Üzeyir Cəfərov: “Üç ölkə arasında birgə ordunun yaradılması mümkündür”Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib. Gürcü həmkarı Levan İzoriya ilə görüşən müdafiə naziri daha sonra üçtərəfli görüşdə iştirak edib. Səfərdə ikitərəfli müdafiə məsələləri ilə yanaşı digər məsələlərin müzakirə olunduğu diqqətə çatdırılır.
Üçtərəfli ittifaq perspektivləriGörüşdə üçtərəfli hərbi əməkdaşlığın və regional problemlərin həllində müttəfiqlik perspektivlərinin müzakirə olunduğu ehtimal edilir. Həmçinin ehtimallara görə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında xarici təcavüzdən müdafiə üçün xüsusi - ittifaq ordusunun qurulması ideyası müzakirəyə çıxarılıb. Hansı qərarın verilməsi barədə məlumat olmasa da hesab olunur ki, tərəflər irəli sürülən təklifə loyal yanaşıblar və bununla bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Ekspertlərə görə, region dövlətlərinin bu qərarı Rusiyanın Ermənistandakı hərbi bazalarının genişləndirilməsinə adekvat olaraq, gündəmə gətirilmiş məsələdir. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri İvan Volonkin və bundan əvvəl isə bu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Gümrüdəki 102 saylı hərbi bazanın genişləndiriləcəyini demişdi. Rusiya hərbi-siyasi dairələri tərəfindən bu məsələ ilk dəfə gündəmə gələndə hesab olunurdu ki, bu, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanla yanaşı, ABŞ-la münasibətlərdə yeni xətt seçmiş Gürcüstana hesablanmış mesajdır. Nəzərə alsaq ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcək, Kreml bu dəvətdən özünə qarşı olan ehtimalları ön plana çəkə bilər. Digər yandan Rusiyanın Ermənistandakı ən böyük hərbi bazası Gümrüdə - Türkiyə ilə sərhəddə yerləşir, bu baxımdan da Kremlin qərarının bir ucu bu ölkəyə toxuna bilər.
Naxçıvan anlaşmasıGürcüstan KİV-ləri və ekspertləri son zamanlarda regionda öz nüfuz dairəsinə genişləndirməyə çalışan Rusiyaya qarşı regional birliyin yaranması zərurətinin ortaya çıxdığını bildirirlər. Gürcü mənbələrin iddialarına görə, əgər tərəflər arasında anlaşma olsa, il ərzində enerji layihələri və sərhədlərin mühafizəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji tərədaşlıq üçün çoxmillətli briqada, yaxud ordu birliyi qurula bilər. Bir neçə ay əvvəl Gürcüstan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da bu məsələyə toxunulmuşdu. Həmin bəyanatda əsasən, boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq məsələsinə yer verilmişdi. Hazırda Gürcüstan KİV-ləri yenidən o iddianı gündəmə gətiriblər ki, əslində bununla bağlı anlaşma üç ölkənin müdafiə nazirinin Naxçıvanda keçirilən görüşündə əldə olunub. Batumi görüşündə isə imzalanacaq sazişin şərtlərinin edilən təkliflər üzərindən müzakirə olunduğu deyilir.
“Perspektivə hesablanmış addımdır”
Hərbçi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında üçtərəfli strateji əməkdaşlıqda belə bir ordu birliyinin qurulmasının perspektivdə mümkün olduğunu istisna etməyib. Ekspert hesab edir ki, region ölkələri uzun müddətdir müzakirə olunan bu ideyanın həyata keçirilməsində maraqlıdırlar: “Türkiyə NATO üzvüdür, Gürcüstan da üzv olmağa hazırlaşır. Artıq Gürcüstan üçün “yaşıl işıq” yandırılıb. Gələcəkdə Azərbaycanın da burada olması mümkündür. Lakin bütün hallarda üç ölkə arasında birgə ordunun yaradılması mümkündür. İlk növbədə Türkiyənin belə məsələlərdə təcrübəsi kifayət qədər böyükdür. Gürcüstan son illərdə döyüş hazırlığı, müdafiə və təhlükəsizlik sahələrində ciddi uğurlara imza atıb. Azərbaycan Silahlı Qüvvələri də kifayət qədər təcrübəlidir və yeni təcrübələr qazanmağa davam edir”. Üzeyir Cəfərov bildirib ki, üçtərəfli təlimlər də buna hesablana bilər: “Bu günədək Gürcüstan, Azərbaycan və Türkiyə arasında bir neçə dəfə birgə hərbi təlim keçirilib. Gürcüstan və Türkiyənin müdafiə nazirləri dəyişdi. Həmçinin Türkiyədə hərbi çevrilişə cəhddən sonra bir qədər əməkdaşlıq və döyüş hazırlığı məsələləri ikinci plana keçdi, ideyanın həyata keçirilməsi yubandı. Amma buna cəhdlər edilir və perspektivdə bunu gözləmək lazımdır. Bu, uzağa hesablanmış addımdır. Dünyada gedən ciddi və təhlükəli proseslər fonunda Gürcüstan, Azərbaycan və Türkiyənin birgə ordu yaratması, hər üç ölkə üçün bir sıra məsələlərin həlli baxımından önəmlidir. Məsələn, Gürcüstan və Azərbaycanın münaqişədən əziyyət çəkməsi burada mühüm rol oynaya bilər. Türkiyə NATO üzvüdür, Azərbaycanın da bu alyansa üzvlüklə bağlı qərar verməsi gözləniləndir. Qoşulmama Hərəkatına üzv olmaq o demək deyil ki, biz NATO ilə münasibətləri nə vaxtsa, yeni müstəviyə keçirməyəcəyik. Düşünürəm ki, bu baxımdan ideyanın gündəmə gətirilməsi perspektivə hesablanmış addımdır. Əgər bunun davamı gəlsə, pis olmaz”.
Mənsur Rəğbətoğlu
Tarix: 23-05-2017, 16:37