Monopolistlər xalqa qarşı: Apteklərdən “yoxa” çıxan dərmanlar - QƏSDİMİZƏ DURUBLAR...
Ötən il dekabr ayından ölkəmizdə bir çox insan boğaz ağrısı, yüksək hərarət, əzələ ağrısı, qrip hesab etdikləri xəstəlikdən şikayətçidir.
Koronavirus infeksiyasının azaldığı bir vaxtda yayılan virusun COVID-19 infeksiyasının alt ştamı olduğu iddiasını irəli sürənlər də oldu.
Tibb mütəxəssisləri isə uşaqlar və böyüklər arasında müşayiət olunan xəstəliyin qrip yox, kəskin yoluxucu virus infeksiyalarından biri olduğunu deyiblər.
Uzun sürən, insanları əldən salan xəstəliyin müalicəsi üçün xəstəxanalarla yanaşı, apteklərə müraciət edənlərin sayı artıb.
Siam.az bildirir ki, Cebhe.info-nun əməkdaşı paytaxtda yerləşən bir neçə aptekə baş çəkərək, son zamanlar hansı dərman preparatlarına daha çox ehtiyacın olduğunu öyrənməyə çalışıb.
Əczaçılarla söhbət zamanı məlum oldu ki, apteklərə müraciət edənlərin əksəriyyəti eyni simptomlardan əziyyət çəkirlər.
Əlamətləri əsasən, yüksək hərarət, boğaz ağrısı və quru öskürək olan xəstəliyi evdə müalicə eləmək istəyənlər bir başqa problem, dərman çatışmazlığı ilə rastlaşırlar.
Belə ki, son zamanlar apteklərdə bəzi dərmanlar, xüsusilə soyuqdəymədə istifadə olunan siroplar tapılmır. Hər gün bu barədə məlumatlara sosial şəbəkələrdə rast gəlirik. Elə söhbətləşdiyimiz əczaçılar da dərman çatışmazlığını təsdiq etdilər. Bir zamanlar yodun yoxa çıxdığı paytaxt apteklərində indi də hərarətsalıcı dərmanlar yoxdur.
Həmsöhbətimiz deyir ki, əsasən uşaqların soyuqdəyməsində istifadə olunan "Nurafen" kimi siroplar satılmır. Adıçəkilən siropun nə özünün, nə də əvəzedicisinin gəlmədiyini qeyd edib.
Onun sözlərinə görə, əvvəllər satışda olan “Nurafen” həbi artıq günlərdi yoxdur, qızdırma əleyhinə dərman vasitələrindən yalnız “Paracetamol” var.
Olduğumuz digər əczaxanalarda da vəziyyət eyni idi. Belə ki, insanların əlində reseptlə müraciət etdiyi apteklərdə onların dərdinə dərman hesab edilən vasitələr "yoxa" çıxıb.
Əczaçılar “Nurafen”lə yanaşı, “Panadol”un, “Loperamid”in, “İbufen”in və digər temperatur əleyhinə istifadə edilən dərmanların uzun müddətdir apteklərə gəlmədiyini deyiblər.
Əczaçılar dərmanların qıt olma səbəbini bilmədiklərini deyiblər. Hazırda aptekdə hansı dərman yoxdursa, məhz paytaxt sakinləri də həmin dərmanı istəyirlər.