla inistitut oxuyan var idi, amma indiki qədər deyildi.
Bu, o demək deyil ki, mən Sovet quruluşunu təbliğ edirəm. Xeyr! Sadəcə, müqayisə edib, oxuculara fikrimi çatdırmaq istəyirəm. Mənə çox pis təsir edir ki, bizim həkimlər Türkiyədə iş tapa bilmirlər, hansıkı savadlarına söz ola bilməz, amma biz savadsız həkimləri başımızın üstündə gəzdiririk. Savadları da, səviyyələri də bizim həkimlərdən aşağıdır”.
Bəs, Azərbaycan həkimlərinin İranda fəaliyyət göstərməsi üçün də süni maneə varmı? Abdulla Şıxlinski bu sualı aşağıdakı kimi cavablandırdı: “Mən bir həkim tanımıram ki, burdan gedib İranda işləyə bilsin. İran da bizə Türkiyə kimi tələb qoyur ki, gəl ixtisasını burda təsdiq elə. Və o qədər çətinliklər yaradırlar ki, ora gedən də qayıdır. Amma ordanda gələn həkimləri də biz başımızın üstündə saxlayırıq, öz həkimlərimizi isə saymırıq. Acı həqiqət budur. Türkiyə və İran ölkə olaraq öz həkimlərinə dəyər verir, bizdə isə tam əksinədir.
Əlbəttə, Amerika dövləti də bunu edir, amma ona bir söz deyə bilmərik. Çünki o ölkə hər kəsə eyni gözlə baxır. Hansı ölkədən həkim gəlirsə-gəlsin, onların iş rejimləri ağır olur.
Mən belə fikirləşirəm ki, bizdə təhsil səviyyəsi Sovet İttifaqı vaxtı daha güclü idi və o vaxtın həkimləri hələ də öz sözlərini deyirlər. İnsanlar aldanıb, uzmanların yanına getsə də, sonradan anlayırlar ki, elə nə varsa köhnə həkimlərdə var.
1998-2000-ci illərdən sonra Azərbaycan Tibb Universitetinin səviyyəsi həddindən artıq aşağı vəziyyətdədir.
Azərbaycan Tibb Universiteti indi böyük bir super-marketə çevrilib. Orada artıq tələbələrə təhsil verilmir. Bu da o deməkdir ki, Azərbaycan Tibb Universitetində klançlıq var, bu universiteti klanlar idarə edir. Zəncir kimi qohum, tanış, dost yığılıblar.
Az qalırlar, qaynanalarını da gətirib orada hansısa vəzifə ilə təmin etsinlər. Ona görə də Tibb Universiteni bitirən tələbələr çox savadsız olurlar. Savadsız kadrlar da tələbələrə savadsızlıqdan başqa heç nə öyrədə bilməz”.
Söhbətləşdi: Jalə FAMİLQIZI
Tarix: 2-12-2022, 16:37