Tural Abbaslı: “Azərbaycan reallığında Nazirlər Kabineti söz sahibi deyil”
Vüsal Qarayev: “Nazirliklərin tərkibi tamam dəyişməlidir”Bu gün böhrandan çıxmaq üçün hər kəs hökumətin istefaya göndərilməsini vacib hesab edir. Əslində bu bir baxımdan doğru fikirdir. Çünki, ölkəni ağır böhrana məhz bu hökumət salıb. Ancaq son günlər əsas hədəf mərkəzinə gələn Nazirlər Kabineti və ona rəhbərlik edən Artur Rəsizadədir. Maraqlıdır, Baş nazir getsə, ölkə böhrandan çıxa bilərmi?
Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan hakimiyyətinin bir mərkəzdən idarə olunduğunu deyib. Onun sözlərinə görə, əgər həqiqətən də islahatlar aparılsa, nəyisə dəyişmək mümkün olacaq: “Azərbaycanda da mərkəzi fiqur prezidentdir. Hökumət və yaxud da nümayəndələr Azərbaycan reallığında söz sahibi deyillər. Düzdür, adi insanlarla, müxalifətlə müqayisədə söz sahibidirlər. Hökumət istefaya getsə belə, hansısa uğurun əldə olunacağına inanmıram. Ola bilər ki, prezident bu komandanı dəyişər və bununla yanaşı siyasi iradə ortaya qoyar. Ancaq o, zaman hansısa uğur əldə etmək mümkündür. Bu günə qədər Azərbaycanda bir çox nazirlər dəyişib.
2003-cü ildən bu yana 2-3 naziri çıxmaq şərtilə demək olar ki, bütün nazirlər 2-3 dəfə dəyişilib. Amma heç bir müsbət nəticə olmayıb, əksinə, hər şey mənfiyə doğru gedir. Bu bir daha onu sübut edir ki, Nazirlər Kabineti nəyisə həll etmir, əgər həqiqətən də prezident islahat qərarı verəcəksə və nazirlər istefayə göndəriləcəksə, o, zaman nəyisə dəyişmək mümkün olacaq. Amma görüntü xatirinə addımlar atılacaqsa, yenə də dəyişən heç nə olmayacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev deyir ki, kimin Baş nazir olmasından asılı olmayaraq heç nə dəyişməyəcək: “Əli İnsanov gedişi onsuz da bərbad olan səhiyyəni daha da yaman günə saldı, Oqtay Şirəliyev olan-qalanı da viran qoydu. Misir Mərdanov getdi, yeni gələn də dağıtdı. Yəni Artur gedəcək, Məmməd gələcək, fərqi yoxdur, heç nə dəyişməyəcək.
Böhrandan çıxmaq üçün ya bu hakimiyyət istefaya getməlidir, ya da hakim komandanın ən az 80 faizi dəyişməlidir. Məsələn, əslində olliqarx, monopolist olan nazirlərin hamısı vəzifədən uzaqlaşdırılmalı, barələrində cinayət işi açılmalı, əmlakları müsadirə edilməlidir. Milli Məclis buraxılmalıdır. Nazirliklərin tərkibi tamam dəyişməlidir. İcra hakimiyyətləri ləğv edilməli, bələdiyyə sistemi yenidən qurulmalıdır.
Yəni, hakimiyyətin bu günə kimi etdiklərini bir kənara qoyub, hər şeyi sıfırdan başlamaq lazımdır.
Əks halda, keçəl Həsənin, Həsən keçəllə əvəzlənməsi xalqı ağ günə çıxarmaz, əksinə, daha da qara günə qoyar. Və bir də gedənlərin yerinə gələnlər də onların davamçıları olmamalıdırlar. Tamamilə yeni baxış, yeni düşüncə, yeni təfəkkür, yeni yanaşma lazımdır bu ölkəyə. AXCP olaraq təkliflərimizdə də bütün bu məsələlərə toxunmuşuq. Bunlar olarsa, bəli, böhrandan çıxa bilərik”.
Vilayət Muxtar
Tarix: 12-01-2017, 10:03