“Putin ötən 17 ildə verdiyi vədi yerinə yetirmədi”

 “Putin ötən 17 ildə verdiyi vədi yerinə yetirmədi” Elxan Şahinoğlu: “Kremlin yürütdüyü siyasət rəsmi Bakıya Rusiya siyasətini korrektə etməkdən başqa alternativ qoymayıb”
Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da şəhid Çingiz Qurbanovun ailəsi ilə görüşündə düşmən Ermənistana, eləcə də, ermənipərəst siyasət yürüdən ölkələrə növbəti sərt mesajlarını verdi. Ç.Qurbanovun şəhid olmasına səbəb olan dekabrın 29-dakı hadisənin ermənilərin təxribatı olduğunu deyən dövlət başçısı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən ay Dağlıq Qarabağ probleminin Azərbaycanın daxili işi olmaması ilə bağlı dediklərinə toxunub.

Belə ki, aprel savaşlarından danışan ölkə başçısı bu 4 günlük müharibənin və təmas xəttindəki gərginliyin Azərbaycanın daxili işi olduğunu deyib və əslinə qalsa, Dağlıq Qarabağın ölkəmizin daxili işi olduğuna işarə vurub. Ekspertlər İ.Əliyevin bununla ciddi mesajlar verdiyini qeyd edirlər.


Politoloq Elxan Şahinoğlu Azərbaycanın artıq Rusiya ilə bağlı siyasətində dəyişikliklər etdiyini söylədi: “Son aylara qədər Azərbaycan rəsmiləri rusiyalı tərəfdarlarının ünvanına heç bir tənqidi fikir səsləndirmirdilər. İndi isə elə bir mərhələyə gəlib çıxmışıq ki, Rusiya rəsmilərinin açıqlamalarına sussaq, açıq-aşkar Moskva qarşısında çəkindiyimiz ortaya çıxacaq. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə mərhum dövlət başçısı Heydər Əliyevin siyasi xəttinə qayıdır. Heydər Əliyev heç zaman Rusiyanın Ermənistana dəstəyi ilə barışmadı, rusiyalı rəsmilərlə müxtəlif görüşlərdə sərt şəkildə Moskvanın Ermənistanı silahlandırmasından narazılığını ”bu silahlar kimə qarşıdır", “niyə Ermənistana bu qədər silah verirsiniz” sualları şəklində ünvanlayırdı. Heydər Əliyev hakimiyyətinin son illərində Rusiyanın yeni seçilən prezidenti Vladimir Putinlə ona görə yaxınlığa qərar verdi ki, Kreml sahibi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışacağını vəd etmişdi. Ancaq bu 17 ildə Moskva verdiyi vədi yerinə yetirmədi. Heydər Əliyevdən sonra Bakının Moskva ilə əlaqələri daha da intensivləşdi, qarşılıqlı səfərlərin sayı artdı, Rusiya hakimiyyətinin ünvanına müxtəlif reveranslar edildi. Ancaq bunların heç birinin nəticəsi olmadı. 2016-cı ildə apreldəki 4 günlük döyüşlər də Rusiyanı Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaltmasına həvəsləndirmədi. Tam əksinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son mətbuat konfransında söylədiyi iki fikir Azərbaycanın son gözləntilərinin üstündən xətt çəkdi. Nə dedisə, Ermənistanın maraqlarına uyğun idi. Birincisi, Lavrov dedi ki, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması bölgənin statusunu müəyyənləşdirəcək mexanizmlə paralel aparılmalıdır. Başqa sözlə Lavrov münaqişənin həllinin “mərhələli həllindən” “paket həllinə” keçid etdi. İkincisi, Lavrov bildirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. Lavrova sualıyla bu cavabı söyləməyə məcbur edən azərbaycanlı jurnalist bir gün sonra işdən çıxarıldı. Jurnalistin işdən çıxarılmasına Bakıda Rusiyadan çəkinən, ehtiyatlanan qrup qərar verdi. Ancaq hadisələrin inkişafı göstərdi ki, Lavrov son mətbuat konfransında məlum açıqlamaları söyləməsə də, onun mövqeyi Ermənistana dəstək üzərində qurulub. Digər tərəfdən Rusiyada xarici siyasət konsepsiyasını prezident müəyyənləşdirir. Ona görə də Lavrov həmin konsepsiyanın icraçısıdır. Moskva Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya məsələsində həm Minskə, həm də Bakıya təzyiq etdi. Bununla Rusiya hakimiyyətinin siyasətində ikili standartlar üzə çıxdı".

Politoloq Lapşinin qeyri-qanuni hərəkətlərinə Kremlin haqq qazandırdığına da işarə vurdu: “Dağlıq Qarabağ separatçılarının uzun müddətdir girov saxladığı iki azərbaycanlıdan biri Rusiya vətəndaşıdır. Rusiya həmin vətəndaşının azad olunması üçün heç bir fəaliyyət göstərməyib. Ancaq Azərbaycan qanunlarını kobud surətdə pozan digər vətəndaşı Lapşinin qeyri-qanuni hərəkətlərinə haqq qazandırır. Rusiya hakimiyyətinin Azərbaycan əleyhinə yönələn bu siyasətinə susmaq artıq mümkün deyildi. Ona görə də, Azərbaycan rəsmiləri artıq rusiyalı rəsmilərin açıqlamalarına cavab verməyə başlayıblar. Həm prezident İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarov Rusiya hakimiyyətinə sərt mesajlar göndərdilər. Birincisi, Azərbaycan prezidenti dedi ki, ”aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik, toqquşma bizim daxili işimizdir". Bu İlham Əliyevin Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil” açıqlamasına cavab idi. Digər tərəfdən əgər indiyə qədər rəsmi Bakı apreldəki döyüşlərin Ermənistanın təxribatına cavab olduğunu deyirdisə, indi isə prezidentin sözlərindən anlaşılır ki, cəbhə xəttində işğalçıya daima zərbə endirmək Azərbaycanın müstəsna hüququdur".

E.Şahinoğlu ölkə başçısının verdiyi mesajları bu cür sadaladı: “Azərbaycan işğalın davamına yol açan atəşkəsə riayət etmək fikrində deyil. Prezidentin sözlərindən anlaşılır ki, Azərbaycan torpaqlarını azad etmək məqsədilə müharibəni öz torpaqlarında edir; Ermənistana hücum etmir ki, Rusiya bu prosesə qarışsın. İkincisi, Azərbaycan xarici işlər naziri dedi ki, Sergey Lavrovun təklifi və onun iştirakı ilə erməni həmkarıyla üçtərəli görüşdə iştirak edə bilər, ancaq bu görüş üçün iş qrafikini razılaşdırmalıdır. Bu o deməkdir ki, Lavrov istəyir deyə azərbaycanlı nazir erməni həmkarı ilə görüşməyə məcbur deyil. Üçüncüsü, Elmar Məmmədyarov ilk dəfə rəsmi Bakının Rusiyanın Ermənistanda hərbi baza saxlamasından narahat olduğunu bildirdi. İndiyə qədər rəsmi Bakı bu məsələyə toxunmazdı. Ancaq Elmar Məmmədyarovun ”biz Rusiyanın Ermənistanda hərbi bazasını nəzərə alırıq, ona görə də təhdid və çağırışlara gözüaçıq olmalıyıq" fikrini dilə gətirməsi rəsmi Bakının Rusiyanın Ermənistanda hərbi bazasının varlığından narahatlığını ortaya qoydu.

Rusiyada olduğu kimi Azərbaycanda da xarici siyasət prioritetlərini prezident müəyyənləşdirir. Ona görə də Elmar Məmmədyarovun Rusiyanın regional siyasəti ilə bağlı son açıqlamalarını prezidentin müəyyənləşdirdiyi xarici siyasət konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Kremlin yürütdüyü siyasət rəsmi Bakıya Rusiya siyasətini korrektə etməkdən başqa alternativ qoymayıb. Rusiya tərəfdaş, hətta müttəfiq dövlətlərə vassal kimi yanaşır. Kreml 2008-ci ildə Gürcüstanı parçaladı, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı, 8 il sonra Ukraynanı parçaladı, Krımı işğal etdi, Donbasda separatizmin dayağına çevrildi, üstəgəl zaman-zaman sözdə müttəfiq adlandırdığı Belarus və Qazaxıstana hədələyici mesajları göndərir. Belə vəziyyətdə rəsmi Bakı da seçimini etməli idi. Bu arada, İlham Əliyevin Brüsselə səfəri daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ilə inteqrasiyanı gücləndirməli, il ərzində Avropa İttifaqı ilə strateji sazişin imzalanmasına nail olmalı, üstəgəl ordunun NATO standartlarına keçidi sürətləndirilməlidir.

Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışmalıyıq. Doğrudur, Ankara Moskva ilə tərəfdaşlıq edir və Suriyada hərbi əməkdaşlıqları da mövcuddur. Ancaq Ankara nə qədər Moskvaya yaxın olmağa çalışsa da, Rusiya-Ermənistan cütlüyünün Azərbaycana təzyiqlərinə seyrçi qalmayacaq. Ermənistanda içi Levon Ter-Petrosyan qarışıq bir siyasətçinin və ya ekspertin (Sülh Platformasına qoşulan ermənilər istisnadır) cəsarəti çatıb demir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər oradakı postlarımız da vurulacaq və hərbçilərimiz öləcək. İşğalçıların addım-addım zərərsizləşdirilməsi prezident İlham Əliyevin “erməni silahlılarının Ağdamda, Füzulidə nə işi var” açıqlamasına uyğun həyata keçirilir".

Cavanşir ABBASLI
Tarix: 11-02-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti