Xərçəngə ancaq o halda qalib gələcəyik... - Onkoloqdan çıxış yolları
Bu gün Beynəlxalq Xərçənglə Mübarizə günüdür. Faktlar göstərir ki, əsrin bəlasına çevrilən bu xəstəliyə yoluxanların sayı günü-gündən artır.Onkoloqların qəbulunda müşahidə olunan uzun-uzadı növbələr “xərçəngin” son illər daha çox yayıldığından xəbər verir.
Niyə? Buna səbəb nədir? Yediyimiz qidalarmı? Yaşadığımız gündəlik rejimmi?Yenicag.az xəbər verir ki, Leyla Klinikasının onkologiya şöbəsinin müdiri, həkim-onkoloq Aliyə Aslanlı müşahidələrimizin doğru olduğunu təsdiqlədi və xərçəngdən qorunmağın yollarını açıqladı:
“Son illərdə onkoloji xəstəliklərə daha çox gənclərdə rast gəlinir. Çünki genetik baxımdan gənclər risk qrupuna daha çox aiddirlər. Valideynlərdə, baba və nənələrdə bu xəstəlik varsa, diqqətli olmaq lazımdır.
“Yüklənmiş ailə” anamnezi hər zaman aydın olur, ona görə də həkimlər daha dərin çalışır.
Xərçəngin inkişaf riskini də artıran bir çox sindrom var. Və bu sindromlar daha çox özünü orqanlarda büruzə verir.
Müasir tibb artıq xərçənglə mübarizə üçün bizə bir çox imkanlar yaradıb. Onlardan birincisi vaxtında aparılan tibbi müayinədir. Məhz bu müayinələr xəstəliyin inkişafının qarşısını almağa kömək edir. Həmçinin “pis” genlər daşıyan xəstələrə profilaktik cərrahiyyə də təyin edilə bilər. Məsələn, əgər insanda “tiroid xərçəngi”nə səbəb olan RET geni və ya mədə patologiyası üçün irsi gen olan CDH1, həmçinin döş xərçənginin inkişafını artıran BRCA-1 və 2 genləri varsa, yuxarıda bəhs edilən müalicə üsulu ilə bu xəstəlikdən qorunmaq mümkündür.
Onkoloji xəstəliklərin bir çox yaranma səbəbi yediyimiz qidalar və pis vərdişlərdir.
Xüsusən də gənclərin fast- food sevgisi, alkoqoldan həddən artıq istifadə və siqaret bu xəstəliyin “gəncləşməsinə” səbəb olub. Bir məsələni də unutmaq olmaz: böyük şəhərlərdəki əhali sıxlığını və pis ekologiyanı… Bu da ağciyərlərə çox mənfi təsir göstərir.
Bundan əlavə, xatırladım ki, immuniteti aşağı olan insanın xərçəngə tutulma riski daha yüksəkdir, ona görə də orqanizmin qoruyucu funksiyalarını gücləndirmək vacibdir.
Məncə insan ilk öncə özünü sevməlidir ki, hər hansı bir xəstəliklə mübarizə istəyi və məqsədi olsun. Gəlin hər birimiz ilk növbədə sağlamlığımızı qorumağa özümüzü sevməkdən başlayaq.
Tarix: 4-02-2023, 12:56