“36 manatla, yaxud pensiya ilə dolanmaq mümkün deyil” - Deputat
"Gələcəkdə məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği cənab prezident tərəfindən artırıla bilər”.
Bunu BakiPost.az-a açıqlamasında Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Məmmədov deyib. Millət vəkili məcburi köçkünlərin sayğaclaşmaya qarşı keçirdikləri etiraz aksiyalarına da münasibət bildirib. Deyib ki, onların mənzillərinə sayğacların qoyulması prosesi dayandırılmayacaq: "Sayğaclar qoyulur və qoyulmalıdır da. Hər kəs işlətdiyi kommunal xərclərin pulunu ödəməlidir. Hesab edirəm ki, bunun qarşısını almaq düzgün deyil. Təbii ki, bu işlər yerinə yetiriləcək.
Dövlət tərəfindən məcburi köçkünlərə 36 manat aylıq müavinət təyin olunub. Bu, kömək məqsədlidir. Gələcəkdə məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği cənab prezident tərəfindən artırıla bilər. Bu gözlənilir. Amma sayğacların qoyulmasına maneçilik etmək və yaxud əməliyyatların dayandırılması söhbəti olmayacaq. Təbii ki, müvafiq qurumlar tərəfindən sayğaclar qoyulacaq. Məlumdur ki, çətinlik yaranacaq. Çünki ehtiyac içərisində olan xeyli insanlarımız var. Lakin hər kəs nə qədər işıq, qaz sərf edirsə, onun haqqını ödəyəcək”.
Elman Məmmədov bildirib ki, məcburi köçkünlərin narazılıqlarının əsas səbəblərindən biri bu insanların əksəriyyətinin işsiz olmasıdır: "Biz başqa bir istiqamət haqda fikirləşməliyik. Yəni biz bu insanların məşğulluğunu necə təmin edəcəyimizi fikirləşməliyik ki, onlar işsiz qalmayıb ehtiyaclarını ödəsinlər. Onları işlə təmin edək və həmin insanlar maaş alsın ki, sayğacların yazdığını ödəyə və özünü dolandıra bilsin.
İşsiz insan bilir ki, bu 36 manatla və yaxud da pensiya pulu ilə dolanmaq mümkün deyil. Ona görə bu narazılıqlar meydana çıxır. Əgər məşğulluq məsələsi tam həll olunsa, yəni hər ailədə heç olmazsa 1 və ya 2 nəfər işlə təmin olunsa, bu narazılıqlar da yəqin ki, səngiyər, azalar”.
Sevinc Yasinqızı
Tarix: 6-02-2017, 15:03