Ruspərəstlər yaxşı oxusun! - Rusiyadan böyük ayıb
“Təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır. Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir”.Faktor.az xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Qənirə Paşayeva sosial şəbəkədə yazıb.
Millət vəkili Soçidə keçirilən “KVN – 2017”də Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakına etirazını bildirib:
“Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi etiraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq.
Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırırıq. Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir.
Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və separatçı rejimi təmsil edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu, yol verilməzdir”.
Tarix: 12-01-2017, 17:29