Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov Teleqraf.com-un sualların cavablayıb.Onunla müsahibəni təqdim edirik.
- Əlizamin doktor, Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Yüksək hərarət, boğaz, baş, əzələ-sümük ağrıları və öskürək kimi əlamətlərlə müşahidə olunan bu xəstəlikdən demək olar ki, ölkə əhalisinin yarısı əziyyət çəkir. Bu, virusun hansı növüdür?- Son günlər Azərbaycanda yayılan qrip simptomlu virusun nə olduğunu müəyyən edən bir tədqiqat yoxdur. Araşdırma aparılmır, bir mütəxəssis rəyi açıqlanmayıb bilək ki, ölkədə yayılan xəstəlik nədir, virusun hansı növüdür... Bu, COVID deyil. Təbii ki, koronovirus da var, amma COVID-19-la bağlı işimiz demək olar ki, bitmək üzrədir.
Pandemiya zamanı insanlar maska taxmaqla, gigiyenik qaydalara riayət etməklə digər respirator virus infeksiyalarının qarşısını müəyyən qədər almışdılar. Elə ki, COVID-ə qarşı məhdudiyyətlər aradan qalxdı, digər xəstəliklər yayıldı.
Bu gün yanıma çox ağır vəziyyətdə olan bir uşaq gətirmişdilər. Hər iki tərəfdən ağır bronxial, tənəffüs yetməzliyi ilə bizə müraciət edən uşağın ünvanı reanimasiya idi. Amma Bakı şəhərində bir dənə də boş reanimasiya yoxdur. Reanimasiya şöbələrinin hamısı həddən artıq ağırlaşmış formada olan uşaqlarla doludur. Ölkədə vəziyyət kirtikdir.
Baxmayaraq ki, virus insanlarımızı çox narahat edir, amma hazırda Azərbaycanda bu virusla bağlı bir məlumat və ya mütəxəssis rəyi yoxdur. Dünyada aparılan müşahidələrə göstərir ki, ötən ilin oktyabrın sonlarından başlayan virus öncə Qərbi Avropada, daha sonra Şərqi Avropaya yayılıb.
Azərbaycanın Şərqi Avropa ilə bir qədər yaxınlığı var. Hazırda ölkəmizdə geniş yayılan xəstəlik respirator sinsitial virus (RSV) infeksiyasıdır. Körpə və 5 yaşa qədər uşaqlarda çox kəskin pnevmoniya verir, yaşı 65-dən yuxarı olan şəxslər isə bu infeksiyanı nisbətən yüngül keçirirlər.
Amma risk qrupuna daxil olan insanlar var, söhbət immun sisteminin problemləri, yanaşı xəstəlikləri, onkoloji, romatoloji xəstəlikləri olan pasientlərdən gedir, onlar bu xəstəliyi çox ağır keçirirlər.
- Respirator sinsitial virusun (RSV) başqa virus infeksiyalarından fərqi nədir?- Bu virus bizə məlum olan rinovirus, adenovirus və digər infeksiyalardan daha çox aşağı tənəffüs yollarını zədələyir. Körpə uşaqlarda bronxlar çox zəif və incə olur. Bronxların tutulması zamanı birinci növbədə tənəffüs yetməzliyi inkişaf edir. Bir yaşa qədər uşaqlar bu infeksiyanı çox ağır keçirirlər. Ona görə də onlara daha intensiv terapiya zərurəti yaranır.
- Respirator sinsitial virusun (RSV) vaksini varmı?- Dünyada bu virus infeksiyasının vaksini yoxdur. Heç müalicə üsulu da yoxdur. Yalnız sağalmaya ümumi təsir göstərən preparatlardan istifadə olunur. Necə ki, COVID-19 epidemiyası yayılan zaman ümumi tədbirlərə başladıq, bu virus zamanı da maye qəbulunun çoxalması, oksigenin verilməsi, hərarətin salınması və sair tibbi tədbirlər görülür.
Amma digər bir preparatlar qrupu mövcuddur ki, ona monoclonal antibodies (mAbs) deyilir. Əsasən 5 yaşa qədər uşaqlara tətbiq olunur. Bu preparat ölkəmizdə yoxdur. Heç düşünmürəm ki, bu dərman Türkiyədə də olsun. Hər ay vurulan bu preparat çox yaxşı effektə malikdir.
Uşaqların hospitalizasiyasını, reanimasiyaya getmə şansını azaldır, xəstəliyin işin yüngülləşdirir. Hesablamalar göstərir ki, bu preparat bir uşağa 5 ay müddətində vurulmalıdır. Xəstəliyə dair aktiv vaksin olmadığı üçün bunu passiv immunizasiya hesab etmək olar.
Bu preparatın qiyməti təxminən 3400-4500 avrodur. Bu da bizim üçün əlçatan deyil.
- Qeyd etdiniz ki, bu virusdan xüsusən uşaqlar əziyyət çəkir. Bunun səbəbi nədir?- Bu gün ölkədə RSV tüğyan edir. Ən yaxşı halda tövsiyə etmək lazımdır ki, bütün ali və orta təhsil müəssisələrində virusa yoluxmuş uşaqlar evdə qalsın. Sanki valideynlərin işi daha önəmlidir. Gətirib xəstə uşaqları məktəbə və ya bağçaya təhvil verib gedirlər. Bir xəstə uşağın bir sinfə daxil olması, ən azı 30 uşağın xəstəliyi deməkdir.
Bu infeksiyanın çox yüksək yoluxuculuq qabiliyyəti var. Ona görə də uşaqdan böyüyə hər kəsin həyatı üçün təhlükə yaranacaq.
- İnsanlar hansı profilaktik tədbirlər görməlidir? Məsələn, qida rasionunda nəyə üstünlük verməlidir?- İlk növbədə virusa yoluxmuş insanların evdə qalması önəmlidir. Təbii ki, ağır hallarda xəstəxanalara müraciət etmək lazımdır. Gigiyenik qaydalara riayət etmək, əlləri mütəmadi sabunla yumaq və uşaqlara da bunu tətbiq edərək öyrətmək vacibdir. Yuyulmamış əllərlə buruna, ağıza və gözlərə toxunmaqdan yayınmaq lazımdır. Hesab edirəm ki, bu praktika Azərbaycanda kifayət qədər mükəmməldir.
İnsanları qida ilə qorumaq olmaz. Əsasən gigiyenik qaydalara riayət etmək lazımdır. Kütləvi yerlərdə maska taxmaq, qapalı yerlərdə otağın havasını mütəmadi dəyişmək olduqca vacibdir. İş yerlərində ventilyasiya sistemini yaxşılaşdırmaq da başlıca şərtdir. Bir çox hallarda 10 nəfər bir otaqda çalışır. Bu xəstəlik də əsasən hava-damcı yolu ilə yayılır.
İnsan öskürdükdə, asqırdıqda, hətta danışanda belə bu infeksiya uzun müddət havadan asılı qalır və bronxlarda, ağ ciyərlərdə xəstəlik törədə bilir.
Xəstə insanlarla yaxın təmasdan, məsələn, öpüşmək, əllə görüşmək, əşyaları paylaşmaqdan uzaq durmaq məsləhətdir. Tez-tez toxunulan səthləri təmizləmək və dezinfeksiya etmək lazımdır. Həmçinin maye qəbulunu artırmaq da önəmlidir. Həqiqətən də Azərbaycanda xəstəlik çox geniş yayılıb.
Xəstə insanların evdə oturması çox önəmlidir. İctimai nəqliyyata bu insanların daxil olması ən kritik məqamlardan biridir. Çünki bu halda xəstəliyin çox sürətlə yayılması baş verəcək. Ona görə də virusa yoluxmuş insanlar qapalı yerlərdən mümkün qədər uzaq olmalıdır.
- Virusun ömrü nə qədərdir?- Düşünürəm ki, bu virus fevralın sonu, martın ortalarına qədər davam edəcək. Bu, 5-6 ay müddətində çox aktual olan respirator infeksiyadır. Bu virus heç vaxt bu qədər yüksək olmayıb. Avropada aparılan tədqiqatlar göstərir ki, respirator viruslar içərisində ən çox yayılanı məhz RSV-dir.
Tarix: 8-01-2023, 11:41