Müxalifət YAP qərargahı önündə cavab aksiyası keçirəcəkmi...

 Müxalifət YAP qərargahı önündə cavab aksiyası keçirəcəkmi... Tural Abbaslı: “Qərargahı qarşısında aksiya keçirilən siyasi qurumun həm mənəvi, həm siyasi, həm də hüquqi haqqı yaranır ki, adekvat tədbirlə cavab versin”; Razi Nurullayev: “YAP müxalifətin təbliğatını aparmaq istəyirsə, yolları açıq olsun”

Fevralın 2-də Müsavat Partiyasının qərargahı qarşısında hakimiyyəti müdafiə edən bir qrupun etiraz aksiyası keçirildi. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan piket polisin müdaxilə etməməsi, seyrçi qalması və aksiyaçıların Müsavatın sabiq başqanı İsa Qəmbərə qarşı şüarları ilə müşayiət olundu.

Qeyd edək ki, buna qədər də zaman-zaman Müsavatın qərargahı, AXCP sədri Əli Kərimlinin evi qarşısında belə aksiyalar keçirilib. Lakin heç vaxt həmin partiyalar və onların tərəfdarları cavab aksiyası keçirməyiblər. Məsələn, Müsavat da ötən həftə müddətində YAP-ın qərargahı qarşısında piket keçirə bilərdi, ancaq keçirmədi.

Bəs müxalifətin də YAP-ın qərargahı qarşısında cavab aksiyası keçirməsi lazımdırmı? Bəlkə belə olsa müxalifətə qarşı dəfələrlə istifadə edilən taktikaya son qoyulacaq?



Müsavat Gənclər Təşkilatının sabiq sədri, AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, ümumiyyətlə, 2 fevralda olan aksiyanı deyil, digər bu tip aksiyaları da analiz etsək görərik ki, bu metod hakimiyyətin müxtəlif məqsədlər üçün istifadə etdiyi taktikadır. Təəssüf ki, hakimiyyətin belə addımlarına müxalifət adekvat cavab verməyə özündə cəsarət tapmayıb və indi də tapmır: “Bunun qarşısı zamanında alınsaydı, bu gün artıq siyasi səhnədə belə vasitələrdən istifadə olunmazdı. Ancaq hər dəfə hakimiyyət belə vasitələrdən istifadə etdikcə müxalifət geri çəkildi deyə bu gün də həmin vasitələr işləkdir. Hesab edirəm ki, qərargahı qarşısında bu tip aksiya keçirilən siyasi qurumun həm mənəvi, həm siyasi, həm də hüquqi haqqı yaranır ki, adekvat tədbirlə onlara cavab versin. Bu piketə əgər polis bir yerdə müdaxilə etməyibsə digərində də etməsi düzgün görünməzdi. Hakimiyyət cavab tədbirinin keçirilməsinə imkan verməsə, həm daxili auditoriyada, həm də beynəlxalq aləmdə xoş olmayan vəziyyətə düşərdi. Partiyalar unutmamalıdırlar ki, qanun qarşısında YAP hansı hüquqlara malikdirsə, müxalifət partiyaları da eyni hüquqa malikdir. Bu balansın pozulmaması üçün müxalifət də daim mübarizə aparmalı və mövqelərindən geri durmamalıdır. Bu gün AĞ Partiyanın dövlət tərəfindən verilən rəsmi qərargahı yoxdur. Ancaq bizim qərargah qarşısında belə bir aksiya olsaydı, eynisini də biz YAP-ın qarşısında keçirərdik. Bu həm də nisbətən siyasi cəsarət və fədakarlıq tələb edən bir addımdır. Odur ki, digərlərini o qədər də qınamaq istəmirəm. Hər halda, hər kəs və hər təşkilat öz sərhədlərini yaxşı bilir”.



Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, müxalifətin YAP qarşısında cavab aksiyası keçirməsinə ehtiyac yoxdur. Buna heç imkan da verməzlər: “Əgər müxalifətə qarşı bu kimi addımlar davam etsə, YAP qarşısında etiraz aksiyasının keçirilməsi müzakirə edilə bilər. Digər tərəfdən isə müxalifət olaraq təmkinliyimizi, dözümlülüyümüzü və dinc yanaşmamızı qorumalıyıq. Bəlkə də bu tip etiraz aksiyalarının keçirilməsinə normal da baxmaq olar. Əslində tənqid də bir təbliğatdır və YAP müxalifətin təbliğatını aparmaq istəyirsə, yolları açıq olsun. Bu tip aksiyalarda təhqirlərə və aşağılamalara yol verilməsi isə çox üzücüdür və təbii ki, yolverilməzdir".

R.Nurullayev onu da dedi ki, biabırçılıq o həddə çatıb ki, İsa Qəmbərin gündəmə gəlməsinə paxıllıq edən, hakimiyyətin onun üzərinə getməsinə qısqanclıq edən, həzm edə bilməyən özünə müxalifət deyən qüvvələr var: “Bunlar YAP-ı qoyub müxalifətlə mübarizə aparırlar. İsa Qəmbəri hakimiyyətə işləməkdə günahlandırırlar. Bu qədər yalançılıq və ikiüzlülük etmək kimin maraqlarına cavab verir? Onlarla bir yerdə olduğum zaman da bu kimi iyrəncliklərə etiraz etmişdim və yenə də edirəm. Milli Şuranın və onu oyuncaq kimi əlində firladan şəxsin niyyəti müxalifəti sıradan çıxarmaqdır, yoxsa rejimlə mübarizə aparmaq?

Məqsəd siyasi səhnədə birincilik yarışıdır və o bunu da çoxdan itirib. Sadəcə, hakimiyyətdəki dostları onu yaşatmaqda və daima gündəmə gətirməkdə maraqlıdırlar. Bu düşüncədə olan adam, bu təfəkkür sahibi hakimiyyətə gələ və onu idarə edə bilməz. Onun məntiqindən belə çıxır ki, piket onun evinin qarşısında keçiriləndə hakimiyyətin təzyiqi, Müsavat qərargahının qarşısında olanda hakimiyyətin oyunudur. İsa Qəmbər də, mən də, Sərdar Cəlaloğlu da, İqbal Ağazadə də hər axşam ölkə prezidenti ilə çay süfrəsində otururuq və planlar qururuq. YAP Siyasi Şurasının üzvləri ilə isə gündə on dəfə zəngləşirik, görüşürük və plan cızırıq ki, İsa Qəmbərin üzərinə getmək lazımdır. Niyə? Çünki düz 20 ildən çoxdur ki, “Yurd” sədri deyir gələcəyəm və sizi kəsəcəm. Hər kəs qorxusundan gecələr də yata bilmir. Sadəcə, utanmaq lazımdır, həm də ayıbına kor olmaq".

E.SEYİDAĞA
Tarix: 7-02-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti