“Məcburi köçkünlərin imtiyazlarının ləğvi yolverilməzdir”
Mirmahmud Mirəlioğlu: “İnsanların hüquqlarını pozmaqla onların problemini həll etmək mümkünsüzdür”Məlum olduğu kimi, 2016-cı ildə məcburi köçkünlərin bəzi statusu ləğv edildi. Hazırda ölkə mediasında yer alan məlumatlara görə, 2017-ci ildə məcburi köçkünlərin daha bir neçə statusunun ləğvi reallaşacaq ki, bunlara işləyən, yaxud mənzil sahibi olan məcburi köçkünlərin çörəkpulu müavinətindən məhrum edilməsi, habelə, ali məktəblərin ödənişli bölümünə qəbul edilən məcburi köçkünlərin əvvəlki illərdən fərqli olaraq, təhsil haqqı ödəyəcəyi və s-dir. Maraqlıdır, Qarabağı qaytarmadan məcburi köçkünlərin statusunu ləğv etmək nə dərəcədə məntiqlidir?
Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hökumətin atdığı bu addımın yanlış olduğunu bildirib:
“Bu, ciddi məsələdir. Bu məsələ ilə bağlı əlaqədar qurumlar, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ciddi məşğul olmalıdır. Xatırladım ki, bu komitənin rəhbərinin çox böyük statusu var. O, baş nazirin müavinidir. Hansı ki, çox vaxt məcburi köçkünlərdən daha çox Ermənistana hədə-qorxu gəlmək, Qarabağ probleminin həlli ilə bağlı mesajlar verməklə məşğuldur.
Məcburi köçkünlərə gəlincə, son bir ildə manatın devalvasiyası ilə əlaqədar olaraq ən çox əziyyət çəkən təbəqələrdən biri də onlardır. Onların probleminin həlli istiqamətində doğrudan da müəyyən addımlar atılıb. Bunu etiraf etmək lazımdır. Şəhərciklər salınıb və s. Lakin problemlər tam həll olunmayıb. Problem onda həll olunacaq ki, Qarabağ azad ediləcək və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar.
Müxtəlif dövrlərdə məcbur kökünlərə verilən imtiyazlara müdaxilələr olub. Məcburi köçkünlərlə bağlı hazırkı gözlənti də yaxşı heç nədən xəbər vermir. Məcburi köçkünlərin imtiyazlarının ləğv edilməsi doğru deyil və buna qarşı çıxmaq lazımdır. Əgər bir və ya bir neçə məmur öz işinin öhdəsindən gələ bilmirsə, bu məsələni məcburi köçkünlərin imtiyazını ləğv etməklə həll etmək doğru deyil. Bu, yanlış siyasətdir. Bu siyasətdən əl çəkmək lazımdır. Insanların hüquqlarını pozmaqla onların probemini həll etmək mümkün deyil. Dünyada belə bir təcrübə mövcud deyil. Bu kimi addımlar yalnız orta əsrlər dövründə, şahlar dönəmində baş verib”.Siam.az
Tarix: 23-01-2017, 16:38