Araz Əlizadəyə Rəsulzadə dərsi – Aysel yazır

Araz Əlizadəyə Rəsulzadə dərsi – Aysel yazır Yorğun idim, yuxum gəlirdi. Deputat Araz Əlizadənin müsahibəsi qarşıma çıxdı və yuxum qaçdı.

Yuxumuzu qaçırmaq istəyən adamlara cavab verməyimiz gərəkdi.


Araz Əlizadəyə sual verirlər: “Rusiya Ali Məhkəməsi Moskvadakı Azərbaycan diaspor təşkilatının qeydiyyatını ləğv edib. Buna necə baxırsız?”. "Düz edib, pis işləyiblər, ona görə ləğv edib” - deyir.

Türk deyil, anladıq.

Hansı ölkədən, hansı xalqdandı, onu anlamaq çətindi.

Özünə, öz xalqına tənqid və obyektivlik nümunəsi sərgilədiyini də düşünmürəm. Çünki heç bir Avropa ölkəsindəki olaya belə obyektivlik görmədik ondan. Elədiyi Rusiyanı malalamaqdan başqa bir şey deyil.

Müsahibədə qıcıq yaradan başqa cavablar da var. Məsələn, “bəzi adamlar “mən türkəm” deyir. Onların etdiyi anqırmaqdı” – kimi tərbiyəsiz ifadələr.


Bəzi adamlar dediyin, yoldaş Əlizadə, bu ölkənin aydınları və onların xalqıdı. Bir bax, siyahıda kimlərin adı var. Maraqlan, gör kimlərə ilişirsən.
Deyir, mən azərbaycançıyam. Bahoo! Biz çörəyi qulağımıza yemirik, yoldaş Əlizadə. Azərbaycançılıq ideyası nə vaxtdan iyrənc niyyət üçün istifadə edilir?

Atamın babası danışarmış ki, bizim başburudumuzda (pasportumuzda) türk yazılmışdı. Rus gəlib bizim milli kimliyimizin adını dəyişdi, soyadlarımızı da “ov” sonluğu ilə ata, baba adına qoşdu.

Bu tarixin canlı şahidləri olub, onlar da bildiklərini öz nəsil, kötükcələrinə danışıb yaşadıblar. Biz də çoxuq, zənn etdiyiniz kimi “bəzi” deyilik, lap çoxuq!

Və kimə lazımdı cavab verməyə hazırıq. Rusiyanın da, başqa əl uzadanların, dil uzadanların da qabağına çıxmağa cəsarətimiz, ağlımız çatar. Sizin indi elədiyiniz babalarımızın danışdığı həmin o siyasəti xatırladır.
Türk deyilmişik.


Türk dili ünsürləri bizə Səlcuqlardan gəlib deyirsiz. Hansı ünsürlərdir o? Səlcuqlara qədər biz hansı dildə danışırdıq - buna da aydınlıq gətirin.
Azərbaycan dili dediyiniz tarixi kateqoriya türk dilləri qrupuna aiddi. Bu xalq bu dildə şifahi ədəbiyyat - folklor yaradıb. Aşıq sənəti, el yaradıcılığı var. Xalqın başqa dildə bir dənə folk nümunəsi yoxdu. Siz dediyiniz şey əlifbadı. Zaman-zaman bu xalqın əlifbası dəyişib, dəyişdirilib. Ancaq xalq həmişə öz dilində danışıb. Və o dil türkcədi.

Müsahibədə Elçibəyin saxta yolla hakimiyyətə gəlməsi, əslində, Nizami Süleymanovun prezident seçilməsi kimi sayıqlamalar da var. Ən faciəvi yeri isə Rəsulzadə ilə bağlıdı.

“Bəzi adamlar dediyin, yoldaş Əlizadə, bu ölkənin aydınları və onların xalqıdı. Bir bax, siyahıda kimlərin adı var. Maraqlan, gör kimlərə ilişirsən...”
Cümhuriyyəti, Rəsulzadəni kölgələməyə çalışmaqdı. “Rəsulzadə Azərbaycan üçün heç nə etməyib” deməkdi.

Bu cür məsuliyyətsiz sözlər danışmaq Yerdə oturub Kainatı danmağa, gözünü qapadıb Günəşi görməməyə bənzəyir. Daha qabası, başını kola dürtüb dünyanın ancaq həmin koldan ibarət olduğunu düşünmək kimi görünür.

“Heydər Əliyev Azərbaycanı qorudu, amma Rəsulzadə yox” deməklə gözdən pərdə asmaq üçün Heydər Əliyevin adından istifadə edir. Altdan-altdan sözçüsü olduğu tərəfə xidmətdə nə lazımdısa, onu söyləyir. Eyni zamanda “mən Rusiyanın adamı deyiləm, Putini ömrümdə görüşməmişəm” söyləyir.

Guya Rusiyanın adamı olmaq üçün Putinlə görüşmək lazımdı. Guya Rusiyanın adamları birbaşa prezidentlə görüşüb göstəriş alırlar. Biz doğrudan belə sadəlövh görünürük?

Aldatmaq istədiyiniz adamlar sizdən ağılsız deyillər. Rusiyanın tapşırıqlarını verən o qədər adam var, o qədər görəvli var ki, onlardan keçib Putinə çatmaq heç mümkün də deyil.

Hamı hər şeyi çox incəliklə görür.

Heydər Əliyev “azərbaycançılıq” ideyasını yayırdı. Azərbaycançı idi, bəli. Heydər Əliyev Rəsulzadəçi idi. Çünki onun yaratdığı Azərbaycanı, azərbaycançılıq ideyasını təbliğ edir və o xətti tuturdu.

Oktyabr inqilabından sonra gürcülər, ermənilər bizim torpaqlarda özlərinə sərhədlər çevrələyib respublikalarını yaratdılar. Rəsulzadə və ideyadaşları Azərbaycanın sərhədini cızdı, adını qoydu. Azərbaycanı doğdular! Yoxdan bir dövlət yaratdılar, ona bayraq ucaltdılar.
Cümhuriyyəti tələsik elan etdilər, min əziyyətlə tanıtdılar ki, Azərbaycan parçalanıb məhv olmasın.


Və biz Sovetlərin tərkibinə onların qurduğu Azərbaycan kimi girdik. Bu tarix yazılmasaydı, Rusiya bizi bir ərazi kimi işğal edib, adımızı nə qoyacaqdı, bəlli deyil.

“Biz yetmiş il Sovetlər Birliyində Rəsulzadənin Azərbaycanı kimi qaldıq. Sovetlər dağılandan sonra da onun Azərbaycanı kimi yaşamağa davam edirik”
Biz yetmiş il Sovetlər Birliyində Rəsulzadənin Azərbaycanı kimi qaldıq. O adla. Amma sərhədlərimizi dəyişdilər. Torpaqlarımızı aldılar. Zəngəzuru, Göyçəni, İrəvanı, Dərələyəzi, sonra da Qarabağı aldılar. Yoldaş Əlizadə, bütün bunlar Sovetlərdə Rusiyanın etdiyi oyunlar idi. Rəsulzadənin siyasəti o qədər güclüydü ki, Sovetlər dağıldı, amma biz onun qurduğu Azərbaycan kimi yaşamağa davam etdik. Ölmədik. Məhv olmadıq. Parçalandıq, amma sağ qaldıq. Rusiya boyda əjdahaya tab gətirdik. Qazandıq. O, bilirdi: “Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır”.

Bu sözləri söyləyəndə şübhə etməyin demişdi. Nə qədər haqlıydı!

Biz gələn il bu tarixin 100 illiyini keçirəcəyik. Rəsulzadə bu tarixi yazmasaydı, yaratmasaydı, bizim Respublika Günümüz – 28 Mayımız olmayacaqdı, adam!

Deyirsiz, Heydər Əliyev müstəqil Azərbaycanı qoruyub.

Qoruyub, bəli. Bunu heç kim danmır. Amma Heydər Əliyevin xidmətlərini onun siyasi əcdadının xidmətlərini yerə vurmaqla tərif etmək sizin həddinizdə deyil. Hansısa tarixi kəsimdə Heydər Əliyevin Rəsulzadəyə, Elçibəyin Əliyevə siyasi müstəvidə müəyyən təqdir və tənqidi münasibəti ola bilərdi. Buna qarışmaq sizlik deyil. Bu, çox böyük siyasətdi.

Mən azərbaycançıyam deyirsiz. Sualıma cavab verin: Kim verib bu adı ölkəyə?

Adamın ağlına çox şey gələ bilər. Hər ağıla gələni danışmazlar.

99 illiyidi bu cümhuriyyətin.

Başınızı qaldırıb, ətrafa baxın. Sosial şəbəkədə hər kəs profil şəklini cümhuriyyət tarixinə bağlayıb. Onun səsləndirdiyi “yaşa, yaşa, çox yaşa” sözlərini təkrar edir millət. Mobil operatorlar Rəsulzadənin səsini xidmətlərinə əlavə ediblər. Hər kəs bu möhtəşəm gün ətrafındadı.
Siz necə siyasətçisiniz ki, bu durumu görmürsüz. Dövlətin gəlib çıxdığı nöqtəni duymursuz. Azərbaycan dövlətçiliyinə qarşı çıxırsız.
Barak Obama ABŞ-ın prezidenti olanda Azərbaycan prezidenti İlham Əliyevə 28 Mayla bağlı təbrik göndərdi. Mətn təxminən belə idi: “Biz Rəsulzadənin qurduğu demokratiya ənənəsi olan Azərbaycanın yanındayıq”.
Onlar quruculara, ilklərə sayğıyla yanaşırlar. Siyasi əcdadlarını hörmətlə anırlar. Bu, ənənədi. Corc Vaşinqtonun adını təzimlə anmaları buna görədi.

Ola bilər ki, siz ABŞ siyasətçilərindən ağıllı sayırsız özünüzü. Amma parlamentdə oturub bu ölkənin təkrar Rusiya tərəfindən işğal olunacağı günü gözləməyinizə böyük təmkin hissi ilə yanaşa bilmərik. Özünüz də işğalçısız. Mandatı necə qapdığınızı hamı görüb.

Adam elə deputat olmaz. Tüpürüm o mandata ki, orda olub vətənimi satmalıyam.

Rəsulzadə bizim üçün hər şeyindən keçib. Hitlerlə görüşüb, “mənim ölkəmi azad et” deyən adamdan danışanda ehtiyatlı olun.

Hitler bu uca boy, qarabuğdayı adamı diqqətlə süzüb. Danışıqda kim olduğunu anlayıb. İşbirliyinə dəvət edib. Azərbaycanın adını Hitler ilk dəfə Rəsulzadədən eşidib. Yoxsa hardan bilərdi, materikin içində, göl kənarında bir ölkənin var olduğunu.

“Parlamentdə oturub, bu ölkənin təkrar Rusiya tərəfindən işğal olunacağı günü gözləməyinizə böyük təmkin hissi ilə yanaşa bilmərik. Özünüz də işğalçısız. Mandatı necə qapdığınızı hamı görüb”
İstəyini qəbul etməyib. Edə bilməzdi. Amma başqa xahişini yerinə yetirib. Mən axtara-axtara o dönəmlərin canlı şahidi olan adamların nəvə-nəticələrini tapdım. Onların da babaları danışıb bunu: Əsir düşərgəsində olanda içəri girib azərbaycanlıları çıxarıblar. Çıxanda deyiblər: sizin bir lideriniz var - Rəsulzadə. Hitlerlə görüşüb, sizinkiləri azad etməyi xahiş edib.

Beləliklə, azərbaycanlıları düşərgələrdən burjuy evlərinə işəməyə göndəriblər. Onları həmin evlərdə incidən olmayıb.

Hər dəfə Rəsulzadənin həyatını oxuyanda gözlərim dolur. Rusiyadan qurtulub, Türkiyəyə sığınıb. Rusiya onu Türkiyə hökumətindən geri istəyib. Türkiyə ölkəni tərk etməsi üçün 3-4 gün vaxt verib. O da Polşaya məktub yazıb. Yazıb ki... getməyə yerim yoxdu, məni qəbul edin.
Belə bir qaçaraq həyatı olan adam dünya ölkələri bir-birinə dəydiyi zaman kəsiyində vətənini xilas etmək üçün çaba göstərib.

Bunu anlamaq hər adamın işi deyil. Bunun üçün böyük ürək lazımdı. Ölkənə böyük sədaqət hissin olmalı. Böyük missioner kimi atılmalısan mübarizəyə.

Bu dəhşətli dərinlikdi. Ora hər adam baş vura bilməz. O, dəhşətli adam idi. Rəsulzadəm idi. Canımın içi. Sərkərdəm!
Başımı uyuduğun məzarın başdaşına söykəyib saatlarla içimi boşaltmağım gəlir...

Nə böyüklükdə adamlar var. Gedim rahat yatım.

Araz Əlizadə kim idi?...
Tarix: 22-05-2017, 20:57
Xəbəri paylaş





Xəbər lenti