İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil

 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil Bu böhran ilində çox kəskin qərarlarsız keçinmək olacaqmı?..
İlin əsas gözləntisi

Cəmiyyətin öz məntiqi var. Hələ təzəcə başlayan və bir də bəzi aspektlərdən həlledici il kimi fərz edilən 2017-ci il ölkədə rəsmən “islam həmrəyliyi ili” elan edilsə də ondan daha çox iqtisadi gözləntilər var.


Düşünürlər ki, məhz indi hökumət böhran başlayandan etmək istəmədiyi və yaxud təxirə saldığı daha sərt maliyyə qərarlarını nəhayət ki, elan etmək məcburiyyətində qalacaqdır...
Hökumət də ötən ilin sonlarında bildirdi ki, ciddi makro-maliyyə stabilləşməsi konsepsiyası üzərində işləyir. Hətta insanlar düşünürdü ki, yeni ilin ilk həftəsini çox sərt maliyyə qaydaları ilə qarşlayacaqlar. Amma bahalaşma və manatın ucuzlaşması davam etsə də hələki dözümlü vəziyyətdir.


Üstəlik, cari ildə hökumətin ilk geniş iclasında bu xüsusda hər hansı anons verilmədi. Əksinə, dövlət başçısı bu il üçün infliyasiyanı bir rəqəmli səviyyədə saxlamaq göstərişi verdi. Nə baş verir? Hökumət nə düşünür? Yenə kəskin maliyyə qərarları olmadan sovuşmaq mümkün olacaqmı?..

BAŞQALARI BACARDISA...

Əslində “sərt maliyyə qərarları” deyəndə hamımız ilk növbədə manatın tamamilə sərbəst “üzən məzənnə”yə keçməsini düşünürdük.

Maraqlıdır, iqtisadçılar indiyədək bu haqda çox tərəddüdlü fikirlər deyir və hətta Azərbaycanın belə siyasətə keçməsinin mümkün olmadığını da bildirirdilər. Təbii, onlar bunu belə israr edirdisə, görünür, hansısa ciddi arqumentlərə söykənirdilər.

Amma əzəldən fərqli arqumentlər də vardı. Belə fikirlər də səslənirdi ki, Rusiya və Qazaxıstan dərhal tamam sərbəst “üzən məzənnə”yə keçdisə, Azərbaycan niyə bu addımı ata bilməz?..

Təbii, vətəndaş olaraq biz hələ də sərt maliyyə siyasətindən ehtiyat edirik, çünki bunu, necə deyərlər, öz “dərimiz”də hiss edəcəyik. Gəl, nə etmək olardı?

Yanvardan manatın tamamilə sərbəst “üzən məzənnə”yə keçdiyi elan edildi. Banklar üçün məşhur “dörd faizlik məhdudiyyət” də götürüldü və valyuta əməliyyatlarını demək olar, dondurmuş banklar qismən sərbəst maliyyə mübadiləsinə start verdilər.

 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil

Amma iqtisadçılar iddia edirlər ki, hökumət hələ də manatın kursunu müəyyən qədər tənzimləməkdə davam edir. Məsələ bundadır ki, tamamilə sərbəst üzən məzənnəyə keçilsəydi o halda manatın kursunda aşağıya doğru çox cidii sıçrayışlar baş verməli idi. Yanvarda manat hiss olunacaq dərəcədə ucuzlaşdı, amma çox böyük sıçrayış olmadı və bu isə bəzi iqtisadçılara onu deməyə əsas verdi ki, hökumətin maliyyə siyasəti hələki tamam liberallaşmayıb.

Təbii, mübahisəli də görünə bilər bu, amma bəzi iqtisadçıların bu xüsusdakı arqumentlərini təkzib etmək üçün də elə bir ciddi əsaslarımız yoxdur. Hətta bunun əksini də, manatın duruş gətirdiyini də inkar və ya təkzib etmək üçün də tutarlı əsaslara malik deyilik...

Manatın kursu hələ də tənzimlənirsə bu, əlavə məsrəflər və dollar ehtiyatının səmərəsiz xərci deməkdir. Üstəlik, ölkədəki maliyyə siyasəti (valyuta mübadiləsi üçün müəyyən məhdudiyyətlər indiyədək qalır!) nəinki iş adamları, hətta adi vətəndaşlar üçün də problemlər yaradır və ən əsası da, “qara bazar”ın qalmasına zəmin olur.

Hökumət “qara bazar”ı inzibati yollarla tənzimləməyə çalışsa da aydındır ki, buna tamam nail olmaq qeyri – mümkün işdir. “Qara bazar” ona görə yarandı ki, ölkədə valyuta mübadiləsilə bağlı məhdudiyyətlər meydana çıxdı. Bazarın isə bir əsas qanunu vardır: tələb varsa, təklif də olacaq...

SOSİAL ETİRAZLARI DA İSTİSNA ETMƏK OLMAZ...

Güman edirik, hökumət daha sərt addımlar haqqında da düşünür. Ola bilsin, onu mümkün sosial etirazlar çəkindirir. Ötən ilin sonlarında Tarif Şurasının qərarına düzəliş edildi – qaz və elektrik üçün limitlər, yanvarda isə maaşlar və təqaüdlər, eləcə də məcburi köçkünlər üçün müavinətlər simvolik də olsa, artırıldı.

Amma bunlar ictimai ovqatı tamamilə sakitləşdirmək iqtidarında deyildir. Təsadüfi deyil, artıq bəzi bölgələrdə kiçik və seyrək şəkildə olsa da, müəyyən sosial etirazlar nəzərə çarpdı.

Manatın məzənnəsinin tamamilə sərbəstləşəcəyi və bazarda qiymətlərin, necə deyərlər, kəllə - çarxa vuracağı təqdirdə onların bir az da güclənə bilməsi istisna olunmur.
Xatırlayanda ki, siyasi sabitlik daha çox güc zəminində və ya müəyyən siyasi məhdudiyyətlərin sayəsində bərqərar olubdur, o halda anlayırsan ki, insanların səbrilə manipulyasiya etmək də təhlükəlidir...

A.SMİT BİR ŞEY DEYİR, MƏMURLAR BAŞQA...

Amma geniş perspektivdə götürəndə başqa yol da yoxdur. Hökumətlə çətinliklə olsa da, bir məsələdə razıyıq ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkündü. Di gəl, tək sərtliklə də iş bitmir–kompleks iqtisadi və siyasi islahatlara ehtiyac duyulur.
A.Smit də yazırdı ki, əsl azad bazar formalaşdırın və bazarın “gizli əli” özü hər şeyi nizamlayacaqdır. Amma bir çox hallarda, xüsusən də məmur kapitalizminin hökm sürdüyü ölkələrdə ən çətin məsələ elə azad bazarı formalaşdırmaqdır...

Ona görə pessimistik. Hətta düşünürük ki, aktual iqtisadi qərarların yolunda əsas problem cəmiyyətin bunları etirazlarla qarşılamasında yox, daha çox məmurların maraqlarındadır.

 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil

Ölkədə ciddi institutisional islahatlara ehtiyac duyulur və hətta bütövlükdə iqtisadi ideologiyanın yenilənməsinə zərurət vardır. Bunlar isə iqtisadi nəzəriyyələrdə islahatların qarşısında ən böyük maneə kimi dəyərləndirilən “məmur limiti” deyilən fenomenə dirənir.

Əvvəllər bu haqda yazdığımızdan ona toxunmayacağıq. Amma əgər sən xəstəlikdən danışırsansa, onun düzgün diaqnozunu da qoymalısan...

ƏVVƏLKİ “DOLLAR YAĞIŞI” GÖZLƏNİLMİR...

Bəs perspektivdə nə görünür? Güman edirik ki, artıq hiss olunacaq addımlarla manatın özünün real kursuna doğru hərəkəti davam edəcək.

Stabilləşdirici amil kimi neftin qiymətinin artmasını fərz etmək olardı. Daha çox geosiyasi problem olan bu məsələ elə dünyadakı geosiyasi və geoiqtisadi düyünlərin açılması ilə çözülə bilərdi.

İndiki artımlar böyük dividendlər vəd etmir, çünki hasilatın azaldılması hesabına baş verir. Böyük ehtimalla bu il neftin qiymətinin artımı davam edəcək, gəl, böyük “dollar yağışı” olmayacaq...

 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil

Qeyri–neft sektoru isə bir, hətta beş ilin işi deyildir. Bu yaxınlarda iqtisadiyatın əsas inkişaf istiqamətərinin “yol xəritəsi” də təsdiq edildi. Amma məsələ yenə də monopoliyaya və yaxud da qeyri-sağlam iqtisadi rəqabətə dirənir. O, həll olunacaqsa, ən müxtəlif və irəlicədən proqnozlaşdırılmayan sahələrdə belə sıçrayış müşahidə etmək mümkün olacaq. Olmayacağı təqdirdə isə hər şey nəinki olduğu kimi qalmayacaq, hətta geriləmələr olacaq...

AZƏRBAYCANSAYAĞI STRUKTUR İSLAHATLARI...

Böyük ehtimalla cari ildə işlərin daha bir istiqaməti də “stuktur islahat”ları ilə bağlı olacaqdır – ali icra hakimiyyəti Konstitusiyanın tələblərinə uyğunlaşdırılmalıdır. Söhbət vitse - prezidentlər institutunun yaranmasından gedir. Necə deyər, cin şüşədən çıxıb və onu geri qovmaq mümkün deyil.

Məsələnin aprelədək həll ediləcəyi bildirilir. Ola bilsin, müəyyən yubanmalar olsun, ən azı ona görə ki, ölkəmiz indiyədək Konstitusiyaya xüsusi sayğısı ilə də diqqət çəkməyib.
Üstəlik, düşünmürük ki, vitse-prezidentlik institutu təsis edilərkən məqsəd ali icra hakimiyyətinin işini gücləndirmək və ya onu daha çevik instituta çevirməkdi. Amma hansı məqsəddən törəməsindən asılı olmayaraq bu məsələ artıq “konstitusion məzmun” alıb və özünün real ifadəsini tapmalıdır.

 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil

Maraqlısı budur ki, hələ bir nəfər belə olsun müstəqil iqtisadçı vitse - prezidentlik institutunun yaradılması ilə ölkədə yaşanan böhrana qarşı daha çevik mübarizə aparılacağını dilə gətirməyib.

Fəqət, cari il üçün hakimiyyətin “institusional islahatlar” portfelində ən real olanı budur və artığını gözləmək əbəsdir...

HƏTTA İSLAM OYUNLARI DA...

Qərəz, daha kəskin iqtisadi qərarlar üçün həlledici olmağı vəd edən il başlayıbdır. Hətta İslam Oyunları belə diqqəti ən əsas bir problemdən – böhrandan ayırmayacaq və hətta düşünürük, onlar ölkə, xüsusən də iş adamları üçün izafi problemlər yaradacaq, çünki burada böyük tədbirlər də spesifik “yerli qaydalar”a uyğun keçirilir...

Hələ onu demirik ki, indiyədək keçirilən böyük idman tədbirləri də neftdən gələn böyük “dollar yağışı”na hesablanmışdı. Bu mənada İslam Oyunları da istisna deyildir. Amma geriyə də yol yoxdur. Təskinlik verən budur ki, ölkədə müəyyən idman infrastrukturu var. Bu isə zəruri xərclərin az olacağına ümid etməyə əsas verir...


 İqtidar ictimai ovqatı sakitləşdirmək iqtidarındadırmı - təhlil


Amma bir daha deyirik ki, ən əsas problem – böhran öz böhranlığında qalır. Onun yükünü isə adi insanlar və bir də iş adamları çəkirlər. Onlar buna nə qədər davam gətirəcəklər? Nə qədər dözə biləcəklər?.. Bütün bu sualların cavabını yalnız təxmin etmək qalır, çünki bu ölkədə sullara da ürəyin istəyən cavabı ala bilmirsən...




Yazar : Hüseynbala Səlimov
Tarix: 28-01-2017, 14:00
Xəbəri paylaş





Xəbər lenti