“Mən nəyi bilirdim ki, onu Eldar Mahmudov bilmirdi?” – İQBAL AĞAZADƏ
Ümid Partiyasının sədri İqbal Ağazadə Eldar Mahmudovun şəxsi agenti olduğu ilə bağlı iddalara münasibət bildirib. Belə bir iddia ilə bugünlərdə bəzi saytlar çıxış ediblər.
İ.Ağazadə “moderator.az” saytına açıqlamasında bu məlumatların arxasında sifariş olduğunu bildirib.
“Bu günlərdə informasiya siyasəti ilə bağlı çox sərt mövqe qoymuşdum, xüsusən orduda baş verən hadisələrin bu şəkildə ictimaiyyətə təqdim edilməsi ilə bağlı. Mən bildirdim ki, orduda baş verən hadisələr o qədər faciəvi deyildi, verilən informasiya hadisənin özündən faciəvi idi. Ondan dərhal sonra da mənə qarşı mövqelərini bu şəkildə ifadə etdilər. İndi yenə deyirəm, həmin sayt hökumət üçün etibarlı mənbə kimi göstərilir, elədirsə çıxarıb ortalığa fakt, bəlgə qoysunlar. Bunu da çox açıq deyirəm! Şərləmək üçün istənilən şeyi də ortalığa qoya bilərlər, ancaq onun bir hüquqi tərəfi olmalıdır. Kim kimlə yaxın olub nə deməkdir? Mən Eldar Mahmudovla yaxın olub pis olmuşam, 10 il Eldar Mahmudov nazir olub yaxşı olub? Xeyir ola? Eldar Mahmudov güya məni millət vəkili seçdirib, halbuki mən millət vəkili seçiləndə o, sıravi polis işçisi idi”.
Partiya sədri bütün bu ittihamların arxasında kimlərin dayandığını çox yaxşı bildiyini də vurğulayıb:
“İqbal Ağazadə MTN nazirinə, yəni bütün informasiya siyasətinin mənbəyi olan bir yerə nə verə bilərdi axı? Mən nəyi bilirdim ki, onu Eldar Mahmudov bilmirdi? Eldar Mahmudov MTN naziri olaraq o şəxs idi ki, informasiyanın mənbəyi idi. Mən başqa bir ölkənin xüsusi xidmət orqanındamı çalışırdım, gizli təşkilatlarlamı işləyirdim ki, E.Mahmudova nəsə ötürəm? Məndən nə alırdılar axı, hansı informasiyanı verirdim? Danışanda bir az məntiqli danışsınlar. Bu qədər şərləməklə və yaxud digər işlərlə siyasət yürütmək, ictimai-siyasi prosesləri idarə etmək mümkün olmaz”.