FETÖ-yə qarşı yeni dalğa: BAŞLADI
Elşən Manafov: “Gülən və onun tərəfdarlarının ABŞ-ın xüsusi xidmət orqanları ilə sıx münasibətləri var”
Türkiyədə FETÖ istintaqı çərçivəsində əməliyyatlar davam edir. FETÖ işi üzrə Energetika və Təhsil nazirliklərinin 85 əməkdaşı həbs olunub. İlkin məlumatlara görə FETÖ ilə bağlı yeni əməliyyatın səbəbi gizli mesajlaşma proqramı "Bylock" istifadə edilməsi ilə bağlıdır. Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir qismi hələ də vəzifədə olan və "Bylock" proqramı istifadə etdiyi təsbit edilən Enerji və Təbii Ehtiyatlar Nazirliyinin 60 əməkdaşı və Təhsil Nazirliyinin 25 müəllimi haqqında saxlanma qərarı verilib. Prokurorluğun göstərişilə hərəkətə keçən hüquq-mühafizə orqanları əməliyyata başlayıb. Saxlanma qərarı verilən şəxslərin bir qisminin daha əvvəl vəzifədən uzaqlaşdırıldığı, digər hissəsinin isə hələ də vəzifə başında olduğu bildirilib. Növbəti həbs dalğasının təfərrüatları barədə məlumat verilmir. Qeyd edək ki, Türkiyədə FETÖ ilə əlaqələrinə görə 50 mindən artıq insan həbs olunub. Həbslər Türkiyədəki məlum hərbi qiyam cəhdindən sonra başlayıb. “Təmizləmə əməliyyatı” çərçivəsində 150 mindən artıq insan işdən azad edilib.
Qeyd edək ki, mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər etdi. Türkiyə prezidenti Vaşinqtonda amerikalı həmkarı Donald Trampla mayın 17-da təkbətək görüş keçirdi. Ərdoğanın səfəri ABŞ prezidentinin YPG-yə, PKK terror təşkilatının Suriya qolu olan PYD-yə ağır silahların çatdırılması barədə qərarı verdiyi dövrə təsadüf edir. Məlumata görə ABŞ terror təşkilatına minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, avtomatik silahlar, zirehli avtomobillər və tanklar çatdıracaq. Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında YPG-yə ağır silahların verilməsinin ABŞ-la olan strategiyaya zidd olduğunu açıqlamışdı. Ərdoğanın ABŞ-a səfərini FETÖ-nün qara günləri başlayacağı kimi analiz edənlər də var.
Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında Ərdoğanın Amerikaya səfəri ötən ilin yayından Türkiyə ABŞ münasibətlərində yaşanan gərginliyin aradan qaldırılmasında kifayət qədər müstəsna əhəmiyyəti olan hadisə olacağını düşünmədiyini deyib: “Türkiyə tərəfi münasibətlərdəki gərginliyi aradan qaldırmaqda maraqlıdır. Bu da ilk növbədə Türkiyənin regional və qlobal təhlükəsizliklə bağlı məsələlərə münasibətindən irəli gələn amildir. Məlumdur ki, Türkiyənin Suriya probleminə münasibətində ABŞ-ın mövqeyindən kəskin şəkildə fərqlənən müəyyən məqamlar var. Perspektivdə Türkiyə Suriya ərazisində kürd dövlətinin yarana biləcəyilə bağlı proseslərin mahiyyətini anlayır. Türkiyə başa düşür ki, kürd dövlətinin yaradılması, gələcəkdə özünün ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Buna görə də Türkiyə ilk növbədə Suriya probleminin çözülməsilə bağlı məsələlərdə ABŞ-ın marağını nəzərə alsa da, özünün NATO üzrə strateji müttəfiqi olan ABŞ-dan PKK-nın PJK-a qanadına maliyyə və silah dəstəyi verilməsinin dayandırılmasını tələb edir. ABŞ Türkiyənin bu mövqeyi nəzərə almalı idi”.
Politoloq Türkiyənin ABŞ və NATO üzrə müttəfiqləri ilə münasibətlərində gərginliyin artmasının müşahidə edildiyini də bildirib: “Bu səfər zamanı ABŞ prezidenti PKK-nın məlum qanadını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı məsələyə birmənalı münasibət açıqlamadı. Bəllidir ki, ABŞ bundan sonra da PJK-nı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək. Əslində, kürd faktoruna münasibətdə Rusiya və ABŞ-ın maraqlarında üst-üstə düşən və eyni zamanda fərqli məqamlar da var. Ərdoğanın bu ilin mayın əvvəlində Rusiyaya baş tutan səfərində Türkiyənin kürd faktoruna olan marağı nəzərə alınaraq prezident Putin belə bir bəyanatla çıxış etdi ki, kürdlərlə işləsələr də, PKK-ya nə maliyyə dəstəyi, nə də silah verirlər. Amma biz ABŞ rəsmilərinin belə bir mövqedən çıxış etməsini müşahidə etmədik. Nə ABŞ dövlət katibi Tillerson, nə də prezident Tramp Ərdoğanda belə bir əminlik yaratmadı ki, Amerika kürd faktoru ilə bağlı məsələdə Türkiyənin maraqlarını nəzərə alacaq”.FETÖ-la bağlı məsələyə gəlincə, analitik bildirib ki, Fətullah Gülən ABŞ-ın xüsusi xidmət orqanlarına bağlı bir insandır: “Bəllidir ki, ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişini həyata keçirmək istəyən qüvvələr məhz FETÖ-çu və nurçularla bağlı şəbəkə olmuşdu. Uzun müddətdir Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması tələb olunsa da, ABŞ bilərəkdən prosesi uzadır. Bu gün açıqlanan məlumatlara nəzər saldıqda məlum olur ki, ABŞ ən yaxşı halda Fətullah Gülənin Kanadaya köçürülməsində maraqlı olacaq. Bu onu göstərir ki, Gülən və onun tərəfdarlarının ABŞ-ın xüsusi xidmət orqanları ilə sıx münasibətləri var. ABŞ-ın xüsusi xidmət orqanları Türkiyə ilə bağlı perspektivdə tətbiq edilə biləcək hansısa layihələrdən xəbəri var.
Bu mənada yaxın gələcəkdə Fətullah Güləni sağ-salamat Türkiyə iqtidarına təhvil veriləcəyini istisna edərdim. Düşünürəm ki, Ərdoğan bu səfərdən sonra Türkiyənin qlobal və regional təhlükəsizliyi ilə bağlı məsələlərdə siyasətinə köklü dəyişikliklər etmək məcburiyyətində qalacaq. Çünki artıq Avropa dövlətlərinin də Türkiyə ilə münasibətlərində xeyli gərginlik var. Türkiyə Almaniya deputatlarını İncirlik hərbi bazasına buraxmayandan sonra münasibətlərdə gərginlik yüksələn xətlə artmağa başlayıb. Üstəgəl, Emmanuel Makronun Fransada prezident seçkisində qalib gəlməsi, əslində Türkiyə ilə münasibətlərin yaxşı olacağı ilə bağlı heç nə vəd etmir”.Elşən Manafovun sözlərinə görə Türkiyə regional təhlükəsizliklə bağlı məsələyə münasibətdə Rusiya və İranla razılaşdırılmış siyasətini həyata keçirtmək məcburiyyətindədir: “Yaxın perspektivdə Türkiyə bu siyasətdən kənara çıxa bilməyəcək. Bu da onunla izah olunur ki, əslində bu siyasətin əsası və konturları Ərdoğan iqtidarı dövründə müəyyənləşdirildi. Bu mənada Ərdoğanın xarici siyasəti özünə qədərki Türkiyə baş nazirləri və prezidentlərin xarici siyasətindən kifayət qədər fərqli oldu. Onu da qeyd etmək lazımdır ki, dövlət olaraq Türkiyənin əsas maraqları Qərbdədir.
Türkiyə qərb bazarında özünə alıcı tapır. Hesab edirəm ki, bu mənada Ərdoğan yaxın vaxtlarda Qərblə münasibətlərdəki gərginliyin aradan qaldırılması istiqamətində düşünməlidir. Türkiyə siyasətində kəskin şəkildə Rusiyaya tərəf dönməsi təbii ki, NATO üzrə müttəfiqlərə daha da ciddi qıcıq yarada bilər. Ərdoğan paralel dövlətçiliyin Türkiyə üçün nə qədər ciddi təhlükə təşkil etməsilə bağlı məsələnin mahiyyətinə varsa da, yaxşı olardı ki, o, bir müddət Gülənlə bağlı irad və tələblərindən geri çəkilsin. Əks halda bu, Türkiyə ilə ABŞ arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb olacaq”.
Yeganə Oqtayqızı
Cebhe.info
Tarix: 20-05-2017, 21:15