Onların fəaliyyəti Azərbaycan cəmiyyətini Rusiyadan üz döndərmək həddinə çatdırıb; politoloq: “Lavrov ermənilərin xeyrinə çox məmnuniyyətlə iş aparır, Qarabağda yeni bir müharibənin alovlanması üçün səylərini əsirgəmir”
Mayın 21-də Az.TV-nin “Həftə” analitik-informasiya proqramında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı süjet efirə verilib. “Qərəzli qərar” başlığı ilə efirə verilən süjetdə ÜAK-ın ləğvi Azərbaycanın regionda reallaşdırdığı qlobal layihələrə Rusiya dövlət orqanlarındakı ermənipərəst məmurların fəaliyyəti kimi qiymətləndirilib.
Qeyd olunub ki, postsovet məkanında Azərbaycan müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur. Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub.
Verilişdə vitse-spiker Bahar Muradova deyib ki, bu qərarın arxasında olan qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri “düşmənçilik həddinə çatdırmaq” niyyəti güdüblər ki, bu niyyət alınmayacaq.
O da vurğulanıb ki, bu qərarın qəbulunda Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb. Bundan sonra efirdə əvvəl Rusiya hökumətinin, sonra isə Rusiya XİN-in binası görünüb. Ardınca isə iki maraqlı persona efirdə görünüb. Belə ki, efirə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illiyi ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirak etdiyi, erməni diaspor təşkilatının sədri ilə qucaqlaşmaları, xarici işlər nazirinin qol-qola şəkil çəkdirmələri verilib.
ATV kanalında isə Rusiya Lavrovun erməni mənşəli olduğu və Azərbaycana qarşı olan qüvvələrin arxasında onun dayandığına işarə edilib.
Politoloq Qabil Hüseynli hesab edir ki, artıq telekanallarda efir məlum reportaj və verilişlərin verilməsi Azərbaycanın səbir kasasının daşmağa başladığının göstəricisidir: “Rusiyadakı anti-Azərbaycan qüvvələri son dövrlər müxtəlif təxribatlara əl atırlar. Bu təxribatlar həm Azərbaycanı şantaj eləməyə, yeri gəldikcə onun mövqelərini daraltmağa və bu fonda da Ermənistanı, erməniləri Azərbaycan üzərinə qısqırtmağa yönəlib. Çox yaxşı ki, Azərbaycan tərəfi nəhayət Rusiyaya ötkəm bir formada özünün cavab reaksiyasını nümayiş etdirdi. Belə görünür ki, səbir kasası daşıb”.
Q.Hüseynlinin sözlərinə görə, əvvəldən bilinirdi ki, Rusiyadakı anti-Azərbaycan qüvvələrinin arxasında dayanan S.Lavrovdur: “Azərbaycan hakimiyyəti və cəmiyyəti yaxşı bilir ki, torpaqlarımızın işğalında Rusiya hərbçiləri də iştirak edib. Xocalı soyqırımında Rusiyanın 366-cı alayı fəallıq göstərib. Ortada bunları təsdiqləyən dəlillər var. Bu gün isə Rusiya ermənilərə pulsuz olaraq çox böyük məbləğdə KTMT adı altında modern silahların ötürülməsinin özü də bilavasitə xarici işlər naziri Sergey Lavrovun-Kələntəryanın dəstəyi ilə həyata keçirilir. Rusiya Azərbaycanla ikibaşlı oyun oynayır. Bir tərəfdən sülh çağırışlar etdi, Lavrov planı deyilən planı ortaya atdı, o biri tərəfdən Ermənistana dəstək verir. Lavrovun bu proseslərin içərisində olması sülh danışıqları prosesini tormozlayır. Lavrov açıq-aşkar öz milli mənşəyi ilə fəxrlə danışır, atasının Kələntəryan soyadını daşıdığını qürurla dilə gətirir. Lavrov kökünün erməni olduğunu dəfələrlə öz müsahibələrində səsləndirib. Belə olan halda Lavrovun Dağlıq Qarabağ məsələsinə münasibətdə obyektiv ola biləcəyini düşünmək əsla mümkün deyil. Üstəlik son zamanlar Lavrovun əlverişli fəaliyyəti üçün şərait yaradılıb. Mən bu yaradılan şəraitin daha yuxarılara getdiyi qənaətindəyəm və belə hesab edirəm ki, Lavrov ermənilərin xeyrinə çox məmnuniyyətlə iş aparır, Qarabağda yeni bir müharibənin alovlanması üçün səylərini əsirgəmir”.
Politoloq vurğuladı ki, Azərbaycan tərəfi artıq haqlı olaraq müəyyən demarşlar edir: “Məsələn, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri, orada ”müsəlman NATO-su" deyilən bir prosesdə iştirak etməsi yaxşı bir demarş sayıla bilər. Başqa variantlarımız da var. Məsələn, Azərbaycan Avropa İttifaqı ilə əlaqələri genişləndirir, viza sisteminin sadələşdirilməsi prosesi gedir və Azərbaycan siyasi oriyentasiyasını Avropa doğru götürməkdədir. Zənnimcə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin bundan sonra da yaxşılaşdıracaq və bu, Rusiya üçün növbəti göz dağı olacaq. Məsələlər mürəkkəbləşsə, məsələn Rusiyanın ölkəmizə başqa bədxah hərəkətləri ortaya çıxsa, Azərbaycan Rusiyaya nota da verə bilər, Rusiyanın Azərbaycanı təhdid edən hərəkətləri barədə BMT Təhlükəsizlik Şurasına müraciət də edə bilər. Heç kəs vəziyyətin bu şəkildə inkişafını arzulamır, amma heç kəs də istəməz ki, Azərbaycana qarşı hansısa sərt addımlar atılsın".
“Atlas” Araşdırmalar Mərkəzi isə Azərbaycan-Rusiya münasibətləri və xarici siyasətimizin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib. Nəticələr maraqlıdır. Sorğunun birinci sualı belə olub: “Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?”
Bu suala cavab verənlərin 87 % Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8 % qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5 % isə suala “bilmirəm” deyə cavab veriblər.
Bu mövzunun davamı olaraq respondentlər “Sizcə, Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır” sualına belə cavab veriblər: “Rusiya hakimiyyəti” - 57 %, “Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr” - 34% və “Səbəb Ümumrusiya Azərbaycanlıları Konqresinin sənədlərinin qaydasında olmamasıdır” - 9%.
Sorğunun üçüncü - “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına cavab verənlərin mütləq əksəriyyəti (93%) Moskvanın təkbaşına vasitəçiliyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5 % Rusiyanın münaqişənin həllinə çalışdığını, 2 % isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.
Sorğunun dördüncü sualı belə olub: “Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?” Cavablardakı nisbət belə olub: “Bəli, imtina etməlidir” - 78 %, “xeyr, imtina etməməlidir” - 12 %, “imtina etməməli, ancaq digər iki həmsədr - ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” - 10%.
Sonuncu - “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir” - sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:
a) “Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır” - 53 %
b) “NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir” - 24 %
c) “Avropa İttifaqı ilə inteqrasiya sürətlənməlidir” - 14 %
d) “Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir” - 9%.
Göründüyü kimi, Rusiyadakı anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində artıq Azərbaycan cəmiyyətində Rusiyaya ciddi inamsızlıq, narazılıq dərinləşib.Etibar SEYİDAĞA
Tarix: 24-05-2017, 08:41