Ümumrusiya Azərbaycan Konqresin Mərkəzi Şurasının üzvü, müstəqil jurnalist Anar Həsənovun “Ölkə.Az”-a müsahibəsi:– Anar bəy, Rusiyanın Ali Məhkəməsi bu yaxınlarda Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərar qəbulm edib. Bu qərara münasibətiniz necədir?
– Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarı çox pis haldır. Ancaq bunu siyasiləşdirməyə də ehtiyac yoxdur. Çünki Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti Rusiya qanunlarına zidd olduğu üçün bağlanılıb. Bu məsələ siyasiləşsə belə, Rusiya-Azərbaycan münasibətlərini korlayası deyil. Ancaq özlərini “vətənpərvər” göstərmək istəyən bəzi insanlar bundan divident qazanmağa çalışır. Onların arasında diaspor nümayəndələri də var. Hesab edirəm ki, bu sırf hüquqi məsələdir. Burada siyasi məqsədlər yoxdur.
Rusiya hökuməti Ümumrusiya Azərbaycan Konqresinə dəfələrlə bildirişlər göndərib. Ancaq çox təəssüf ki, Ümumrusiya Azərbaycan Konqresi vaxtında həmin sənədləri toplayıb lazımı qurumlara təqdim etməyib. Burada təəssüfedici hal odur ki, işə səhlənkar yanaşma nəticəsində Ümumrusiya Azərbaycan Konqresi bağlanıb. Bütün bunların köklərini Ümumrusiya Azərbaycan Konqresindəki icra strukturlarında axtarmaq lazımdır. Hər halda onlarda Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi məsələsində məsuliyyət daşıyır. Bu qərarın günahlarını təkcə Rusiya dövlətinin üzərinə atmaq yaxşı hal deyil. Əslində, Ümumrusiya Azərbaycan Konqresinin icra strukturlarının səriştəsizliyində bu səhvləri axtarmaq lazımdır. Bunu diqqətlə araşdırmaq lazımdır ki, Rusiya məhkəməsi nə üçün belə bir qərar verib. Bütün məsələlərdə Rusiyanı günahlandırmaqla biz düşmənlərimizin dəyirmanına su tökmüş olarıq. Düşmənlərimiz isə bizə kənardan baxıb sevinir.
– Sizcə, Ümumrusiya Azərbaycan Konqresinin bağlanılması ilə bağlı qərarın arxasında erməni lobbisinin əli ola bilərmi?– Mən Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasının arxasında heç bir erməni izi görmürəm. Bunun günahını ermənilərin üzərinə atmaq olmaz. Ermənilər o qədər də güclü deyil ki, buradakı Azərbaycan təşkilatının bağlanılmasını Rusiyaya diktə etsin. Bu cür düşünmək gülünc doğurur.
Ümumrusiya Azərbaycan Konqresi fəaliyyətə başlayandan bəri, yəni 2001-ci ildən mən bu təşkilatda çalışıram. Mənim ilk iş yerim də Ümumrusiya Azərbaycan Konqresinin mətbuat katibinin köməkçisi vəzifəsi olub. İndiyədək də Ümumrusiya Azərbaycan Konqresin Mərkəzi Şurasının üzvüyəm. Ona görə də Konqresin daxilində baş verən hər bir hadisədən xəbərdaram. ÜAK-nin bağlanılmasının əsas səbəbi Konqresin icra strukturunda son illər baş verən intiriqalar və rəhbər şəxslərin səriştəsizliyidir. Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasının əsas səbəbkarlarından biri İlqar Hacıyevdir. Bu adam dəfələrlə Azərbaycan dövlətinə yalanlar söyləyərək, Konqresin səriştəsiz icraçı direktoru olub. Rusiya tərəfi zamanında Konqresə 3 dəfə bildiriş göndərib. Əgər İlqar Hacıyev bu bildirişlərə məhəl qoymayıb, sənədləri hazırlamayıbsa, o zaman Konqresin bağlanılmasında erməniləri nə üçün günahlandırır? Ermənilər Rusiyada elə güclü qüvvə deyil. Odur ki, erməniləri mifə çevirmək lazım deyil. Biz ermənilərin nə olduğunu ötən ilin aprel hadisələri zamanı cəbhədə də, Rusiyada da onlara başa salmışıq. Bu gün Ümumrusiya Azərbaycan Konqresində elə adamlar var ki, onların malik olduğu maliyyə vəsaiti bütün erməni diasporunun maliyyəsindən çoxdur. Ona görə də bu cür yanaşma gülünc doğurur. Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasında heç bir erməni və ya Rusiyanın siyasi faktoru məsələləri yoxdur. Bu sırf hüquqi məsələdir və Ümumrusiya Azərbaycan Konqresinin icra strukturlarının səriştəsizliyinin nəticəsidir.
– Ümumrusiya Azərbaycan Konqresinin bağlanılması qərarının ləğv edilməsi imkanları nə qədərdir? – Mənə elə gəlir ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı qərarın ləğvi möcüzə ola bilər. Ancaq biz çox istərdik ki, Konqres açılsın. Çox istərdim ki, Konqresdə islahatlar aparılsın və onun tərkibində təmsil olunan şəxslər dəyişdirilsin. Ümumiyyətlə, Ümumrusiya Azərbaycan Konqresinin icra strukturlarına Azərbaycan ictimiayyətinin “şahinləri” gətirilməlidir. Daha bəsdir ki, biz müharibə aparan dövlətin ictimai təşkilatlarına “göyərçinləri” vəzifələrə otuzdurduq. Bu daha olmamalıdır. Dünya Azərbaycanlılarının Qurultayında cənab Prezidentimiz də bizə bildirdib ki, biz artıq müdafiədən hücum taktikasına keçməliyik. Anar Həsənovları, Roman Ağayevləri, İslam Hüseynovları vurub kənara atanda və onların yerlərinə “göyərçinləri” gətirəndə, təbii ki, bizim təşkilatlarımız da dağılacaq, rus dilini üzündən oxuyan jurnalistlərimiz üzə çıxacaq. Halbuki, Azərbaycanda rus dili əvvəllər də tədris olunur. Peşəkarları kənara atanda belə hadisılərin baş verməsi mümkün olur.
Ötən il cəbhə xəttində aprel döyüşləri baş verib və Azərbaycan bütün sahələrdə qələbə qazanıb. Həmin vaxtı da bizim yeganə məğlubiyyətimiz diaspor sahəsində olub. Əgər ikinci aprel döyüşləri baş versə, biz yenə də həmin məğlubiyyəti yaşayacağıq. Çünki Ümumrusiya Azərbaycan Konqresində heç bir dəyişiklik olunmayıb. Bəs pul dağıdan və yeyən, heç bir xarizması və ictimai nüfuzu olmayan insanlar nə vaxy Ümumrusiya Azərbaycan Konqresindən uzaqlaşdırılacaq? Bu nə vaxt olacaqsa, biz diaspor sahəsində də qələbə qazanacağıq.
Mən inanmıram ki, Rusiya Ümumrusiya Azərbaycan Konqresini açsın. Ancaq çox istərdim ki, bu mümkün olsun. Çünki mən bu təşkilatda formalaşmışam, məni Ümumrusiya Azərbaycan Konqresi vasitəsi ilə tanıyıblar. Konqres bizim birləşdiyimiz yer idi. Amma bu gün Azərbaycan mediasına baxıb görürsən ki, proseslərdən xəbərsiz olan bəzi politoloqlar Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı erməniləri pisləyirlər. Axı ermənilər kimdir ki, Ümumrusiya Azərbaycan Konqresini ləğv etdirsin? Bəs ermənilər bunu Heydər Əliyev Fonduna niyə edə bilmir? Bu gün Rusiyada ermənilərə yeganə böyük zərbələr vuran təşkilat varsa, bu da Heydər Əliyev Fondudur. Mən Rusiyada ermənilərə zərbə vura bilən ikinci təşkilat tanımıram, fəaliyyətini hiss etmirəm. Bunun səbəbi Heydər Əliyev Fondunda peşəkarların təmsil olunmasıdır.
Ümumrusiya Azərbaycan Konqresi isə son illər ancaq Novruz bayramı keçirirdi və Azərbaycan Səfirliyinin keçirdiyi tədbirlərdə iştirak edirdi. Başqa fəaliyyəti yox idi.
Son illər Ümumrusiya Azərbaycan Konqresinin hansı fəaliyyəti gözə dəyib? Bir neçə il öncə Rusiyada Orxan Səfərov məsələsi olanda, Ümumrusiya Azərbaycan Konqresi nə kömək edə bildi? Hansı Azərbaycan vətəndaşı olan biznesmen onun hüquqlarını müdafiə etdi?Ötən il cəbhədə erməni təxribatı ilə üzləşdik və aprel hadisələri baş verdi. Anar Həsənov, Roman Ağayev və Sabir Məmmədov istisna olmaqla, Ümumrusiya Azərbaycan Konqresinin hər hansı nümayəndəsi bununla bağlı nə vaxt çıxış etdi? Ancaq bu gün həmin insanlar görün haradadır? Hər kəs internetdən axtarıb tapa bilər. Ötən ilin aprel döyüşləri zamanı Rusiya mediasında Azərbaycan həqiqətlərini çatdıran və ermənilərlə mübarizə aparan biz üç nəfər indi kənarda qalmışıq. Bəs bütün bunlar nə deməkdir? Biz bunu hələ də başa düşə bilmirik. Axı biz nə etmişik? Bütün bu problemlərin bir daha olmaması üçün Ümumrusiya Azərbaycan Konqresinin indiki rəhbərliyi getməlidir, onların yerinə isə rus dilini mükəmməl bilən və sərbəst danışan Azərbaycana bağlı cavan və intelektual bilikləri çox olan kadrlar gətirilməlidir. Konqresdə təmsil olunan yalançı akademiklər və vəkillər gedib ayrı işlərlə məşğul olmalıdır.
Ümumrusiya Azərbaycan Konqresində Azərbaycan və Rus dilini mükəmməl bilən insanlar gəlib oturmalıdır ki, işləri qaydasında apara bilsinlər.
Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasının digər səbəbi isə səfir Polad Bülbüloğludur. Çünki Ümumrusiya Azərbaycan Konqresi sıradan olan bir təşkilat deyil idi. Bu təşkilatı Heydər Əliyev yaratmışdı. Heydər Əliyev irsi ilə bağlı olan hər bir təşkilatla yaxından maraqlanma həmin ölkədə təmsil olunan səfirin birbaşa borcudur. Ancaq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2006-cı ildə səfir təyin olunandan bəri Ümumrusiya Azərbaycan Konqresinə ögey münasibət bəsləyib. Halbuki, Ümumrusiya Azərbaycan Konqresi əvvəlki səfir Ramiz Rzayevlə diaspora-səfirlik konsepsiyasını nəzərə alaraq, çox normal çalışıb. Polad Bülbüloğlu isə səfir olandan bəri Ümumrusiya Azərbaycan Konqresinin tədbirlərinə qatılmayıb. Onu xahiş və minnətlə tədbirlərə gətirirdilər. Ümumrusiya Azərbaycan Konqresi dövlətin maraqlarını ifadə edən təşkilat idi. O zaman səfirimiz niyə buna maraq ayırmırdı? Əvəzində isə Polad Bülbüloğlu Ümumrusiya Azərbaycan Konqresində təmsil olunan güclü kadrların işdən çıxarılmasına nail olub.
– Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir etmişdi. Bu cür hallarla siz də qarşılaşmısınızmı?– Əslində, bu il yanvarın 17-də biz öz əlimizlə jurnalistimizi qorumayıb işdən çıxarırıqsa, təbii ki, bundan sonra Azərbaycan jurnalistinə Rusiya da hörmətsizlik edəcək. Mən burada konkret olaraq səfir Polad Bülbüloğlunu nəzərdə tuturam. Çünki Polad Bülbüloğlunun qaldırdığı vəsadət altında məni işdən çıxarıblar. Həmin vaxtı Polad Bülbüloğlu “Lider TV”-nin rəhbərliyinə zəng edərək deyib ki, Anar Həsənovun verdiyi sual Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirib. Əslində mənim sualım heç bir xələl gətirməmişdi. Mən bütün Azərbaycan xalqının ürəyindən keçən sualı vermişdim. Bu sual da Azərbaycan dövlətinin maraqlarına uyğun idi. Amma Polad Bülbüloğlu mənimlə şəxsi qərəzlilik zəminində yaranan məqamdan sui-istifadə edib, ona xidmət edən KİV-lər vasitəsi ilə məni “vurmağa” çalışıb. İstədiyinə də nail olub. Polad Bülbüloğlu məndən 3 gün öncə də vətənpərvər jurnalist Roman Ağayevi işdən çıxartdırmışdı, onunla da şəxsi qərəzliliyi var idi. Daha sonra isə İslam Hüseynovun Konqresdən ayrılmasına birbaşa səbəbkar olub. Bununla da Polad Bülbüloğlu Konqresi öz maraqlarına uyğun olaraq “təmizləyir”. Ona görə də Ümumrusiya Azərbaycan Konqresinin bağlanılması ilə bağlı icra stukturlarını və Polad Bülbüloğlunu araşdırmaq lazımdır. Xüsusi olaraq da İlqar Hacıyev barəsində ciddi araşdırma aparmaq lazımdır.
O ki, qaldı Mariya Zaxarovanın çıxışına, onun sözləri birbaşa jurnalist Eynulla Fətullayevə ünvanlanmışdı. Şübhəsiz ki, Mariya Zaxarova Azərbaycan mediasının da monitorinqini aparır. Həmin dövrdə də jurnalist Eynulla Fətullayev haqlı olaraq, Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edən yazılar yayımlayırdı. Ona görə də Mariya Zaxarovanın həmin fikirləri Eynulla Fətullayevə ünvanlanmışdı. Yəni, Zaxarovanın fikirləri bütün Azərbaycan jurnalistlərinə aid deyildi. Sözsüz ki, mən də Mariya Zaxarovanın fikirlərini pisləyirəm. Ancaq bir məsələyə də diqqət etmək lazımdır. Rusiyada Azərbaycanı təmsil edən jurnalistlərin rus dilini yaxşı bilməsinə diqqət etmək lazımdır. Rusiyada jurnalist kimi təmsil olunasan, amma rus dilini üzündən oxuyasan! Adama belə sual verərlər? Sən Çin, yoxsa Kuba jurnalistisən? Rus dilini mükəmməl bilməyən azərbaycanlı jurnalist yaxşı olardı ki, Zaxarovaya üzündən oxuyaraq, sual verməyəydi. Əgər sən Azərbaycanda işləsəydin, rus dilini bilməməyin qəbahət sayılmazdı. Amma Rusiyada APA kimi böyük bir təşkilatı təmsil edirsənsə, o zaman gərək gedib rus dilini yaxşı öyrən, sonra gəl sual ver! Axı sən orada APA-nın daimi nümayəndəsisən! Məsələ də ondan ibarətdir ki, mənim kimi Moskva Dövlət Universitetini bitirən və rus dilini mükəmməl bilən jurnalistləri işdən çıxartdıranda, ortada bu cür adamlar qalır. Mən Moskva Dövlət Universitetini əla qiymətlərlə bitirmiş ilk Azərbaycan vətəndaşıyam. Mən Filalogiya və Jurnalistika üzrə təhsil almışam. Mən gəlib Azərbaycanda seminar keçmişəm. İndi Polad Bülbüloğlu mənim kimi adamları işdən çıxartdıranda, təkcə mənə deyil, həm də millətimizə zərər vurur. Vaxtilə Rusiya mediasında ermənilərlə debata gedən kim idi? Mən və Roman Ağayev idi. Ancaq Polad Bülbüloğlu bütün bunlara əngəl oldu. Görüm Polad Bülbüloğlu indi də ermənilərlə debata adam tapa bilirmi? Ermənilərlə debata Fuad Abbasov çıxacaq? Fuad Abbasov hələ gedib Azərbaycanla bağlı ətraflı məlumat öyrənsin, sonra gedib Azərbaycanı təmsil etsin! O, Türkiyəni yaxşı bilə bilər!
Əfsuslar olsun ki, bu gün biz, Konqres və bir çox azərbaycanlı patriotlar Polad Bülbüloğlunun şəxsi qərəzliliyinin qurbanına çevrilib. Necə ki, bir vaxtlar Polad Bülbüloğlu Müslüm Moqamayevə, Lütfiyar İmanova, Xuraman və Fidan Qasımova bacılarına qarşı şəxsi qərəzlilik aparıb, bu gün də tanınmış rusiyalı tarixçi və politoloq Oleq Kuznetsova qarşı aparır. Bu böyük biabırçılıqdır? Rusiyada Azərbaycanı müdafiə edən və ermənilərə qarşı çıxış edən Oleq Kuznetsov kimi ikinci politoloq yoxdur. Ancaq Polad Bülbüloğlu bu şəxsi Səfirlikdən içəri buraxmır. Qəlbən Azərbaycana bağlı olan adam bu cür hərəkət edərmi? Polad Bülbüloğlu səfir kimi Azərbaycana dost qazandırmaq əvəzinə, ölkəmizi müdafiə edən nüfuzlu adamları narazı salır, qaçırır.
– Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Söyün Sadıqov Ümumrusiya Azərbaycan Konqresinin bağlanması barədə qərarı ləğv etdirə biləcəyini bəyan edib. Sizcə, bu nə dərəcədə mümkündür? – Siz gedib Söyün Sadıqovun sosial şəbəkələrdəki profillərinə daxil olub baxın, bundan sonra onun haqqında düşüncələriniz dəyişəcək. Söyün Sadıqov qeyri-ciddi insandır. Bəla odur ki, Söyün Sadıqov kimi qeyri-ciddi insanların fikirlərini biz manşet edirik. Söyün Sadıqov lüt bədənlə çəkdirdiyi fotoları sosial şəbəkədə yerləşdirir. O, bütün şəxsi həyatını publikaya çıxaran adamdır. Yəni, belə insanlar gedib hər hansı qərarı ləğv etmək iqtidarında deyillər. Onun fikirləri cəfəngiyat və yalandır. Mən Söyün Sadıqovu ciddi adam kimi qəbul etmirəm. Ona görə də mən onun ÜAK ilə bağlı Məhkəmə qərarını ləğv edə biləcəyi təklifinə inanmıram.
Bir zamanlar Ümumrusiya Azərbaycan Konqresi ona görə güclü təşkilat idi ki, orada Vahid Ələkbərov, İsgəndər Xəlilov, Telman İsmayılov, Aydın Qurbanov, Fərman Salmanov, Əhməd İsgəndərov kimi nüfuzlu insanlar var idi. Konqresi biz özümüz o günə saldıq. Söhbət icra strukturlarından gedir. İnsanları iyrəndirərək, oradan qaçırdıq. Ayrılan pullar kimlərinsə bahalı maşınlarına və digər xərclərinə sərf olunurdu. ÜAK-ə Azərbaycandan icraçı direktorun təyin olunması ayıbdır. Məgər burada kişi yox idi ki, Azərbaycandan Rusiyaya təlimatçı göndərilirdi? Ona görə də bu təşkilat dağılıb pis vəziyyətə düşdü. Nəticəsi də belə oldu.
Tarix: 22-05-2017, 16:00