Anaxeber.Az anv.az-a istinadən hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn “Məmur portreti” adlı rubrikanı davam etdirir.
Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.“Məmur portreti”inin növbəti qonağı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.Hacıbala Abutalıbov kimdir?Ölkəmizin ən qocaman məmurlarından olan Hacıbala Abutalıbov 13 may 1944-cü ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub.
Buğa bürcünün nümayəndəsi olan Hacıbala Abutalıbov bu bürcə məxsus bir çox tipik xüsusiyyətləri özündə birləşdirir:
Buğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə ərköyünlük edirlər.
Putin və Abutalıbovu bağlayan tellər...Hacıbala Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakültəsini bitirir və Rusiyanın ikinci paytaxtı Sankt-Peterburq şəhərinə üz tutur.
O zamanlar SSRİ-nin banisi Leninin adını daşıyan bu şəhər gələcək mer üçün düşərli olur. Əslində əvvəlki Leninqrad, hazırki adı Sankt-Peterburq olan bu əzəmətli və tarixi şəhər bir çox tanınmış insanlar, o cümlədən Rusiya prezidenti Vladimir Putini yetişdirən şəhər kimi öz imzasını qoyub.
1968-ci ildə A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan H.Abutalıbov SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edir.
1987-ci ildə isə Lenin mükafatı laureatı, akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi adını alır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
Suraxanıda sözün əsl mənasında islahatlar aparır VƏ...Çox da uzaq olmayan tariximizi izləyən şəxslər dəqiq bilir ki, gələcək paytaxt merinin karyera uğuru Suraxanıya rəhbərlik etdiyi dövrə təsadüf edir. Düzdür, 1993-cü ilin məşhur “91-lər”indən olan H.Abutalıbov Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı üçün çalışan ziyalılardan olub və bu istiqamətdə heç də az işlər görməyib.
1995-ci ildən 2000-ci ilə qədər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyən Abutalıbov digər icra başçıları üçün örnək sayılacaq addımlar atır. Suraxanı rayonu abadlaşır, infrastruktur yenilənir. Məhz elə bu səbəbdən Ümumilli Lider Heydər Əliyev 1999-cu ilin iyul ayında "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" sərəncam verir.
Bu artıq onun göstəricisi idi ki, H.Abutalıbov ona göstərilən etimadı layiqincə doğrultmuşdu və qarşıda onu daha ciddi vəzifələr gözləyirdi. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışan “qəhrəmanımız” 2001-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir.
Nə az–nə çox, düz 16 ildir paytaxta rəhbərlik edən H.Abutalıbov vəzifəyə yeni təyinat alanda radikal addımları ilə diqqət çəkirdi. Abutalıbov ilkin dövrdə Bakının mərkəzi hissəsində, 28 may metrostansiyasının qarşısında o vaxtlar çoxlarının yeganə dolanışıq yeri kimi baxdığı, əslində isə şəhərin mənzərəsini bərbad hala salan ticarətçilərin ərazidən uzaqlaşdırılması ilə gündəmə gəlir. Bu olaylar paytaxt merinin qılıncının dalı da, qabağı da kəsdiyi dövrə təsadüf edirdi.
Hacıbala Abutalıbov sürətlə inkişaf edir, karyera sədlərini aşır, el dilində desək, dillər əzbərinə çevrilirdi. Hər şeyin bir əvvəli, bir sonu olduğu kimi, bu “əzəmətin” də bir sonu da olur. Çox keçmir ki, ölkə mətbuatında vaxtaşırı olaraq Abutalıbovun istefa xəbərləri yayılır, davamlı olaraq tirajlanır. Bu gedişlə H.Abutalıbov çoxdan istefaya getməli və elmi fəaliyyətini davam etdirməli idi. Lakin görünən odur ki, O yenə paytaxt meridir və hələ uzun illər görəvini qoruya biləcək.
Xatırladaq ki, Hacıbala Abutalıbovun iki oğlu var. Oğlu İsrafil Abutalıbovun vəhabilərə (sələfilər) qoşulması və Suriyaya getməsi barədə yayılan xəbərlərə mer sərt cavab vermişdi: “Yalandır, böhtandır, cəfəngiyyatdır, belə bir şey ola da bilməz”.
Tarix: 23-05-2017, 15:14