Səhiyyə Nazirliyi “dərman satışı ilə bağlı yaranmış qıtlıq qurumun səlahiyyətlərinə aid deyil” deyir, şirkətlər isə sus Son zamanlar apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı şikayətlər artıb. Xüsusilə uşaqlar üçün qızdırma salan preparatların, siropların tapılmaması narazılıq yaradır. Kəskin respirator virusların yayıldığı zamanda bu cür sıxıntının yaranması vətəndaşların haqlı narazılığına səbəb olur. “Yeni Müsavat” qəzetinə daxil olan şikayətlərdən bir neçəsini nəzərinizə çatdıraq:
Aytən Əhmədova: “Siroplar lazımdır. Məsələn, "Panadol", “Nurofen”, “İbufen” tapılmır. Mənim ən çox istifadə etdiyim “Nurofen”dir. Sentyabrdan bu günə qədər nə zaman axtarmışam, tapılmayıb. Özüm Sumqayıtda yaşayıram, amma Bakıda işləyirəm. Hər iki şəhərdə bir çox aptekdən maraqlanmışdım. Dərman anbarlarından da soruşmuşam, yoxdur. Bugünlərdə ehtiyat üçün almaq istədim, öyrəndim ki, bəzi apteklərdə az sayda olur, gəlməyi ilə bitməyi bir olur. Əvəzində İtaliya, Hindistan istehsalı dərmanlar təklif olunur, amma onlara da etibar etmirəm. Xatırlayıram ki, bir dəfə, deyəsən, elə Hindistanda uşaq dərmandan zəhərlənib ölmüşdü. Buna görə də qorxuram".
Rəsul Həsənov: “Uşağımın 3 yaşı var. Keçən həftə xəstələnmişdi. Qızdırma salan siropları tapa bilmədim. Hətta mənim dərman anbarında tanışım var. Xırdalan qəsəbəsində bir aptekdə tapa bildik, amma mən Sabunçu qəsəbəsində yaşayıram, necə gedim?”Gülər Mehdiyeva: “Dekabrda nəvələrim xəstələnmişdi. Həkim məsləhəti ilə "Nurofen" verməli idik. Yeni Günəşli qəsəbəsində yaşayırıq. Evin yanında Əhmədlidə, başqa yaxın ərazilərdə də axtardıq, tapa bilmədik. Məcbur olub təcili yardıma müraciət etdik. Gecə vaxtı körpələrə sistem qoşuldu. Siropu tapa bilsəydim, buna ehtiyac qalmazdı".
Dərman qıtlığının Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğu istisna edilmir, çünki Azərbaycana dərman preparatları əsasən Rusiyadan idxal edilirdi. Gürcüstan dərman bazarındakı boşluğu Türkiyədən idxal hesabına doldurmağı bacardı. Ölkənin baş naziri İrakli Qaribaşvili açıqlamasında bildirmişdi ki, Türkiyədən keyfiyyətli və baha olmayan təxminən 200 dərmanı 60-70 faiz ucuz almaq istiqamətində tədbirlər görülür. Bəs Azərbaycanda problemdən çıxış yolu nədir?
Həkimlər də son vaxtlar çatışmazlıq olduğunu bildirirlər. Pediatr Günay Rəsulova “Yeni Müsavat”a açıqlamasında uşaqlar üçün qızdırma salan siropların çatışmadığını təsdiq etdi: “Bu, təkcə bu günün problemi deyil. Xeyli müddətdir bununla bağlı şikayətlər var. Ən çox istifadə olunan "Nurofen", “İbufen”, “Panadol” tərkibli preparatlar satışda yoxdur. Alternativləri məsləhət görürük, amma valideynlər ən çox istifadə olunanları tapmaqda çətinlik çəkirlər. Problem son 4-5 ayda yaranıb. Mövsümi xəstəliklər yayıldığına görə xüsusilə hərarətsalıcı dərmanlara tələbat artıb. “Parasetamol” tərkibli “Supofen”, “Tylol”, “Sefekon” şamları, “İbuprofen” tərkibli “Kendo” damcı, “Paidofebril” tapılmır. Alternativ preparatlar tövsiyə edirik, lakin reallıq budur ki, sıxıntı böyükdür".“Yeni Müsavat”ın əməkdaşı paytaxtın bir neçə rayonunda apteklərdə də araşdırma aparıb.Səbayel rayonunda yerləşən apteklərdən birinə daxil olduq. Bildirildi ki, bir neçə aydır qızdırma salan siroplar tapılmır: “Müştərilər ən çox "Nurofen"i soruşurlar. Neçə aydır çətinlik yaşayırıq. Bu yaxınlarda az sayda gəldi, dərhal da satıldı. Tələbat adi vaxtda da çoxdur. Xəstəlik də çox yayıldı deyə tələbat daha da artdı. Buna görə də narazılıqlar bitmir".
Maraqlıdır ki, Bülbül prospektində yerləşən bir neçə aptekə də problemlə bağlı suallar ünvanlasaq da, cavab ala bilmədik.
Bakı Metropoliteninin “28 May” stansiyasında yerləşən aptekdən bildirildi ki, sözügedən preparatlarla bağlı heç zaman problem olmayıb: “Biz dövlət apteki olduğumuz üçün bizdə çatışmazlıq demək olar ki, olmur. Hazırda da qızdırma salan siroplar var. Buyurun, istəsəniz, şəkillərini çəkə bilərsiniz”.
Şəmsi Bədəlbəyli küçəsindəki aptekin əməkdaşı bir neçə aydır bəzi siropların gəlmədiyini etiraf etdi: “İbufen D” sirop, “Paraferin Plus” sirop, “İbufen” sirop, “Parasetamol” sirop tapılmır. Biz dərmanları anbarlardan alırıq. Anbarda olsa, gətirərlər".
Nizami rayonundakı apteklər birindən də soruşduq. Aptek əməkdaşı qeyd etdi ki, tələbat daha çox “Nurofen”ədir, lakin bu, alışqanlıqla bağlıdır: “Vətəndaşlar ilk "Nurofen"i soruşurlar. Halbuki başqa siroplar da var: "Paraferin", “Tempanor”, “Panadol”. Maraqlıdır ki, bu siropları istəmirlər. Konkret “Nurofen” iki həftədir gəlmir. Çatışmazlıq daimi olmur. Bəzi aylarda yaşanır".Məlumdur ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir. “Yeni Müsavat”ın dərman anbarlarından biri ilə əlaqə saxlayıb qıtlığın səbəbini öyrənməyə çalışdı: “Bazada olmadığına görə biz də lazımi dərmanları ala bilmirik. Biz bütün özəl apteklərlə əməkdaşlıq etmirik. Lazımi dərmanlar tapılmasa da, əvəzedicilərini təklif edirik. Hazırda "Nurofen" sirop bir neçə aptek şəbəkəsində mövcuddur. “İbufen” sirop bir müddətdir yoxdur".
Müşahidələrimiz göstərdi ki, adıçəkilən preparatlar əsasən Türkiyə istehsalıdır. Səhiyyə Nazirliyindən “Yeni Müsavat”a bildirildi ki, dərman satışı ilə bağlı yaranmış qıtlıq qurumun səlahiyyətlərinə aid deyil. Şirkətlərə gəlincə, bir neçə şirkətlə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, nəticəsiz oldu.
Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov zaman-zaman yaşanan bu problemlə bağlı müzakirələrin aparıldığını demişdi: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Problemin qarşısı qısa zamanda alınmalıdır”.
Tarix: 17-01-2023, 08:56