Lukaşenko Putindən niyə döndü, “Batka” hədəfə gələ bilərmi?
Elxan Şahinoğlu: “Kreml Belarusa qarşı bütün pislikləri edib”
Son illər Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan uzaqlaşdığının şahidi oluruq. Bunu onun qərbmeylli siyasətindən sezmək çətin deyil. Xüsusilə blogger Aleksandr Lapşinin Moskvanın iradəsi əleyhinə Azərbaycana təhvil verilməsi Belarus rəhbərinin Kremlin təsir dairəsindən uzaqlaşdığını göstərir.
Ekspertlər bundan sonra Lukaşenkonun Rusiyanın hədəfinə çevriləcəyini ehtimal edirlər. Lukaşenkonun qısa müddətdə Rusiyadan üz çevirməsi ilə bağlı isə ən müxtəlif fikirlər var. Əsas fikirlərdən biri, Belarus rəhbərinin sanksiyalar altında qalan, nüfuzunu getdikcə itirən Rusiyaya yaxın olmaqla öz ölkəsinin gələcəyini təhlükə altında qoyacağını indidən dərk etməsi ilə bağlıdır. Politoloq Elxan Şahinoğlu A.Lukaşenkonun Kremldən yanıqlı olduğunu düşünür: “Lukaşenko onsuz da Rusiya hakimiyyətindən yanıqlı idi. Guya Rusiya Belarusun müttəfiqi sayılır, ancaq reallıqda Moskva Minskə yuxarıdan aşağı baxır. Hər şey ondan başladı ki, Rusiya 2008-ci ildə Gürcüstanı parçalayanda Kreml Lukaşenkodan Abxaziya və Cənubi Osetiyanın ”müstəqilliklərini" tanımağı tələb etdi. Lukaşenko bu tələbi rədd etdi. Üstündən 8 il keçdikdən sonra Rusiya Ukraynanı parçaladı, Krımı ilhaq etdi. Bu dəfə də Krımın “müstəqilliyini” tanımağı tələb etdilər Lukaşenkodan.
Belarus prezidenti yenə Kremlin təzyiqləri qarşısında baş əymədi. Lukaşenko, ümumiyyətlə, Ukraynanın parçalanması əleyhinə çıxdı və Moskvanın “Krım əzəli rus torpağıdır” sözlərini bu tezislə alt-üst etdi: “Əgər Krım əzəli rus torpağıdırsa, onda Rusiyanın yarısı monqol-tatarlara məxsus olmalıdır”. Moskva Lukaşenkonun bu ritorikasından narazıdır. Ona görə də Moskva müxtəlif yollarla Lukaşenkonu cəzalandırmağa qərar verdi. Rusiya sərhədində Belarus mallarını qəbul etmir, yüksək vergilər tətbiq edir, halbuki bu iki dövlət Gömrük və Avrasiya İttifaqı Birliyinin üzvləridir. Daha sonra Lukaşenko Rusiyanın Belarusda hərbi baza yaratmaq istəyini rədd etdi. Belarusun 80 ölkə ilə viza rejimini ortadan qaldırması Kremli daha çox əndişələndirdi və Belarusla sərhədə tikanlı məftillər çəkməyə qərar verdi. Lukaşenko anlayır ki, Rusiyaya müttəfiq yox, vassal lazımdır. Lukaşenko isə Ermənistan prezidentindən fərqli olaraq ölkəsini Rusiyanın vassalı halına gətirmək istəmir. Ona görə də o, Rusiyadan döndü və müstəqil siyasətə üstünlük verir".
Politoloq Lapşinin ekstradisiyasının Belarus üçün nəticələrindən də söz açdı: “Lapşini Azərbaycana təhvil verdiyinə görə Kreml Minskə heç nə edə bilməz. Onsuz da Kreml Belarusa qarşı bütün pislikləri edib. Əksinə, bloggeri Azərbaycana ekstradisiya etməklə Lukaşenko Moskvanın təzyiqlərinə baş əyməyəcəyini bir daha nümayiş etdirdi. Rusiyanın sırf Lapşin olayına görə Lukaşenkonu cəzalandıracağını düşünmürəm. Bir müddət sonra Rusiyanın özü üçün Lapşin olayı arxa plana keçəcək. Rusiyada törətdikləri cinayətlərə görə o qədər azərbaycanlı vətəndaş həbsxanada yatır ki, heç kim buna görə Rusiyaya etiraz etmir. Lapşin də sərhədlərimizi qeyri-qanuni keçməklə qanunlarımızı dəfələrlə pozub. Rusiya uzaqbaşı Lapşinin məhkəməsinə vəkil göndərə bilər, vəssalam. Rusiyanın hazırda Lapşinlə bağlı nə iradı varsa, Minskə yox, Bakıya etirazını bildirməlidir. Ancaq etiraz mərhələsi artıq geridə qalıb. Rusiya Lapşinin məhkəməsinə və veriləcək qərara hazırlaşmalıdır. Gələcəkdə isə Rusiya öz vətəndaşını Azərbaycan həbsxanasından vaxtında əvvəl çıxarmaq istəyəcəksə, zəhmət çəkib vassalı Ermənistan hakimiyyətinə təsir edib, Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasını təmin etməlidir. Lapşini girovlarımızla dəyişmək mümkündür”.
E.Şahinoğlu Lapşinin ekstradisiyasının Rusiyanın imicinə ciddi zərbə vurduğunu da söylədi: “Lukaşenkonun Lapşini ekstradisiya etməsi Rusiyanın imicinə zərbədir. Belarus prezidenti Kremlin istəyini yerə saldı, düz də etdi. Rusiya ikili standartlar tətbiq edir. Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlıdan biri Rusiya vətəndaşıdır. Bu müddətdə Moskva vətəndaşının azad olunması üçün heç bir addım atmayıb. Ancaq Azərbaycanın qanunlarını kobud sürətdə pozan Lapşin üçün əldən-ayaqdan gedir. Lukaşenko da Lapşini Azərbaycana ekstradisiya etməklə Rusiyanın ikili standartlarına ciddi zərbə vurdu. Məncə, biz heç zaman dostumuz Lukaşenkonun bu addımını unutmayacağıq. Lukaşenkoya ağır gündə azərbaycanlı həmkarı İlham Əliyev dəstək verdi. Rusiya Lukaşenkonu sıxanda Belarus prezidentinə qısa müddətə 250 milyon dollar lazım idi. Lukaşenko Əliyevə müraciət etdi və Azərbaycan prezidenti onu darda qoymadı. Bir gün Azərbaycanın da Lukaşenkonun dəstəyinə ehtiyacı oldu və o sağ olsun, dəstəyini bizdən əsirgəmədi. Lukaşenkonu devirmək ermənilərin əlində deyil. Ermənilər haray-həşir sala, Belarus səfirliyi qarşısında qışqıra bilərlər. Vəssalam. Əslində rəsmi İrəvan Lapşin olayı ilə bağlı bir daha onu anladı ki, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sözdə Ermənistanın müttəfiqləri sayılsalar da, reallıqda Minsk və Astana Azərbaycanın müttəfiqləridir”.
Cavanşir ABBASLI
Tarix: 10-02-2017, 09:06