Arqument.Az Müsavat Partiyasının Divan üzvü, jurnalist Alya Yaqublunun Toplum.Tv-yə müsahibəsini təqdim edir:- Alya xanım, qurultaydan sonra Müsavat Partiyasından ayrılanlar oldu. Üzərindən xeyli müddət keçdikdən sonra bunun partiyaya təsirləri nə dərəcədə görünür? - Bu hadisədən xeyli vaxt keçib, ona görə də mən bu mövzunu o qədərdə aktul hesab eləmirəm. Bu cür olaylar istənilən patiya üçün itkidir, amma zamanla bunu kompensasiya etmək mümkündür. Müsavat Partiyası öz fəaliyyətini davam etdirir.
- Ayrılmalardan sonra partiyada yeni simalar görünməyə başladı. Partiyanın işində yeni simalar nə dərəcədə effektivdir?- İstənilən təşkilatda yeni simaların, o cümlədən gənclərin çoxalması müsbət haldır. Yeni simalar yeni enerji deməkdir, yetər ki, bu enerji müsbət məcraya yönəlsin.
- Bu yaxınlarda Müsavat Partiyasında keçirilən iclasların birində Arif Hacılı ölkədəki siyasi-iqtisadi vəziyyətin gərgin olduğunu bildirib və hər bir müsavatçını daha da fəal olmağa çağırıb. Bu problemli vəziyyətdə partiya nə etməyi düşünür və problemdən çıxışı nədə görür?- Ölkənin iqtisadi problemlərini həll etmək müxalifət partiyasının görə biləcəyi iş deyil. Müsavat Partiyası bununla bağlı zaman-zaman təkliflər paketi hazırlayıb, amma hakimiyyət onları nəinki müzakirəyə çıxarmayıb, heç normal qarşılamayıb da. Ayrı-ayrı iqtidar mənsublarının diliylə bu təşəbbüsə istehza edib. Siyasi vəziyyəti dəyişmək məsələsinə gəlincə, bunun üçün bütün əlçatan vasitələrdən istifadə edirik. Hakimiyyətin ölkəyə və xalqa ziyan vuran fəaliyyətinə qarşı davamlı olaraq mübarizə aparırıq. Hakimiyyət komandasının törətdiyi iqtisadi cinayətlərə, siyasi repressiyalara, söz azadlığının məhdudlaşdırılmasına, seçki saxtakarlıqlarına, konstitusiya dəyişikliklərinə, Azərbaycanın maraqlarına zidd olan xarici siyasətə, dövlət büdcəsini talayan yarışlara etiraz olaraq etiraz aksiyaları keçirdirik, durmadan bütün bu hallara qarşı təbliğat aparırıq, insanları öz hüquqlarının müdafiəsinə qalxmağa səsləyirik. Bizim mübarizəmiz birmənalıdır, prinsipialdır, istinad nöqtəmiz ancaq və ancaq demokratik dəyərlərdir. Bəzi "müxalifətçilərdən" fərqli olaraq, bir mandat üçün biz Avroviziya müsabiqəsinə, Avropa oyunlarına, Formula 1 yarışmasına, İslam oyunlarına xərclənən milyonlara haqq qazandırmırıq.
Bu yarışmalara Azərbaycan qədər böyük pullar xəricləyən ikinci bir ölkə yoxdursa, necə buna qarşı çıxmamaq, gedib stadionlarda şəkil çəkdirmək olar, anlamıram. Biz çıxış yolunu ilk növbədə bunda görürük - bütün müxalif qüvvələrin qanunsuzluqlara qarşı prinsipiallığında, hakimiyyətə və onun qanunsuz əməllərinə qarşı birgə mübarizədə. Digər vacib məqamsa, təbii ki, vətəndaş təəssübkeşliyinin artması, cəmiyyətin fəallaşmasıdır. Əslində buna nail olmaq mümkündür, çünki insanların hakimiyyətdən narazılığı ciddi səviyyədə artıb, amma az qala hər bir şəxs üzərində total nəzarət, "müxalifətçiliyə görə" ailəvi cəzalandırmalar bu narazılığın açıq ifadəsini əngəlləyir. Bu təzyirləqlər və qadağalar olmasaydı, partiyamıza üzv olmaq, tədbirlərimizə qatılmaq istəyən insanların sayı sürətlə artardı…
- Aktivlik yoxdur deyə kütləvi aksiyalara üstünlük vermirsiniz?- Əhalinin böyük hissəsi narazıdır. Amma insanlar icazəsiz aksiyalara gəlməyə çəkinirlər. Çünki ağır təzyiqlərlə üzləşirlər. Son illər müxalifətə isə ancaq "Məhsul” stadionunda aksiya keçirməyə icazə verilir. Dörd tərəfi hasarlanmış bir yerdir ora. Şəhər əhalisi o aksiyalardan heç olmasa keçirildiyi anda xəbər tuta bilmir. Efirdən deyə bilmirik, qəzetlər çoxdan informasiya vasitəsi deyil, internet üzərindən xəbər oxuyanlar da ölkə əhalisinin böyük qismi deyilsə, sözümüzü necə çatdıraq insanlara, necə həvəsləndirək ki, filan gün filan məsləylə bağlı etiraz aksiyası olacaq, siz də gəlin. Bir dəfə, beş dəfə təsiri olmazdı, amma bir gün mütləq olardı…
O ki qaldı aktivliyə, bu gün insanlar nəinki bizə qoşulmağa, hətta evlərinin pəncərələrindən aksiyalarımıza baxmağa da cəsarət eləmirlər. Əvvəllər baxardılar, son illərdə necə qorxudublarsa, bircə adamın da başı görünmür. İşdən çıxarmaq, qohumlarını, özlərini həbs etmək təhdidlərilə insanları müxalifətdən uzaqlaşdırırlar. Keçən ilin payızında keçirilən referendumla bağlı təşviqat qrupu yaratamaq bizə və bizə imza verən vətəndaşlara nələrə başa gəldi, bilirsizmi? Onları polis şöbələrinə çağırdılar, yekə-yekə kişilərə ərizə yazdırıb imzalarından imtinaya məcbur elədilər. İmza vərəqələrini müsavatçıların əlindən almağa, oğurlamağa cəhd göstərdilər. Yəni adi bir imzanı müxalifət partiyasına çox görən bir hakimiyyət, öz imzasının arxasında dura bilməyən insanlarımız var.
Ona görə də bayaq dediyiniz, "müxalifət çıxış yolunu nədə görür?” sualına bu durumda səlis və ütülü cavab vermək çətindir. Ümid edirəm ki, Azərbaycan xalqı günün birində daha fəal olmağın vacibliyini anlayıb prosesə qoşulacaq. Bunsuz ölkədə heç bir siyasi dəyişikliyə nail olmaq mümkün deyil.
- Siyasi kimliyinizlə yanaşı, bir də jurnalist kimi tanınırsınız. Son dövrlərədə media ilə bağlı baş verən olayları necə qiymətləndirirsiniz?- Əliyev hakimiyyəti mətbuata son basqılarla özünün repressiv xarakterini bir daha sübut etmiş oldu. Bir neçə müstəqil saytın və "Azadlıq" qəzetinin saytının bloklanması barədə məhkəmə qərarı Azərbaycanın imicinə daha bir zərbə oldu. Fransa Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını xatırlatmaq yetər. Hakimiyyət guya Azərbaycanı tanıtmaq üçün milyardlarla manat vəsait xərclədiyini deyir. Halbuki yürütdüyü siyasətlə ölkəni getdikcə daha çox Şimali Koreyaya bənzədir. İyirminci əsrin əvvələrində Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Azərbaycan adında ölkə yaradıb demokratik dövlət qurdular, ondan bir əsr sora isə Əliyev hakimiyyəti o dövlətdə feodal idarəçiliyi qurur. Son olaylar bir daha göstərmiş oldu ki, mövcud hakimiyyətin islahatlar keçirmək, ölkədəki bərbad vəziyyəti yaxşılaşdırmaq fikri yoxdur. Ona görə də insanlarımız qarşıdakı prezident seçkilərində qəti mövqe nümayiş etdirməli, bu hakimiyyətin ömrünün uzanmasına imkan verməməlidirlər.
Qara Məhəmmədoğlu
Tarix: 22-05-2017, 22:53