“Hakimiyyət yeganə azad söz məkanını da daraltmaq istəyir”

“Hakimiyyət yeganə azad söz məkanını da daraltmaq istəyir” Ələsgər Məmmədli: “2016-cı il media azadlığı aspektindən mənfi mənada yadda qalan bir il kimi tarixə düşüb”

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda azad medianın son durumu və sosial şəbəkələrdən danışıb.

– Son zamanlar qanunvericiliyə sosial şəbəkələr və blogerlərlə bağlı narahatlıqla qarşılanan dəyişikliklər təklif edilir. Mətbuat Şurasının rəhbəri isə sosial şəbəkələrlə bağlı ayrıca qanunun vacibliyini bildirib. Sizcə sosial şəbəkələrə qarşı belə münasibətlərin səbəbi nədir?


– Sosial şəbəkələri hansısa çərçivəyə salmaq, hansısa dairə çərçivəsində göstərmək təşəbbüsünün yeganə səbəbi qismən mövcud olan sosial şəbəkə azadlığının varlığıdır. Qismən Azərbaycan ictimai rəyində sosial şəbəkələrin qaldırdığı məsələlərə cəmiyyətin reaksiyası və onu həll etmək gücüdür. Yeganə, tam azad ola biləcək müstəvilərdən biridir. Təbii ki, azadlıq burada özünüsenzura çərçivəsində dərk edilməlidir.

Bunun Mətbuat Şurasının sədri tərəfindən səslənməsi də təbii ki, ən təəssüfedicidir. Mətbuat Şurası əslində mətbuatın azadlığını, mətbuatın müstəqil, sərbəst fəaliyyət göstərməsi imkanlarını daha öndə tutmalıdır və onun tərəfindən çıxış etməlidir. İndiki halda daha çox hökumət tərəfdən çıxış edib.

– Elektron media sahəsində durum necədir? Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir neçə il öncə yerli televiziyaların verilişlərinin maraqsız olduğunu bildirib, BBC, CNN standartlarının tətbiqinin vacibliyindən danışıb. Yerli televiziyalar bu istiqamətdə təkmilləşdirmələr aparıbmı?



– Prezident Administrasiyasının rəhbəri geniş bir məqalə ilə çıxış etmişdi ki, Azərbaycan tamaşaçıları artıq Azərbaycan televiziyalarına yox, Türkiyə və Rusiya televiziyalarına daha çox baxır. Bu çərçivədə də o irad tutaraq, onların öz yaradıcılığını, öz fəaliyyətini yenidən nəzərdən keçirmələrinin zəruriliyini qeyd etmişdi. Bu dövr ərzində mən geri baxdıqda görürəm ki, artıq televiziyaların sayı da azalıb, televiziyaların efirindəki rəngarənglik də azalıb. Televiziyalar daha çox əyləncə və hansısa rayonlarda, ucqar yerlərdə toyları göstərməklə məşğuldur, ya da hansısa bayağı didişmə proqramlarına daha çox üstünlük verirlər. Amma, cəmiyyəti narahat edən, onu düşündürən, onu maarifləndirən proqramlar demək olar ki, efirdən tamamən yox olub. Bu onu gəstərir ki, keçən dövr ərzində, bu tənqiddən sonrakı mərhələdə nəinki buna uyğun şəkildə davranılıb, mövcud vəziyyət daha da pisləşib.

– Son illər Azərbaycanın çoxtirajlı qəzetləri “Azadlıq”, “Zerkalo” və digər media orqanları çapını dayandırıb. ANS televiziyasının lisenziyası alınıb. Sizcə azad medianı dəstəklədiyini bəyan edən rəsmi qurumlar hansı səbəbdən bu KİV-lərin fəaliyyətini davam etdirməsinə yardım etmədi?

– Doğrudan da 2016-cı il bu aspektdən mənfi mənada yadda qalan bir il kimi tarixə düşüb. Çünki, 1989-cu ildən bəri fəaliyyət göstərən, 26 illik bir qəzet (Azadlıq-red) fəaliyyətini dayandırıb. Bu qəzet həm də Azərbaycanın müstəqillik tarixi ilə bağlı bir qəzet idi. Bu qəzet xüsusən də son illər hökuməti tənqid edən, tənqidçi bir media kimi yadda qalıb. Bu çox ciddi problemdir. İkinci bir məqam, Azərbaycanın yenə ilk müstəqil televiziyası, 1992-ci ildən fəaliyyət göstərən ANS televiziyası öz fəaliyyətini dayandırıb. Bu dayandırma, heç də sıradan bir dayandırma da olmadı. Çünki, terroru dəstəkləməkdə suçlandırılan, eyni zamanda bir jurnalistin normal şəkildə bir reportaj hazırladığı zaman verdiyi sual və getdiyi mühitə görə televiziyanın suçlanması ifadə azadlığına çox ciddi şəkildə dözümsüzlüyün bir nəticəsidir. Ayrıca da, çox aydın şəkildə məhkəmə-hüquq sisteminin deyil, Telerdadio Şurasının qərarı ilə lisenziyanın alınması, daha sonra isə məhkəmədə bunun bərpa olunmaması onu göstərdi ki, media azadlığının təminatçısı kimi məhkəmə də rol oynaya bilmir. Dövlət bunu niyə dəstəkləmir və ya bunu dəstəkləyə bilməzmi?- sualına gələndə son illər, xüsusən KİV-ə ayrılan vəsaitlər, onun təyinatı, onun trayektoriyası, o çərçivədə yardım olunanların adları göstərir ki, hökumət daha çox özünü dəstəkləyən və ya onu tənqid etməyən tərəfə hansısa vəsait buraxmağa meyllidir. Amma, onu tənqid edən, onun problemlərini, ümumiyyətlə cəmiyyətin problemlərini obyektiv işıqlandıran tərəfə dəstək vermək istəmir. Arzu olunandır ki, hökumət heç kimə dəstək verməsin, sadəcə azad media mühiti yaratsın, azad rəqabət mühiti yaratsın, azad rekalm qəbuletmə və yayma imkanı yaratsın. Amma, bu istiqamətdə ildən-ilə, aydan-aya vəziyyət gərginləşib. Hazırda müstəqil medianın heç bir reklam gəlirləri yoxdur, özünü ayaqda tutma imkanı yoxdur. Olanlar da, ancaq kontrollu şəkildə kimə reklam verilirsə, öncədən bəlirlənmiş, hətta fəaliyyətə görə deyil, hovuzdan ayrılan paya görə bölünən paylardır. Yəni, bu fəaliyyət nəticəsində əldə olunan gəlirlər deyil. Təbliğat nəticəsində mövcud olması zəruri görülən kateqoriyada ayaqda tutulan mediadır. Ona görə də 2016-cı il təəssüf ki, hökumətin media azadlığı baxımından atdığı addım yox, daha çox qanunvericiliyə gətirdiyi sərtliklərlə, eyni zamanda daha çox tənqidi və qismən tənqidi mövqeləri ilə ictimai rəydə bəlli bir yeri olan qəzetin, televiziyanın bağlanması ilə yadda qaldı. Eyni zamanda, sosial şəbəkələrə, internetə yenidən bənd vurmaq, yenidən məhdudlaşdırmaq cəhdləri ilə yadda qaldı.

– Azad media sahəsində durumun normallaşması üçün hansı addımları vacib sayırsınız?

– Azad media üçün vacib olan birinci, dövlətin azad media mühiti yaratmaq və onların fəaliyyətinə qarışmamaq öhdəliyidir. Bilirsiniz, hüquqda iki tip öhdəlik var. Biri nə isə iş görmək, digəri isə qarışmamaq. İfadə azadlığı ilə bağlı qarışmamaq və mühit yaratmaq öhdəliyi var. Burada ciddi problemlərimiz var və davam edir. Həm qanunvericilik aspektində, həm də praktitki vəziyyət. Məncə, bu istiqamətdə ciddi islahatlar zəruridir. İkinci, medianın ayaqda durması üçün iqtisadi azadlıqlar çox önəmlidir. Çünki, mediada rəqabət mühiti olması, reklam qəbul etməsi, bu iqtisadiyyatla çox sıx bağlı məqamdır. Əgər, burada monopoliya varsa, artıq bazar sıxlaşır və bazarda tələb yaranmır. Deməli, heç kimə reklam lazım deyil. Üçüncüsü, azad və müstəqil məhkəmə çox önəmlidir. Məhkəmələr azad, müstəqil fəaliyyət göstərmirsə, əgər siyasi sifarişlər həyata keçirirsə, o ölkədə nə azad media, nə də azad iqtisadiyyat ola bilməz. Bu üç istiqamət öncəlikdə olaraq çox ciddi islahata ehtiyac duyulan və atılan zəruri addımları özündə ehtiva edən tərəfdir.
Tarix: 25-01-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti