“Bakıda ermənilərə restoran açmaqla Dağlıq Qarabağı qaytara bilməyəcəyik” - Partiya sədri
“Bu yaxınlarda erməni qızları işğal olunmuş torpaqlarımızda öz şəkillərini çəkib sosial şəbəkələrdə paylaşırdılar. O erməni qızlarının yanında azərbaycanlı oğlanların olması lap yaxşı olardı. Biz bunu alqışlayardıq”
“Azərbaycanın işğal olunmuş torpaqlarına qeyri-qanuni gedən insanların hər biri Azərbaycan xalqının qarşısında cavab verməlidir”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirərkən açıqlamasında qeyd edib.Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən hər kəs üçün ciddi bir mesaj kimi qəbul oluna bilərmi?
Bu məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini pia.az-ın əməkdaşı ilə bölüşüb.Hafiz Hacıyev: “Hər kəs bilməlidir ki, Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni gələn insanların hər birinin aqibəti bu cür olacaq”.Blogger A. Lapşinin Azərbaycana ekstradisiya olunmasını müsbət hal kimi dəyərləndirən Hafiz Hacıyevə görə, Azərbaycan bundan sonra da öz mövqeyini sərt şəkildə bildirməli və güzəştə getməməlidir:
“Aleksandr Lapşinin Bakıya təhvil verilməsi çox normal haldır. Hər kəs bilməlidir ki, Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni gələn insanların hər birinin aqibəti bu cür olacaq. Bu hadisə ermənilərə də bir dərs olmalıdır. Dağlıq Qarabağda qeyri-qanuni yaşayan erməniləri də bu cür həbs etmək lazımdır. Onları bu vəziyyətə salmaq lazımdır ki, gözləri qorxsun. Yoxsa ki, Bakıda ermənilərə restoran açmaqla Dağlıq Qarabağı qaytara bilməyəcəyik. Hər halda mən bu hadisəni müsbət addım hesab edirəm və bu məsələnin davamının olmasını istərdim. Azərbaycanın işğal olunmuş torpaqlarına qeyri-qanuni gedən insanların hər biri Azərbaycan xalqının qarşısında cavab verməlidir.
Biz öz torpaqlarımızı işğaldan azad etmək üçün daha çox işlər görməliyik, daxildə və xaricdə olan bu cür seperatçı qüvvələrə qarşı çox kəskin davranmalıyıq. Dövlət olaraq öz mövqeyimizi ortaya qoymalıyıq. Əgər belə olarsa, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarla bağlı məsələlər yüngülləşər. Aleksandr Lapşinin tutulmasını alqışlayıram.
Bizim atdığımız humanist addımların heç bir mənası yoxdur. Biz bu məsələdə çox güzəştə getmişik. Ancaq Lapşinin tutulması ilə bağlı Azərbaycan öz mövqeyini ortaya qoya bilir. Bizim torpaqlarımıza ayaq basan hər kəs bu cür cavabını alacaq. Bu yaxınlarda erməni qızları işğal olunmuş torpaqlarımızda öz şəkillərini çəkib sosial şəbəkələrdə paylaşırdılar. O erməni qızlarının yanında azərbaycanlı oğlanların olması lap yaxşı olardı. Biz bunu alqışlayardıq. Ancaq neyləmək olar ki, ermənilər bizim torpaqlarımızda at oynadırlar. Onlar da həbs olunmalıdır. Laçında, Kəlbəcərdə, İstisuda, Şuşada dincələn ermənilər həbs olunsa, bu hal təkrar olunmaz.Hər halda hesab edirəm ki, bundan sonra da Azərbaycan öz sözünü deməlidir və heç bir məsələdə güzəştə getməməlidir.
Azərbaycan hakimiyyətinin daxilində də ermənilərin tərəfini tutan müəyyən qüvvələr var. Onlar çalışırlar ki, qohumluq əlaqələri olan insanları bura dəvət etsinlər. Elə bu gün Azərbaycana gələn ermənilərin əksəriyyəti onların qohumlarıdır. Araşdırsaq görərik ki, Bakıda ermənilərə restoran açan, onları Eynulla Fətullayevin saytında işlədənlər kimlərdir. Bu gün bizə tariximizi unutdurmaq istəyirlər. Hər halda biz torpaqlarımıza kiminsə qanunsuz ayaq basmasına icazə verməyəcəyik”.
Siam.az
Tarix: 10-02-2017, 09:59