Teleqraf.com gənc fəal Bəxtiyar Hacıyevlə müsahibəni təqdim edir.- Bəxtiyar bəy, ABŞ-da nəhayət ki, Tramp dönəmi başladı, inauqurasiya mərasimi keçirildi, yeni prezident dünyaya mesajlarını çatdırdı. Siz, prezident Trampın mesajları haqda nə deyə bilərsiniz? - ABŞ prezidenti Trampın andiçmə nitqi daha çox seçki kampaniyası zamanı səsləndirdiyi fikirlərin təkrarı idi. İstər daxili siyasətdə, istərsə də xarici siyasətdə tutacağı xəttlə bağlı “Öncə Amerika” mesajı, ABŞ-dakı istehsalçıların, iş yerlərinin qorunması, ABŞ vətəndaşlarının rifahı, dünyada radikal dini hərəkatlarla mübarizənin gücləndirilməsi barədə vədləri seçki kampaniyası zamanı dəfələrlə səsləndirilmişdi. Onun andiçmə zamanı bir neçə sabiq prezidentin hüzurunda “Amerikanı yenidən böyük edəcəyik” mesajını verməsi, gücün Vaşinqtondan alınıb, sıravi vətəndaşlara verilməsi çağırışı bir çoxları tərəfindən tənqid edilir. Sanki, əvvəlki prezidentlər dövründə Amerika böyük deyildi və seçicilərin heç bir gücü yox idi. Eyni zamanda, Trampın öz kabineti üçün təyin etdiyi şəxslərin təcrübələri, bilik və bacarıqları onu deməyə əsas verir ki, Tramp dediyi hədəflərə çata bilməyəcək. Onun öz kabineti üçün təyin etdiyi şəxslərin təsdiqlənməsi prosesi ABŞ Konqresində kifayət qədər gərgin müzakirələrlə davam edir və bəzi kadrların təsdiqi baş verməyə bilər.
- İnauqurasiya ilə eyni vaxtsa Trampa qarşı etiraz aksiyaları keçirilir, hətta həbs edilənlər var. Sizcə, bu prosesin sonu nə ilə nəticələnə bilər?- Andiçmədən sonra baş verən hadisələr ürəkaçanı deyil. ABŞ-da bu qədər aşağı reytinqlə və bu qədər azad söz, azad mətbuat üzərinə hücumla ilk iş gününə başlayan prezident olmamışdı. Vaşinqtonu çıxmaq şərti ilə ABŞ-ın bütün ştatlarında milyondan çox vətəndaş Trampın ilk tam iş günü küçələrdə etiraz mitinqləri keçirdilər. Ağ Evin sözçüsü ilk çıxışının böyük bir hissəsini mətbuata hücumlarla, aqressiv və hədələyici tonda etdi. Tramp andiçməyə bir neçə gün qalmış keçirdiyi mətbuat konfransında ittiham etdiyi və saxtakar adlandırdığı CNN kanalının təmsilçisinə sual vermək imkanı tanımadı. Bütün bunlar göstərir ki, Tramp tənqidə dözümlü deyil və ABŞ-da avtoritar bir idarəetməyə meyilli olacaq.
- Prezident Trampla bağlı aksiyalar təkcə ABŞ-da deyil, digər ölkələrdə də müşahidə olunur. Dünya Trampu qəbul etmək istəmir, yoxsa Tramp dünyanın indiki şəkildə idarə edilməsini? - Bütün dünyada hətta ən yaxşı hakimiyyətlər də bir çox uğursuzluqlarda ittiham edilirlər. Hakimiyyətlər uğurlu fəaliyyət göstərəndə seçicilər "bu, onların bizə borcu, öhdəliyidir" desə də, uğursuz fəaliyyətə görə həmişə tənqid ediliblər. Tramp isə özünü nə qədər ənənəvi sistemdən kənar şəxs kimi göstərməyə çalışsa da, özü də sistemin bir parçası olub, bu günə qədər bir çox siyasətçilərin seçki kampaniyalarına böyük ianələr edib, sistemdən faydalanıb və zənginləşib. Buna görə də onsuz da dünyadakı idarəetmədən narazı olan insanların təmsilçisi Tramp ola bilməz. Trampa etirazların kökündə isə onun xarakterindəki ziddiyətlər, seçki kampaniyası və ondan sonrakı dövrdə təkrarladığı təhqirlər, müxtəlif dini, cinsi, milli azlıqları, əlilliyi olan şəxsləri aşağılaması və səsləndirdiyi radikal fikirlər dayanır.
- Bəzi ekspertlər hesab edirlər ki, Tramp 4 illik müddəti başa vurmaya və impincment oluna bilər. Siz bu ehtimalı nə dərəcədə real hesab edirsiniz və bunun üçün hüququ yollar varmı? - Əgər hər hansı bir prezidentin fəaliyyətində qanun pozuntusu, ABŞ konstitusiyasına zidd addımlar aşkarlansa, təbii ki, impiçment də real ola bilər. Əgər kifayət qədər yüksək reytinqə malik Klinton və Nikson kimi prezidentlər də impiçmentlə üzləşib, son anda bundan canlarını qurtara biliblərsə, Tramp kimi ziddiyətli, hələ açığa çıxmamış bir çox tərəfi, bir çox ölkədə üzə çıxa biləcək biznes maraqları və s. vasitəsi ilə hüquqi səbəblər tapıla bilər.
- Trampun "islam terrorçuları" ifadəsi çoxlarını məyus edib. Bu faktiki olaraq Yaxın Şərqdə alova bir qədər də benzin tökmək anlamına gələ bilərmi? - Keçmiş prezident Obama bu ifadəni işlətməməyə üstünlük verirdi və bunu onunla izah edirdi ki, terror qruplarını "islamçı" adlandırmaqla, həmin qruplara kömək etmiş, nifrəti artırmış, onların islam adına vuruşduqlarını qəbul etmiş oluruq. Tramp isə daha çox daxili auditoriyadakı seçicilərinə köklənib və hələ də seçki kampaniyasının maraqlarını ABŞ-ın maraqlarından üstün tutmur. Buna görə də seçki kampaniyasında səsləndirdiyi ifadələri təkrarlayır. Bunun necə təsirləri olacağını isə yəqin ki, yaxın aylarda görəcəyik.
- Siz sözsüz ki, seçkidən əvvəl namizəd Hillari Klintonun şanslarını və imkanlarını geniş qiymətləndirirdiniz. Seçkinin son nəticəsi, inauqurasiya mərasimindən sonra fikirlərinizdə dəyişikliklər varmı? - Klintonun şanslarını yüksək qiymətləndirən tək mən deyildim. Seçkiyə çox az müddət qalmışa qədər Klinton təkcə ABŞ-da yox, dünyanın bir çox yerində siyasətçilər, jurnalistlər, analitiklər tərəfindən mübahisəsiz prezident kimi görülürdü. Ancaq Rusiya tərəfindən haker hücumlarının təşkil edilməsi, Klinton qərargahına və demokratlar partiyasına məxsus yazışmaların əldə edilib, yayılması və eyni zamanda Federal Təhqiqatlar Bürosunun rəhbərinin Klintonun elektron poçt serveri ilə bağlı cinayət araşdırması getdiyini bildirməsi hər şeyi dəyişdi. Bunun kimlər tərəfindən və niyə edilməsi barədə yəqin ki, gələcək özü qiymət verəcək. Ancaq imkanlara gəldikdə, Klintonun təcrübəsi, bilik və bacarıqları ilə bizmesmen və ziddiyətli Trampın təcrübəsi, bilik və bacarıqları müqayisə olunmaz dərəcədədir.
- Trumpun dövründə dünyada stabillik yaranacaq, yoxsa münaqişələrin sayı arta bilər? - Tramp gizli, qara qutudur. Onun içindən şokolad da çıxa bilər, partlayıcı qurğu da. Ancaq Tramp administrasiyası indiki yanaşmasını davam etdirsə, gələcəkdə dünyada sülhə böyük töhfə verəcəklərini gözləmək çətindir.
Nemət
Tarix: 24-01-2017, 20:20