Rusiya-Azərbaycan arasındakı siyasi gərginlik açıq fazaya keçməkdədir. AnaXeber.az-ın Analitik Qrupu xəbər verir ki, Əliyev administrasiyası ilə Putin iqtidarı arasında yaranan soyuqluq daha dərin qarşıdurmaya çevrilə bilər.
Kor-kor, gör-gör ki, rəsmi Bakı Türkiyə ilə bağlı Avropa Şurasının monitorinqləri bərpa etməsinə verdiyi total reaksiyanı bir kənara qoyaraq şimal qonşu ilə didişməkdədir.
Hətta hakimiyyətin içindəki anti-Rusiya qanadı ritorikanı o dərəcədə gücləndirib ki, “5-ci kolon”un parlamentdə üzvlərinin olduğuna işarə verir.
Yeni Azərbaycan Partiyasının rəsmi qəzeti olan “Yeni Azərbaycan” qəzetində deputat Vahid Əhmədovun təklənməsi, ona olmazın ittihamların irəli sürülməsi, hakim partiyanın deputatı Siyavuş Novruzovun tələm-tələsik müsahibəsində “bəzi iqtisadçı deputatlar” ifadəsi, onların anti-Azərbaycan fəaliyyətində olduğunu deməsi sıradan bir proses deyil.
Gözlənilmədən YAP-ın deputatı V. Əhmədovun “5-ci kolon” üzvü olduğuna eyham vurur, onu anti-Azərbaycan kampaniyasında iştirakda suçlayır, paralel olaraq digər həmkarı Hikmət Babaoğlunun baş redaktoru olduğu “Yeni Azərbaycan” qəzeti millət vəkilini sərt tənqid edir, mütəllibovçu, cəbhəçi, müsavatçı və s. çıxarır. Bu hadisələr arasında bağlılıq olmadığını demək acizlik olardı.
Üstəlik, Moskva ilə Bakı arasında gərginliyin hökm sürdüyü bir ərəfədə V.Əhmədovun partiya qəzetində “vurulması” hansısa dairələrdən gələn sifariş kimi görsənir. Elə millət vəkili özü də açıqlamasında sifariş olduğunu istisna etməyib.
Bununla, hakimiyyət özü dolayısı ilə parlamentdə ruspərəst qüvvələrin olduğuna, Kremlə bağlı deputatların fəaliyyət göstərdiyinə eyham vurur. Azərbaycan hakimiyyətinin yeknəsəq olmadığı çoxdan bəlli idi.
Siyasi iqtidarın kluarlarında Gülənə bağlı adamlar da, Rusiyaya işləyən qüvvələr də, Qərbpərəstlər də, İrana meyilli güclər də var. Ona görə də zaman-zaman hansı düşərgə ilə münasibətlərdə gərginlik yaransa onların Bakıdakı “kolon”u hədəfə çıxarılır.
Ancaq bu dəfə V.Əhmədov açıq şəkildə nişangaha gəldi və onun Rusiya agenturasının adamı olması dolayısı ilə de-şifrə edildi.
Yəni, YAP-ın qəzeti və deputatının çıxışlarından belə anlaşılır. Halbuki, V.Əhmədov hər zaman mediaya açıq bir millət vəkili olub.
Üstəlik, onun şimal zonasında ciddi hörməti var. Qubadakı üsyan zamanı icra başçısı Rauf Həbibov devrilərkən xalqın qarşısına çıxanlardan biri də V.Əhmədov olmuşdu.
Lakin Azərbaycan hakimiyyəti Rusiya ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı çəkişmədə Qubanın deputatını qurban verdi. Eyni zamanda parlamentdə başqa millət vəkillərinin də Putin şəbəkəsinə yaxın olduğu aydınlaşdı.
AnaXeber.az-ın Analitik Qrupu xəbər verir ki, Rusiyanın Azərbaycanı sıxışdırmasının əsl səbəblərindən biri “AzərRos” təşkilatının fəaliyyətini gücləndirməkdir. Putin administrasiyası ÜAK-ın yerinə “AzərRos”un fəaliyyət göstərməsini arzulayır.
Söyün Sadıqov da müsahibəsində bu faktoru qeyd etmişdi. Onun sözlərinə görə, Moskva öz təşkilatını yaratmaq istəyir. Ancaq Abbas Abbasovun Rusiyada nüfuzu qalmayıb və belə görünür ki, təşkilatın başına Putinin öz istədiyi adam gətiriləcək.
Və həmin adamın 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyev hakimiyyətinə qarşı olmayacağına zəmanət verilmir. Deməli, örtülü qazanın niyə qaynadığı üzə çıxmaqdadır.
Məsələ heç də enerji layihələri, Avrasiya İttifaqı deyil. Birbaşa siyasi hakimiyyətə təzyiq etməklə Azərbaycanın ən güclü diaspora təşkilatının yerinə Moskvanın arzuladığı qurum yaratmaqdır. Belə desək, diaspora təşkilatımız Putinə işləməlidir.
Bu “xəmirin hələ çox su aparacağı” görünməkdədir. Azərbaycanda “5-ci kolon” fəallaşıb. Bu aktivlik I vitse-prezident təyinatından az sonraya təsadüf edir.
İslahatçı qanadla ənənəvi qvardiya arasında gedən mübarizənin daha sərt bir şəkil alacağı gözlənilir.
Rusiyaya yaxınlığı ilə seçilən klan iri pəncələrini basaraq gücünü göstərməyə başlayacaq. Yekun isə indidən bəllidir: köhnə qvardiyanın və Rusiyanın dediyi olacaq.
Azərbaycanın siyasi rəhbərliyindən istənilən nədirsə, onu qoparacaqlar. Necə ki 2013-cü ilin avqustunda Putin hərbi donanma ilə Xəzərdən Bakıya gələrək Əliyevlə görüşdü və ardınca təhdidləri geri çəkdi.
Məhz bu təzyiq aparatanın məqsədi təhdid yolu ilə rəsmi Bakını hansısa sazişlərə razı salmaqdır. Azərbaycanda isə seçkinin taleyini Qərb və ABŞ həll etmir.
İllərdir ki, Azərbaycanda seçkinin müqəddəratı nə xalqın, nə hakimiyyətin, nə müxalifətin əlindədir - Rusiyanın dirijor çubuğu ilə idarə olunur. Ona görə də Əliyev hakimiyyəti Putinin 2017-ci il başlar-başlamaz təzyiqlərə əl atmasından çəkinir.
Bir tərəfdə sosial gərginlik, işsizlik, narazılıq və yoxsulluq, digər tərəfdə korrupsiyaya bulaşmış və vətəndaşların onların qanını içməyə hazır olduğu, eləcə də İ.Əliyevin özünün onlara tam olaraq etibar etmədiyi məmur ordusu, digər tərəfdən o X gününü gözləyən müxalif düşərgə var ikən hakimiyyətin Rusiya ilə axıra qədər kəllə-kəlləyə gedəcəyi mümkün deyil. Bu baxımdan V.Əhmədovu “vurmaq”la Kremlə tutarlı cavab verildiyini düşünmək olmaz.
AnaXeber.Az
Turan
Tarix: 22-05-2017, 08:49