Xəstələr soyuqdan donur... – TƏBİB isə istiliyi olmayan xəstəxanaların adını GİZLƏDİR
Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faizə çatdırılsa da, qaz olmayan əarzilərimizin sayı 982-dir. Onların arasında tibb müəssisləri və xəstəxanalar da var.
Siam.az bildirir ki, bunu Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov açıqlayıb.
Qurum rəsmisinin sözlərinə görə qazlaşdırılmayan tibb müəssiələri, məntəqələri və xəstəxanalara hər il müvafiq olaraq odun tədarükü görürlər.
Maraqlıdır, ölkədə qaz olmayan xəstəxanaların sayı nə qədərdir və onlar hansılardır?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müraciət etdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əksəriyyəti istilik sistemi ilə təchiz olunub:
“Hazırda bir neçə ucqar rayon mərkəzi xəstəxanasının nəzdində olan kənd məntəqələrində istilik odun tədarükü hesabına təmin olunur. Bəzi kəndlərdə təbii qaz təchizatının olmaması da buna səbəblərdən biridir. Qeyd edək ki, TƏBİB tərəfindən istilik sistemi mövcud olmayan kənd tibb məntəqələrinin qeydiyyatı aparılıb. Hazırda istilik sisteminin quraşdırılması mümkün olan məntəqələrdə bu istiqamətdə iş aparılır”, - deyə TƏBİB-dən bildirilib.
Göründüyü kimi, TƏBİB qaz olmayan xəstəxana və ya tibb məntəqələrinin adlarını açıqlamayıb. Səbəb maraqlı qalsa da qurumdan bu barədə hər hansı reaksiya verilməyib.