“Lapşin kimi Jirnovskiyə də eyni maddə ilə cinayət işi açılmalıdır”
Mirmahmud Mirəlioğlu: “Azərbaycanın daxilində də məsuliyyətə cəlb edilməli şəxslər var” Xəbər verdiyimiz kimi, Azərbaycan Baş Prokurorluğu blogger Aleksand Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.
Maraqlıdır, eyni maddə Azərbaycanın dövlət kimi müstəqilliyi və suverenliyinə qarşı nümayişkəranə fikirlər səsləndirən Rusiya Liberal Demokrat Partiyasının sədi Vladimir Jirnovskiyə qarşı da qaldırılmalıdırmı?Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu maddə ilə yalnız Jirnovskinin deyil, bir çox şəxsin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladı:“Təbii ki, Jirnovskiyə qarşı da bu cür cinayət işi açılmalıdır. Amma burda məsələyə fərqli bir yanaşma var. Nəinki bu maddə ilə xarici vətəndaşlara, adınə çəkdiyiniz məlun bu şəxsə, hətta Azərbaycanın daxilində olan, parlamentdə oturan bəzi şəxslərə də cinayət işi açılmalıdır. Çünki onlar da Azərbaycanın suverenliyinə, bütövlüyünə və Azərbaycanda millətlərarası və dinlərarası məsələlərin qızışdırılmasına xidmət edən fəaliyyət göstərirlər.
Jirnovski vaxtiylə Azərbaycanda çox yüksək səviyyədə qəbul edildi. O, hər zaman anti-türk mövqeyindədir. Hər zaman da SSRİ-nin bərpa edilməsi ilə bağlı məsələ qaldırır. Azərbaycanda Jirnovski yüksək səviyyədə qarşılandı və dədə-baba qaydası ilə yola salındı. Cibinə pul da qoydular. Hesab etdilər ki, bu yolla onun ağzı yumulacaq. Özləri ciddi olmayan bəzi azərbaycanlılar da onun danışıqlarını qeyri-ciddi hesab edirlər. Bu, yolverilməzdir. Bəzi üzdəniraq Azərbaycan alimləri var ki, onlar yekə-yekə danışırlar və hesab edirlər ki, bu şəxs blef edir. Bunların alimlikləri başlarına dəysin. Nəyi blef edir? Jirnovski Putinin sözçüsüdür. Rus şovinist və imperialist siyasətinin daşıyıcılarının danışan dilidir. Və təbii ki, bu cinayət maddəsi ona qarşı da açılmalıdır.
Lapşinin Azərbaycana gətirilməsi isə təqdir ediləsi bir hadisədir və hesab edirəm ki, bu kimi məsələlərdə iqtidar-müxalifətlərini bir kənara qoyub uğuru uğur kimi qiymətləndirməyi bacarmalıyıq”.
Seymur Əliyev
Tarix: 9-02-2017, 21:52