Bu dondurmalardan bakteriya aşkarlandı amma marketlərdə satılır-Təhlükə
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində apardığı monitorinqin nəticələrinə görə, bir sıra firmalara məxsus dondurmaların tərkibində bakteriyalar aşkarlanıb. Buna rəğmən, həmin firmalara məxsus dondurmaların hələ də satışdadır. İnsanların sağlamlığını təhlükə qarşısında qoyan bakteriyalı dondurmaların satışdan yığışdırılmaması əhali tərəfindən böyük narazılıqla qarşılanıb. AQTA tərkibində bakteriya aşkarlanan dondurmaların ticarət şəbəkələrində hələ də satıldığı ilə bağlı iddialara cavab verib.
Qurumdan bildirilib ki, bəzən vətəndaşlar adları açıqlanan firmaların istehsalı olan bütün dondurmaların tərkibində bakteriya olduğunu zənn edir. Halbuki, söhbət həmin istehsalçılara aid bütün partiya dondurmalardan getmir. Odur ki, istehlakçılara dondurma alarkən adları açıqlanan firmaların dondurmalarının istehsal tarixinə baxmaq tövsiyə olunur:
“Burada konkret olaraq, müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir. Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq. Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Bakupost.az -a deyib ki, süd məhsulu zülal mənşəli olduğundan, xarab olmağa, tərkibində mikroorqanizmlərin yaranmasına daha çox meyillidir. Qaydalara uyğun şəraitdə, yəni dondurucuda, lazımi temperaturda saxlanılmayanda xarab olur:
“Aparılan laborator yoxlamalar zamanı dondurmaların tərkibində aşkarlanan enterobacteriaceae insan sağlamlığı üçün çox təhlükəli bakteriyadır. Bu bakteriya bağırsaq mikroflorasının dəyişməsinə, iltihabi xəstəliklərə, tənəffüs yolları və böyrək xəstəliklərinə səbəb ola bilər. Sözügedən bakteriyanın olduğu dondurmanı qəbul edərkən insanda ishal yaranır. Bu zaman bağırsaqda faydalı bakteriyalar azalır və ya yoxa çıxır. Ona görə də, aparılan yoxlamalar zamanı tərkibində sözügedən bakteriya aşkarlanan dondurmaların satışdan geri çağrılması dərhal təmin olunmalıdır. Əks halda, bu dondurmaların qəbulu ölümlə nəticələnə bilər”.
Qeyd edək ki,
xəbər verdiyimiz kimi “Oazis” “İçərişəhər” “Zoluşka”, “Selena”“Naturalika” “Qoşa Qapı” bu dondurmaları almayın bakteriya aşkarlanıb
Tarix: 21-06-2024, 21:52