Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?


Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir. 
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəbələrdə ana səhifəsi hər yeniləyəndə virusla bağlı 10-a yaxın statusa rast gəlinir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Xüsusən, qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər. Hətta təhlükəli virusun COVID-19-un “omicron” ştamı, “donuz qripi” olması ilə bağlı iddialara da rast gəlinir. 
Səhiyyə Nazirliyi də bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər. 
Ölkədəki infeksion vəziyyətlə bağlı infeksionist Vüqar Cavadzadənin fikirlərini öyrəndik.  “Qafqazinfo”ya açıqlama həkimin sözlərinə görə, son günlərdə yayılan xəstəlik havaların soyuması ilə yayılan mövsümi, kəskin respirator virus infeksiyalarıdır. Hazırda xəstlərdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır: “Qəflətən başlaması, kəskin əlamətlərlə müşahidə edilməsi qrip xəstəliyindən xəbər verir. Müşahidələr göstərir ki, bu xəstələr ailədaxili, ev şəraitində yoluxurlar. İstər böyüklər, istərsə də uşaqlar arasında rast gəlinir. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir. Bura yüksək temperatur, baş və əzələ ağrıları, iştahsızlıq, halsızlıq daxildir. Bunlar 2-3 gündən sonra keçib gedir və xəstələrin həyatı üçün hər hansı təhlükəli məqam yoxdur”. 


Yayılan virusun indiyə qədər keçirdiyimiz qripə bənzəməməsi, “omicron” ştamı və ya “donuz qripi” olması ilə bağlı iddialara gəlincə isə, həkim sözügedən infeksiyanın əlamətlərinin qripə bənzədiyini bildirib: “Burada “omicron”a bənzər əlamət yoxdur. Bu ştam başlayanda boğaz ağrısı ilə başlayır və 37-38 dərəcə temperatur olur. Həm də tədricən başlayır. Amma qrip kəskin başlayır və yüksək temperatur müşahidə olunur. Xəstələrdə demək olar ki, boğaz ağrısı müşahidə edilmir, daha çox quru öskürək olur. Bu əlamətlər qripəbənzər əlamətlərdir. Bu xəstələrdə intoksikasiya sindromu müşahidə edilir. Xəstəliyin azalıb-artması dalğavari xarakter daşıyır. Bu cəmiyyətdə xəstə şəxslərin insanları nə qədər yoluxdurmasından asılıdır. Xəstə şəxs, virus daşıyıcısı cəmiyyət içərisinə daha çox çıxırsa, qapalı məkanlarda daha çox olursa, daha çox insanın yoluxdurulmasına səbəb olur”. 
İnfeksionistin sözlərinə görə, COVID-19-da olduğu kimi, bu infeksiyadan qorunmaq üçün də ilk növbədə məsafə saxlanılmalı, qapalı məkanlarda maska taxılmalıdır: “Otağın havası yenilənməli, mövsümə uyğun geyinilməlidir. Evdə geyinilən paltarla çölə çıxmaq olmaz. Açıq havada çox gəzmək lazımdır. Vitaminli-minerallı qidalar, meyvə-tərəvəz yemək lazımdır. Ehtiyac olarsa, tabletka şəklində olan polivitaminlər içilməlidir”. 
Qeyd edək ki, artıq bir sıra Avropa ölkələrində qrip sürətlə yayılmağa başlayıb. Hətta bəzi ölkələrdə qrip hallarının koronavirusa yoluxan şəxslərin sayına çatdığı bildirilir. Qripə yoluxma artdığından Belçikada rəsmi olaraq qrip epidemiyası elan olunub. Belçikadan əvvəl isə Almaniya və Slovakiyada da qrip epidemiyası elan edilmişdi. 
Qripə yoluxma hallarında artım olduğundan bir neçə ölkədə xəstəxanaların iş yükü artıb. Bu səbəbdən də, bir çox xəstəxanalarda təcili olmayan müayinələr başqa zamana təxirə salınıb.
Tarix: 5-01-2023, 16:59
Xəbəri paylaş





Xəbər lenti