Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar Rusiya postsovet məkanındakı “5-ci kolon”çulara səslənir; SSRİ-nin məxməri bərpası haqda müjdənin qorxunc pərdəarxası; “Azərbaycanın yerinə Bakı quberniyası” vəd edən Jirinovskinin mövqeyi Lavrovun Qarabağ yanaşmasından ciddi fərqlənmir, çünki...

ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyada SSRİ-nin bərpası tərəfdarlarını və təbliğatçılarını da xeyli ruhlandırıb. Artıq kifayət qədər aydın görünən tendensiya belədir ki, SSRİ xiffəti çəkən rus siyasətçilər Trampın postsovet məkanına diqqəti azaldacağına ümid edib sovet məkanını daha rahat bərpa edə biləcəklər.

Həmin siyasətçilərin və sovet təbliğatçılarının ön sırasında isə Rusiyada Liberal-Demokrat Partiyasının sədri, ötən şənbə yenidən bu partiyanın lideri seçilmiş Vladimir Jirinovski gəlir. Qurultaydan sonra o, növbəti dəfə “parlayıb” və necə “parlayıb”. Belə ki, Kremlin “danışan dil”lərindən sayılan Jirinovski Kremlin mövqeyini təbliğ edən “Tsarqrad TV” kanalına (kanalın rəhbəri Kremlin başqa bir “danışan dili” və qatı SSRİ tərəfdarı Aleksandr Duqindir) müsahibəsində, faktiki, postsovet ölkələrini hədələyib, SSRİ-nin bərpasının uzaq perspektivin işi olmadığının müjdəsini verib.


***

Onun fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. “Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğv edilməsi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə qalmaqallı siyasətçi qeyd edib.



LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. O, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” iddia edib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər.

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar

Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi” - LDPR sədri arxayıncasına bildirib və bununla əslində Rusiyanın Qarabağ siyasətinin mahiyyətini faş edib, Kremlin nədən on illərdir bu problemi yoluna qoymaq istəməməsinin baş səbəbini göstərib.

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar

Bu səbəb əlbəttə ki, SSRİ-nin bir qədər fərqli formatda da olsa, bərpasına edilən ümidlərlə bağlıdır. Təbii ki, Rusiya rəsmiləri, prezident V.Putin bunu açıq söyləmirlər ki, mərkəzdənqaçma meylləri güclənməsin. Amma Jirinovski, Züqanov kimilər bunu ucadan dilə gətirirlər və bu notlar son vaxtlar xeyli artıb. Zatən, Putinin Avrasiya layihələri də SSRİ-nin “məxməri” bərpasına yönəlik projelər sayılır.

***

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən ilin aprel döyüşlərindən sonra Bakıya etdiyi səfər çərçivəsində Dağlıq Qarabağ mövzusunda söylədiyi bir fikri də bu yerdə xatırlatmağın yeri var. Lavrov yetərincə açıq mətnlə demişdi ki, Azərbaycan Avrasiya Birliyinə (oxu; SSRİ-nin bərpası layihəsinə) qoşulsa, problemin həli sürətlənə bilər. Diplomatik dildən tərcümədə bu, elə Jirinovskinin Qarabağ düsturundan ciddi heç nə ilə fərqlənmir. Sadəcə, Lavrov daha hiyləgər ritorika ilə anlatmaq istəyir ki, konfliktin “həlli” yalnız Rusiyanın dominant olduğu bir geosiyasi konqlomerat - Avrasiya Birliyi çərçivəsində mümkündür.

Ancaq biz SSRİ tərkibində bu “həll”in nədən ibarət olduğunu artıq görmüşük. Həmin nəsil hələ sağdır və Qarabağ nağıllarını, Qarabağ yaralarını unutmayıb. Biz Dağlıq Qarabağda ermənipərəst Vladimir Kazimirovun “Müvəqqəti İdarə Komitəsi”nin işğalçı-separatçıların xeyrinə hansı oyunlardan çıxdığını da yaxşı xatırlayırıq. Yəni Moskva Qarabağ ixtilaflını ədalətli şəkildə çözmək istəsəydi, bunu SSRİ-nin mövcud olduğu 80-ci illərdə asanca edərdi.

Etmədi. Əksinə, indi bir daha qənaət hasil olur ki, postsovet məkanında Dağlıq Qarabağ kimi münaqişəli ocaqları məhz keçmiş sovet respublikalarını əldən salıb təzədən vahid dövlətdə birləşdirmək naminə saxlayır, körükləyir, həll eləmək istəmir, üstəlik, hələ yenilərini yaradır - Ukraynadakı kimi.


 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı – şimaldan təhlükəli notlar
***

Sözsüz ki, Moskva bu prosesdə özünün yerlərdəki “5-ci kolon”çularına da güvənir. Kreml ələlxüsus da hakimiyyət eşelonunda təmsil olunan “5-ci kolon”çulara bel bağlayır. Jirkin son açıqlaması həm də onlara hərəkətə gəlmək üçün bir çağırış, səslənişdir. Ancaq Rusiya siyasətçiləri unudurlar ki, məsələn, Azərbaycan öz müstəqilliyi və ərazi bütövlüyü yolunda minlərlə şəhid verib və xalq nə qədər məhrumiyyətlər çəksə də, bir daha Moskvanın boyunduruğu altına girməyəcək. Buna hamı mini-sorğu keçirməklə asanlıqla əminlik hasil edə bilər.

Niyə buna qəti əminik? Ona görə ki, Rusiya ilə ittifaqda tərəqqi, rifah mümkün deyil. Mümkün olsaydı, bunu o, öz xalqına bəxş edərdi. Rusiya gerilik, reqress deməkdir. Geriyə yol isə yoxdur. Ola bilməz...

Siyasət şöbəsi,
Tarix: 7-02-2017, 09:45
Xəbəri paylaş





Xəbər lenti