Şaxtada əllər üşüyür, bəs viruslar? - sərt havanın yoluxmalara təsiri


 

Pulmonoloq Əsəd Beydullayev: “Deyilənlərin elmi əsası yoxdur, xəstəlik ona görə yayılır ki...”

Qış mövsümünün Böyük çillə dövrünü yaşayırıq. Artıq iki gündür bu qış ilk dəfə sərt üzünü göstərib. Paytaxt Bakıya da qar yağıb, temperatur 0 dərəcədən aşağı enib. Bəs kəskin havalarda viruslar, mikroblar özünü necə "hiss" edir? Şaxtada əllər, qulaqlar üşüyür, bəs viruslar? Ölkədə epidemioloji durum nə yerdədir? İnsanlar qidalanmada, həyat tərzində hansı qaydaları gözləməlidir? O sırada immuniteti zəif, yaxud xroniki xəstəlikləri olanlar daha çox nələrə diqqət etməlidir?
Həkim-pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qış aylarında infeksiyaların artma səbəbi havanın soyuq olmasından daha çox, insanların qapalı ortamlarda daha çox olmasındadır: “Otağın havalandırması olmur. Daha çox hamı bir yerə toplaşmağa çalışır. İsti havalarda restoranlarda açıq havada bir yerdə toplaşırdılarsa, indi bağlı yerdə otururlar. Bunların içində də bir nəfər belə xəstə olarsa, bu da digərlərini yoluxdurur. Qış aylarında qripin artmasına səbəb də insanların bir-birinə yaxın təmasda olmasıdır. Təbii olaraq günəşin düz düşən şüaları viruslara öldürücü təsir göstərir. Ancaq günəş olmayan havalarda təbii ki, viruslar üçün də daha əlverişli şərait olur. Misal üçün, bir adam asqırdı, ya da əlini ağzına tutub, sonra da bir yerə vurdusa orada olan virus digər adama da keçə bilər. Soyuğun belə bir təsiri var”.
Həkim “Yanvarın əvvəli günəşli keçdi, amma xəstələnənlərin sayı yenə çoxaldı. Bəzi ekspertlər dedilər ki, qışda belə hava xəstəliyin artmasına səbəb olur, əksinə qarlı hava viruslar, mikrobların ölməsinə səbəb olur. Bu fikirlə razısınızmı” sualına belə cavab verdi: “Bunu deyirlər, amma mən bunun elmi əsasını heç cürə tapa bilmirəm, mikroblar ölər deyə bir şey yoxdur. Qrip adı ilə tanınan bu hal influensa deyilən virusdur. Bu da hava damcı üsulu ilə yayılan bir virusdur. İnsan asqırarkən, öskürərkən ağızdan çıxan xırda hava damcılarının üstünə qonur, oradan da sağlam insana keçir, yoluxdurur. Dediyim kimi, insanlar qışda qapalı ortamda olduqlarına görə  tez-tez xəstələnirlər”.

Ə.Beydullayev əlavə edib ki, son bir ayda xəstələrin sayında artım var: “Xəstəlik özünü bu il daha çox öskürəklə göstərir. Bu ştamlar hər il fərqli olur. Bu, ilki formada öskürək, üst tənəffüs yollarının qıcıq olması, ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərir. Ona müvafiq də müalicəsi aparılır. Onu tövsiyə edərdim ki, insanlar yanlışlığa yol verməsinlər. Çünki bu, bir çox fəsadlara gətirib çıxarır. Birinci üç gün ərzində qrip baş verirsə, əgər şəxs 60 yaşın üzərində və ya 5 yaşdan aşağı deyilsə, ağır xəstəliyi olan biri deyilsə, onda antibiotik, ya da digər dərman içmək tövsiyə olunmur. Bol maye qəbul etmək, vitaminli qidalar yemək, daha çox hərəkətdə olmaq lazımdır. Üç gündən artıq davam edən qızdırmalarda artıq həkimə müraciət etməliyik, ehtiyac varsa, antibiotikə başlamaq olar”.
Həkim bu aylarda insanların qidalanmasında vacib olan bəzi məqamlara da toxunub: “Üst tənəffüs yollarının belə bir xüsusiyyəti var ki, soyuq qidalar yerli damarlarda spazma əmələ gətirir. Belə olanda da orada qan dövranının pozulması dolayısı ilə immunitetin düşməsi kimi dəyərləndirilir. İndi satışda naringi çoxdur, insanlar da alıb yeyir. Mümkün qədər soyuq halda yeməkdən qaçmaq lazımdır. Ümumi isə istər qripə yoluxmuş insan olsun, ya da sağlam adam olsun, daha çox mayeli qidalara üstünlük verilməlidir. Misal üçün, şorbalardan, toyuq bulyonlarında hazırlanan yeməklər, isti yeməklərdən istifadə etmək lazımdır. Quru, qıcıqverici qidalardan deyil, isti, maye, neytral qidalar qəbul edilməlidir. Xəstəliyə yoluxmuş insanlara isə bunlara mütləq əməl edilməsi tövsiyə olunur. Çünki əksər qidalar mədə turşuluğunu artırır. Məsələn, ədvalı, turş qidalar zədələnmiş üst tənəffüs yollarını qıcıqlandırıb öskürəyi uzun müddət edə bilir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da nazirliyin sosial media hesablarına respirator viruslarla bağlı verilən sualları cavablandırıb. O deyib ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: “Müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür.
Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayiət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Bu əlamətlər xəstəliyin ağır gedişini və müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərir. Risk qruplarına daxil olan şəxslər isə qeyd edildiyi kimi, baş verə biləcək hansısa bir ağırlaşmanın vaxtında aşkar olunması və müalicəsi məqsədilə xəstəliyin ilk günündən etibarən ciddi həkim nəzarəti altında olmalıdırlar".

İnfeksionist əavə edib ki, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır: “Qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümi qrip xarakteri daşıyır. Yəni hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyaların da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümi infeksiyalara yoluxma hallarının artması gözlənilən idi. Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir. Həmçinin otaqların tez-tez havalandırılması və xəstə ilə, ələlxüsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləri olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Eyni zamanda xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, gecikmədən həkimə müraciət edilməsi zəruridir”.
T.Eyvazov 30-a yaxın ölkədə yayılan “Omikron” XBB. 1.5 alt tip variantı barədə də danışıb: “Yeni yarandığı üçün hələlik bu ştamm haqqında bilgilər məhduddur. Qeyd olunur ki, "Omikron"un digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik. Hazırda “Omikron” XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur".
Tarix: 10-01-2023, 09:19
Xəbəri paylaş





Xəbər lenti